Soyuqlar gəldi, amma hələ gözləməliyik...
İstilik sistemi noyabrın 15-dən sonra işə düşəcək
Havanın temperaturu aşağı düşdükcə mənzillərimiz də soyuyur. Qazın təzyiqi azalıb, istilik sistemi də işə düşməyib, ondandı. Əlaqədar qurumlar istilik sisteminin noyabrın 15-i - qış mövsümünün başlanması ilə işə salınacağını bildirirlər. Bəs həmin vaxta qədər sakinlər soyuqdan donmalıdır?.. Məlum məsələdir ki, paytaxtda havanın temperaturunu aşağı salan şimal və şimal-qərb küləkləridir. Bakıda ki, küləklər əsməyə başladı, ardınca da yağış başladı, adamlar soyuqdan titrəşir. Bu cür havalarda isti evin, ocağın yerini heç nə verə bilməz. Amma qaz verilmir!..
Bir halda ki, qazlaşdırmada kart sisteminə keçilib, istilik sistemi ilə təchiz edilmiş binaların sakinləri də sərf etdikləri istiliyin dəyərini ödəyirlər, niyə noyabrın 15-ni gözləməlidirlər? Paradoksdur. Abonent qaz sayğacına kart "yükləyir”, amma istədiyi istiliyi ala bilmir.
Xatırladaq ki, ötən dəfə problemlə bağlı müraciət etdiyimiz "Azəriqaz” QSC-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev "Şərq”ə açıqlamasında qeyd etmişdi ki, qazın təzyiqi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. İstehlakçılara verilən təbii qazın təzyiqi daim normadadır:
- Burada qazın həcmindən söhbət gedir. Bu da gündəlik tənzimlənir. Havalar soyuyursa, tələbat da artır, biz də verilən qazın həcmini tələbata uyğun artırırıq. Kütləvi surətdə qaz qıtlığı yaşanması mümkün deyil. Bu, ancaq lokal xarakterli ola bilər. Hansı ərazidə, hansı qəsəbədə qaz zəifdirsə, bizə bildirsinlər, araşdıraq, səbəbini öyrənək. Hətta abonentlərdən daxil olan şikayətlərin araşdırılması nəticəsində müəyyənləşib ki, hansısa abonentin mənzilindəki qaz kəmərində problem var. Yəni, təbii qazın mənzilə bəzən normada gəlib çatmaması sırf yerli səbəblərlə bağlı olur.
Dünən məsələ ilə bağlı "Azəristiliktəchizat” ASC ilə əlaqə yaratdıq. ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev "Şərq”ə bildirdi ki, qış mövsümü noyabrın 15-i başlayır:
- Hazırda heç bir binada istilik sistemi qoşulmayıb. Qış mövsümü noyabrın 15-i başlayır. Qış mövsümü paytaxt üçün 5 ay, dağlıq rayonlar üçünsə 6 ay müddətindədir. Əgər meteoroloji şərait kəskin soyuyarsa, temperatur 3 gün ard-arda 8 dərəcədən aşağı düşərsə, o zaman xüsusi sərəncamla istilik sistemlərinin işə salınması qərarı verilir. Bu sərəncamı da Bakı şəhər İcra Hakimiyyəti verməlidir. Amma belə bir sərəncamın verilməsi üçün də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozu olmalıdır ki, havalar noyabrın 15-nə kimi soyuq keçəcək. Bizdə isə havaların soyuması bir neçə gün davam edir, sonra isə təkrar istiləşir. Oktyabr ayı Azərbaycanda kəskin soyuq hava ilə səciyyələnmir. Bir-iki gün temperatur aşağı düşür, sonra yenə yüksəlir.
R.Əliyev yaşayış binalarına fərdi qaydada istiliyin verilməsinin mümkün olmadığını da dedi:
- Qış mövsümünə keçid etmək təkcə "Azəristiliktəchizat”dan asılı deyil. Bunun üçün gərək "Azəriqaz” da, "Azərenerji” də qış mövsümünə keçsin.
"Azəristiliktəchizat” ASC-nin Yasamal rayon şöbəsindən isə "Şərq”ə bircə kəlmə bunu dedilər:
- Sərəncam versinlər, istilik sistemini işə salaq.
"Azəriqaz”ın sabiq idarə rəisi Nüsrət Qasımov isə "Şərq”ə açıqlamasında qaz və istilik təchizatına məsul qurumları yalan danışmaqda suçladı:
- Qış mövsümü, yay mövsümü söhbəti sovet vaxtında qaldı. İndi hansı dövrdür ki, mövsüm söhbəti aparırlar. Şükür Allaha, təbii qazımız bol, enerjimiz bol. Qış-yaz mövsümü söhbəti çoxdan bitib. O sovet vaxtı idi, noyabrın 15-dən etibarən qış mövsümünə keçid edilirdi və qazın təzyiqi artırılırdı. Ta ki, aprel ayınadək. O qanun artıq mahiyyətini itirib. Çünki sayğac sisteminə keçilib. Abonent nə qədər qaz sərf edirsə, onun da pulunu ödəyir. Sayğac sisteminə keçilibsə, təbii qaz yay-qış, fərqi yoxdur, eyni təzyiqlə verilməlidir. Təbii ki, yayda az istifadə olunacaq, havalar soyuyanda isə çox. Təbii qazın təzyiqi il ərzində 130 mm. su tutumuna bərabər olmalıdır.
Bu, normadır. Havanın temperaturunun 8 dərəcədən aşağı düşməsi şərti isə istilik qazanxanalarına aiddir. Qazanxanalar bu temperaturda işə salınır. Bəzi binalar qazanxana tipli istiliklə təchiz olunur. Amma xarici temperaturun kütləvi istehlakçıya heç bir aidiyyəti yoxdur. Fərdi evlər, qaz sayğacı quraşdırılmış binalara qaz həmişəki normal təzyiqi ilə verilməlidir. Temperatur aşağı düşdükcə qaz sərfiyyatı artır. İstehsalçı maraqlı olmalıdır ki, qazı normasında versin, pulunu alsın. Paytaxt üzrə qış aylarında 15-16 kub.metr qaz işlənməlidir.
Bir halda ki, təbii ehtiyatlarımız boldur, bəs niyə mənzillərdə qaz qıtlığı yaşanır?
N.Qasımov bunun qaz kəmərlərinin köhnəliyi ilə əlaqəli ola biləcəyini dedi:
- Ola bilsin ki, qazı təzyiqlə verməyə ehtiyat edirlər. Çünki Bakıdakı qaz kəmərləri təsəvvür edin ki, 29-30-cu illərdə çəkilmiş xətlərdir. Bu xətlər istifadə müddətini çoxdan başa vurub. Qorxurlar ki, qazı təzyiqlə verərlər, kəmərlərdə sızmalar olar, bədbəxt hadisələr baş verər.
Deyilənlərə baxmayaraq qazpaylayıcı və istilik ötürücü qurumlar "qış mövsümü”nü, ya da temperaturun 8 dərəcədən aşağı düşməsini gözləyir. Əgər həqiqətən də qayda budursa və 3 gün arda-arda havanın temperaturunun 8 dərəcədən aşağı olması şərtdirsə, vay bizim halımıza. Çarə nədir?! Yorğana bürünüb noyabrın 15-ni gözləməliyik. Bəlkə onda canımız qızdı...
Məlahət Rzayeva