Azər Qaraçənli: “Jurnalistin sosial şəbəkədən məlumat mənbəyi kimi yararlanmasına qüsurlu hal kimi baxmaq olmaz”
Sosial şəbəkələr peşəkar jurnalistikanı əvəzləyə bilməz
Vüqar Zifəroğlu: “Sosial şəbəkə kütləvi kommunikasiya vasitəsidir, media üçün mötəbər informasiya mənbəyi deyil”
Azər Qaraçənli: “Jurnalistin sosial şəbəkədən məlumat mənbəyi kimi yararlanmasına qüsurlu hal kimi baxmaq olmaz”
Azər Qaraçənli: “Jurnalistin sosial şəbəkədən məlumat mənbəyi kimi yararlanmasına qüsurlu hal kimi baxmaq olmaz”
İnformasiya texnologiyalarının sürətli inkişafı kütləvi informasiya vasitələrinə (KİV), o cümlədən elektron mediaya ciddi təsir göstərməkdədir. Təsadüfi deyil ki, internetin, xüsusilə də sosial şəbəkələrin meydana çıxması jurnalistikanın yeni dövrünün başlanması kimi xarakterizə edilir. Bu gün dünyanın aparıcı KİV təmsilçilərini narahat edən ən aktual məsələlərdən biri də sosial şəbəkələrin ciddi mediaya köklü şəkildə təsir göstərməsidir. Hazırda sosial şəbəkələr mediaya nəinki təsir göstərir, hətta operativlik baxımından onu vurub sıradan çıxarmaq səviyyəsinə qədər gəlib çatıb.
Sosial şəbəkələrdə heç bir qadağa, redaksiya nəzarəti və ya kənar müdaxilə yoxdur. Tam sərbəstlik media ilə müqayisədə sosial şəbəkəni daha cəlbedici edir və nəticədə oxucu auditoriyasının diqqətini ikincinin xeyrinə dəyişir. Məlum məsələdir ki, günümüzdə bir çox funksiyanı yerinə yetirən sosial şəbəkələrin göstərdiyi xidmətlərdən biri də informasiyanın geniş kütlələrə çatdırılmasıdır. Artıq media orqanları "Facebook” və "Twitter” kimi sosial şəbəkələrdə yayılan xəbərlərə istinad edərək informasiya yayırlar. Belə ki, bir çox tanınmış siyasətçilər, idmançılar, aktyorlar və s. xəbərlərini öncə bu virtual aləmdə paylaşırlar.
Xəbəri tez və qısa formada çatdırmaq artıq günün tələbinə çevrilib. İnsanlar uzun-uzadı məqalələri oxumurlar. Müasir dünyada vaxt ən qiymətli məfhuma çevrilib. İnsanlar müxtəlif media orqanlarının saytlarına daxil olmaq və ya televiziya qarşısında oturmaq əvəzinə, sosial şəbəkələrdə həmin KİV-lərin səhifələrini bəyənməklə xəbərə asan çıxış əldə edirlər.
Sosial şəbəkələrin özəlliklərindən biri də bu məkanda təbliğat aparmaq üçün münbit şəraitin olmasıdır. Azərbaycan kimi yeni inkişafa qədəm qoymuş ölkələr bu platformadan səmərəli istifadə edə bilərlər. Ölkəmiz bədnam qonşularımız olan ermənilərlə informasiya müharibəsində geri qalmamaq üçün sosial şəbəkələrdə aktiv fəaliyyət göstərməlidir. Bu işdə vətəndaş dövlətdən daha çox fayda verə bilər. Lakin bu sahədə özünü göstərən müəyyən problemlər sosial şəbəkələrdə yazılanlardan ciddi mənbə kimi istifadə edib-etməmək mübahisələrə səbəb olur. Maraqlıdır, əslində, necə olmalıdır? Sosial şəbəkələrdən mənbə kimi istifadə edilməsi nə dərəcədə doğrudur? Sosial şəbəkələr jurnalistikanın qolu hesab edilə bilərmi?
Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlunun qənaətincə, sosial şəbəkələrdə yazılanlar hər hansı fərdin, müəyyən məsələ ilə bağlı fərdi yanaşmasını təqdim edir: "Bu zaman həmin şəxsə mənbə kimi deyil, sadəcə, rəy bildirmiş tərəf kimi istinad etmək daha doğru olar. Sosial şəbəkələrdə əks edilmiş məlumatlar birmənalı olaraq mötəbər mənbədən alınmış informasiya hesab oluna bilməz və təbii ki, digər mənbələrlə dəqiqləşdirilməlidir. Unutmayaq ki, sosial şəbəkə kütləvi kommunikasiya vasitəsidir, media üçün mötəbər informasiya mənbəyi deyil! Bəzən az qala sosial şəbəkələri jurnalistikanın bir qolu kimi təqdim edirlər. Amma bu yanaşma kökündən yanlışdır. Dediyim kimi, sosial şəbəkə insanların kütləvi ünsiyyət qurmaq vasitəsidir və heç bir halda peşəkar jurnalistikanın bir qolu hesab edilə bilməz!”.
