Su filtirləri satan şirkətlər əhalidə çaşqınlıq yaradırlar - “Azərsu” niyə susur ?

"Azərbaycan bazarında 1 litri 40 qəpiyə və 8 AZN-ə sular satılır. Bu, bizi ciddi düşünməyə vadar edir. Su ətrafında böyük pul qazanmalar, insanların aldadılması hallarına rast gəlinir”.
Bu sözləri "Sherg.az”a Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov su filtirlərinin satışı ilə məşğul olan şirkət nümayəndələrinin evlərə gələrək əhaliyə verilən içməli suyun tərkibində çoxsaylı zərərli maddələrin olduğunu söyləməsi faktına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda su orta səviyyədə təmizlənir:
"Lakin bununla belə əhali bəzən şikayət edir ki, krandan palçıqlı su gəlir, qum gəlir və s. Bu su infrastrukturunun köhnəlməsi ilə bağlıdır.
İnfrastruktur həddindən artıq köhnəlib. Harada təmir işləri gedir, orda su bulanır. Azərbaycanda texniki su yoxdur. Bəzən yeraltı sular içməli sulara da qarışır. Belə vəziyyətindən istifadə edən su filtirləri satan insanlar var.
Onlar primitiv təcrübələrdən istifadə edirlər və krandan gələn suyun təhlükəli olması barədə fikir yaradırlar. Filtir satanlar bəzən internet üzərindən satış edir, bəzənsə gecə saatlarında evlərə gələrək insanların yarıyuxulu olmasından istifadə edirlər”.
E.Hüseynov onu da qeyd edib ki, suyun analizini aparmaq üçün 300-ə qədər parametrləri araşdırılmalıdır. Əhali panikaya uymamalıdır. "Azərsu” ASC suyu orta səviyyədə təmizləməyi bacarır. Bu filtirlər etibarsızdır”.
Qeyd edək ki, məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlamaq üçün dəfələrlə cəhd göstərsək də, istəyimizə nail ola bilmədik. 
Sevda Ulutau