Status-kvo dayanıqlı deyil

Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində siyasi yolla həll olunmalıdır“Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”
Dünən Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçirilib. İclasda çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir çox məsələlərdən danışıb. Nazir deyib ki, 2017-ci il Azərbaycan və Aİ arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımından məhsuldar və perspektivli olduğunu sübut edib. Azərbaycan prezidentinin 2017-ci ilin fevral ayında Brüsselə səfərini xatırladan Məmmədyarov səfərin mühüm rol oynadığını qeyd edib: "Yeni ikitərəfli sənəd üzərində danışıqlar prosesinin başlanması və hər iki tərəfdən yüksək səviyyəli bəyanatlar qarşılıqlı maraqların olduğunu göstərdi. Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti regionda çətin vəziyyətin nəzərə alınması, Şərq Tərəfdaşlığının gətirə biləcəyi faydalar və potensial əlavə dəyərlərə əsaslanmalı olduğunu sübuta yetirdi. Üç illik fasilədən sonra Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin dialoq mexanizmlərini yenidən işə saldıq, müvafiq alt-komitə və Parlament əməkdaşlıq komitəsinin iclasları keçirildi. İki tərəf Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlığı prioritetləri (2018-2020) üzrə məsləhətləşmə prosesi ilə məşğul oldu və biz bu mühüm sənəd üzərində işin yekunlaşmasını dəstəkləyirik. Biz Avropa Qonşuluq Siyasətinə (ENP) fərqlilik, çeviklik və daha çox sahiblik prinsiplərini inteqrasiya etmək və 2015-2017-ci illər üçün yenidən işlənmiş ENP Avropa İttifaqı-Azərbaycan Tərəqqi Hesabatının hazırlanması prosesində Aİ-nin əməkdaşlığını yüksək qiymətləndiririk. Ümidvaram ki, ikitərəfli münasibətlər və gələcək perspektivlər üzrə açıq fikir mübadiləsi əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını və vasitələrini müəyyən etməyə imkan verəcək. (APA)
"Ermənistan ordusunun ərazilərimizdə mövcudluğu münaqişənin həll edilməməsinin əsas səbəbidir”
"Artıq 30 ilə yaxındır ki, "Şərq tərəfdaşlığı” ölkəsi olan Ermənistan digər "Şərq tərəfdaşlığı” ölkəsinin suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini hərbi işğal altında saxlayır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişənin həll edilməməsində əsas səbəbdir və regional sülh və təhlükəsizliyə ciddi təhdiddir” - deyən nazir vurğulayıb ki, status-kvonun dəyişdirilməsi və münaqişənin danışıqlar yolu ilə tezliklə həllində ən maraqlı tərəf olaraq Azərbaycan beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə əlaqədar mövqeyini dəstəkləyir: "Beynəlxalq ictimaiyyətin mövqeyi beynəlxalq təşkilatların çoxsaylı qərarları və müvafiq sənədləri, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunub. BMT TŞ-nin qətnamələrində tələb olunduğu kimi, təxirə salınmadan Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır”. E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçilərinin Avropa İttifaqı ölkələrinə səfərləri narahatlıq doğuran məqamdır: "Bu qəbildən olan səfərlər Avropa İttifaqı ilə Ermənistan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin və Şengen viza rejiminin pozulması ilə müşayiət olunur. Bununla bərabər, Avropa İttifaqının üzv dövlətlərində olan hüquqi və fiziki şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətləri ciddi narahatlıq doğuran başqa bir məsələdir”.
"Avropa İttifaqı Azərbaycanın ən böyük investorudur”
Məmmədyarov söyləyib ki, bu gün Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır: "Belə ki, Azərbaycanın ticarət dövriyyəsinin 46 faizi Avropa İttifaqının payına düşür. Avropa İttifaqı Azərbaycanın ən böyük investorudur və son 10 ildə üzv ölkələr tərəfindən iqtisadiyyatımızın həm neft, həm də qeyri-neft sektoruna 20 milyard dollardan artıq sərmayə qoyulub”. Nazir bildirib ki, enerji əməkdaşlığı ikitərəfli gündəlikdə mühüm yer tutur: "Biz enerji mənbələri və marşrutlarını diversifikasiya etmək və birbaşa enerji-nəqliyyat əlaqələri qurmaq kimi Avropa İttifaqı ilə Azərbaycan arasında birgə məqsədlərə cavab verən Cənub Qaz Dəhlizinin təşviqi və həyata keçirilməsi yolu ilə enerji sahəsində strateji tərəfdaşlığımızı davam etdiririk. Mobillik və insanlar arasında əlaqələrin təşviqi Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin əsas hissəsini təşkil edir. Biz hesab edirik ki, readmissiya və viza rejiminin sadələşdirilməsi üzrə sazişlərin uğurla həyata keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında viza liberallaşdırılmasına dair dialoqa başlamaq üçün yol açmalıdır”.
"Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır”
İclasdan sonra Aİ xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə mətbuat konfransı keçirib.
Mogerini konfransda deyib ki, Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır. O bildirib ki, danışıqların Vyana, Sankt-Peterburq və Cenevrədə yenilənməsi çox vacib irəliləyişdir: "Biz tərəflərin təmas xəttində gərginliyi azaltmaq və danışıqları sürətləndirmək istiqamətindəki razılaşmaları yerinə yetirməsini istəyirik. Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə beynəlxalq qanuna uyğun olaraq siyasi yolla həll olunmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir. O cümlədən bu dəstəyi region üzrə xüsusi nümayəndə və etimad tədbirləri vasitəsi ilə həyata keçirir”.
Cənub Qaz Dəhlizinin həm Azərbaycanın, həm də Aİ-nin maraqlarına xidmət etdiyini söyləyən Aİ rəsmisi qeyd edib ki, Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı 46,5 faizdir: "Həmçinin Avropa İttifaqının Azərbaycanda ən böyük birbaşa xarici investordur. Azərbaycan hazırda öz iqtisadiyyatını diversifikasiya etmək istəyir. Həmçinin biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını sürətləndirməsini istəyirik. Cənub Qaz Dəhlizi bizim enerji sahəsində strateji əməkdaşlığımıza nümunələrdən biridir. Bu layihə həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına xidmət edir. Ötən il Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı, Avropa İttifaqı ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya nəqliyyatını birləşdirmək istiqamətində addımdır”.
Azərbaycan Aİ üçün vacib tərəfdaşdır
Mogerini deyib ki, Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir: "Azərbaycan Aİ üçün vacib tərəfdaşdır. Biz bu gün əlaqələrimizin ümumi vəziyyətini və əməkdaşlığımızın ikitərəfli aspektlərini müzakirə etdik. Ümid edirəm ki, Azərbaycanla yeni saziş üzrə danışıqlar tezliklə bitəcək. Ötən il Azərbaycan prezidentinin Brüsselə səfəri bu istiqamətdə vacib məqam idi. Bu razılaşma əməkdaşlığımızı daha da uğurlu edəcək.
"İnanıram ki, bu il TANAP-ın açılışı baş tutacaq”
Mətbuat konfransında Xarici işlər naziri E.Məmmədyarov isə deyib ki, Azərbaycan və Aİ arasında aviasiya sahəsi üzrə imzalanacaq saziş Azərbaycanda turizmin inkişafına daha da təkan verəcək: "Sazişlə bağlı danışıqlar hazırda davam etdirilir”. Nazir Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində də dialoqlara ehtiyac olduğunu bildirib: "İnanıram ki, həm enerji, həm də nəqliyyat sahəsində əlaqələr gələcək inkişaf üçün vacibdir”. E.Məmmədyarov fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Layihəsinin Məşvərət Şurasının dördüncü iclasının keçiriləcəyini xatırladıb: "İnanıram ki, bu il TANAP-ın açılışı baş tutacaq. Azərbaycan və Avropa İttifaqı regional, təhlükəsizlik məsələləri ilə bağlı davamlı fikir mübadiləsi aparır. Düşünürəm ki, bu fikir mübadiləsi gələcəkdə təkcə Azərbaycan üçün deyil, həm də Avropa üçün faydalı olacaq”.
"Hər şey qətnamələrdə yazılıb”
"Azərbaycan və Avropa İttifaqı ( Aİ) arasında yeni saziş üzrə intensiv danışıqlar aparılır” - deyən nazir bildirib ki, yeni saziş Azərbaycan və Aİ arasındakı əlaqələrdə yeni mərhələ açır: "İşlər davam etdirilir, asan deyil. Məlumdur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Hazırda bu məsələnin həlli ilə bağlı yol axtarırıq”.
Bir daha Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir həmsədrlərlə bu günlərdə keçirilən görüşü xatırladıb: "Bir daha deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT qətnamələri əsasında həll edilməlidir. Hər şey qətnamələrdə yazılıb”.
Anar