Sosial şəbəkənin bir çox hallarda ənənəvi mediaya vurduğu zərərlərə toxunan V.Zifəroğlu deyib ki, sosial şəbəkələrin ənənəvi jurnalistikaya ən böyük zərərli təsiri, yoxlanılmamış məlumatların məhz sosial şəbəkələr vasitəsi ilə mediaya yol tapmasıdır: "Adətən, belə informasiyalar "leqallaşdırılmır” yəni, 2 və daha artıq etibarlı mənbə ilə yoxlanılmır. Bu isə yalan məlumatların və hətta bir çox hallarda informasiya manipulyasiyalarının baş verməsinə səbəb olur”.
Jurnalist Azər Qaraçənli isə bir çox həmkarlarından fərqli olaraq jurnalistlərin internetdəki sosial şəbəkələrdən geniş istifadə etməsi, eyni zamanda ondan bir məlumat mənbəyi kimi yararlanmasını normal qəbul edir: "Burada pis heç nə yoxdur. Adamlar və təşkilatlar kimi internet qrupları da məlumat mənbəyi ola bilər və olur da. Sadəcə, jurnalist hər bir mənbəyə olduğu kimi internet qruplarına da şübhəylə yanaşmağı bacarmalı, sosial şəbəkələrdə yayılan məlumatları dəqiqləşdirməyi, lazım gələrsə, ixtisar etməyi və ya məlumat mənbəyi ilə birbaşa əlaqəyə girib informasiyanı genişləndirməyi, ehtiyac yarandıqda xəbəri balanslaşdırmağı bacarmalıdır. Yəni jurnalistin sosial şəbəkədən məlumat mənbəyi kimi yararlanmasına qüsurlu hal kimi baxmaq olmaz, qüsur yalnız mənbədən peşəkarcasına yararlanmadıqda, üzə çıxa bilər”.
Jurnalistlərin sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadə etmələrinin "Azərbaycan mediası sosial şəbəkəyə möhtac qalıb” kimi dəyərləndirilməsinin əleyhinə olduğunu deyən həmkarımız hesab edir ki, "möhtac qalmaq” ifadəsində mənfi, ironik çalar var: "Mən sosial şəbəkənin jurnalistlərin fəaliyyətindəki yerini bu cür ifadəylə qiymətləndirməzdim. Diktofon, telefon, faks aparatı, elektron poçt da jurnalistin işində mühüm yer tutur, buna möhtaclıq kimi baxmaq doğru deyil. Bunların hamısı vasitədir, sosial şəbəkə də. Vasitələrin təkmilləşməsinə, genişlənməsinə, jurnalistin işini asanlaşdırmasına hamımız sevinməliyik. Tənqid obyekti yalnız həmin vasitədən istifadə forması ola bilər. Tutalım, elə müsahibə var ki, üzbəüz aparılmalıdır, telefonla götürüləndə keyfiyyətini itirəcək. Elə xəbər var ki, onu kimdənsə alanda diktofona yazmağa, yazmısansa da, səsi dinləyib deyilənləri bir-bir mətnə çevirməyə ehtiyac yoxdur, eləcə mahiyyətini yadda saxlayıb və ya bloknota qeyd edib öz sözlərinlə yazmaq daha yaxşıdır. Sosial şəbəkə də belədir və əlbəttə, elə xəbər var ki, oradan götürülməməlidir. Yaxud xəbər var ki, sosial şəbəkədən götürülübsə də, elə işlənməli, cilalanmalıdır ki, orada şəbəkənin bir istinad mənbəyi kimi quruca adı qalsın, şəbəkənin özündən (məlumatın oradakı yazılış tərzindən, dilindən, tonundan...) isə əsər-əlamət qalmasın. Şübhəsiz, elə xəbər də var ki, mediada o, sosial şəbəkədə olduğu kimi verilsə yaxşıdır. Jurnalist bu məqamların hamısını müəyyənləşdirməyi bacarmalıdır. Peşəkar jurnalist fəaliyyəti də elə bundan ötrüdür. Ona qalsa, Yer kürəsi məlumat mənbəyi ilə doludur, sosial şəbəkəyə qədər də dolu olub, jurnalistikaya nə ehtiyac vardı ki?.. Amma bu qədər mənbə ola-ola onları dəqiqləşdirən, balanslaşdıran, obyektiv, qərəzsiz işıqlandıran bir peşəyə ehtiyac yaranıb və sosial şəbəkənin yaranması da bu ehtiyacı azaltmır, əksinə, daha da artırır”.
Sosial şəbəkələr bir çoxlarının əsl mahiyyətini üzə çıxardır
Bir çox hallarda sosial şəbəkələrdə ciddi xəbərlər paylaşıldığını vurğulayan "Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı deyib ki, bəzi adamlar əldə etdikləri hansısa ciddi məlumatları öz səhifələrində bilmədən yayırlar, sonra da hay-küy düşəndə silirlər: "Bu zaman da artıq gec olur, çünki jurnalistlər işin gedişini bilirlər. Həm xəbəri kopya edirlər, həm də foto videonu. Məlumatı yükləyən, paylaşan adam silsə belə, ortada danılmaz fakt qalır. Sosial şəbəkələrdə əhəmiyyətsiz paylaşımlar həddindən artıq çox olur. Bunları isə ciddiyə alıb, xəbərə çevirmək düzgün deyil. Məsələn, hansısa müğənni yemək yeyərkən şəkil paylaşır. Durub bunu xəbər eləmək təbii ki, jurnalistikanın qayda-qanunlarına uyğun deyil. İstənilən halda xəbərin ictimai yükü olmalıdır. Artıq bizdə vəziyyət o həddə doğru gedir ki, bir azdan müğənnilərin tualetdə oturduğu yerdə şəklini götürüb, xəbər eləyəcəklər. Belə olan halda isə gərək biz jurnalistikadan baş götürüb qaçaq”.
E.Muradlı da sosial şəbəkələrin jurnalistikanın bir qolu kimi təqdim edilməsinin doğru yanaşma olmadığı qənaətindədir: "Ola bilər ki, sosial şəbəkələr informasiya yayılmasında bir vasitə olsun. Amma sosial şəbəkələr jurnalistikanın bir qolu ola bilməz. Sözün açığı, sosial şəbəkələrdəki səviyyə məni qane eləmir. Bəzən normal jurnalist kimi tanıdığımız adamın sosial şəbəkələrdə paylaşdığı hansısa statusa baxanda gülməyim gəlir. Məlum olur ki, bu adam hələ də jurnalist olmayıb. Onun qəzetdə və ya saytda oxuduğumuz yazıları redaktorların qan ağlamasından sonra meydana gəlib, normal hala düşürmüş. Bu baxımdan demək olar ki, sosial şəbəkələr bir çoxlarının əsl mahiyyətini üzə çıxardır. İnformasiyanın doğru-düzgün çatdırılması məsələsində isə sosial şəbəkələrə inanmaq olmaz. Biz ötən il cəbhə xəttində baş verən döyüşlər zamanı şahidi olduq ki, sosial şəbəkələr insanları necə panikaya saldı, ajiotaj yaratdı. Hətta həmin mərhələdə bəzi məsuliyyətsiz gənclər Qarabağın işğaldan azad olunduğu xəbərini də paylaşırdılar. Bəlkə də, onların arasında hansısa xüsusi xidmət orqanlarının əməkdaşları, müxtəlif ölkələrin maraqlarını güdənlər də var idi. Fakt odur ki, cəmiyyətimiz sosial şəbəkələrə inandı və əməlli-başlı çaşqınlıq keçirdi. Ölkəmizlə bağlı maraqları olan qüvvələrin isə əsas məqsədi məhz budur. Həmin dövrdə məni ən çox sarsıdan bizim bəzi yaramaz gənclərimizin cəbhə xəttində gedən döyüşlərdən "qız tutmaq” üçün istifadə etməsi oldu. Bəziləri cəbhə xəbərlərinin altında yalandan cəbhə xəttində əsgər olduqlarına dair "komment” yazırdılar ki, diqqət cəlb eləsinlər. Məqsəd isə odur ki, "qızlar yazsın, söhbət edək!”. Mənim üçün doğrudan üzücü haldır ki, əsgərlərimiz cəbhədə ölüm-qalım savaşı verdiyi bir vaxtda ailə tərbiyəsi görməyən bəzi gənclərimiz də bu vəziyyətdən özləri üçün istifadə edirdilər”.
Davamı var...
Şəymən