Sülh planı ABŞ-ı əndişəyə salıb

Qərb Dağlıq Qarabağ məsələsini Rusiyanın inhisarına vermək fikrində deyil



Xəbər verdiyimiz kimi, ötən günlərdə Amerika Dövlət Departamentinin sözçüsü ölkəmizin əleyhinə kəskin bəyanatlar səsləndirib. ABŞ rəsmisi Azərbaycanı insan haqlarının tapdanması, məhkəmə sistemindəki ədalətsizlik və ifadə azadlığının boğulmasında ittiham edib. Sözsüz ki, Departamentin əsassız mühakimələri cavabsız qalmayıb. Rəsmi Bakıdan buna sərt reaksiya verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib ki, Amerikanın davamlı olaraq Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir. Onun sözlərinə görə, ölkəmizdə qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub: "ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. İnsan hüquqlarının xarici siyasət aləti edilərək, siyasi təzyiq göstərmək məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan özünü nüfuzdan salıb. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımından yanaşmaq yolverilməzdir”.

Departament sözçüsünün açıqlamasını dəyərləndirən millət vəkili Elman Məmmədov söyləyib ki, Amerika Azərbaycanın haqlı mövqeyinə, torpaqlarımızın işğal olunması faktına və Xocalıda insanlıq əleyhinə cinayətə göz yumursa, ölkəmizin daxili işlərinə qarışmağa haqqı çatmır: "Ukrayna hadisələrinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb erməni vəhşiliyini ört-basdır edir. Qərb dünyada azadlıqların yayılması və insan haqlarının qorunmasında deyil, öz şəxsi maraqlarını həyata keçirməkdə israrlıdır. Harada ki, Qərbin maraqları qorunur, orada Qərb insan haqlarının pozulmasına da, işğalçılıq faktlarına da göz yumur. Harada ki, Qərbin maraqları qorunmur, orada biz "demokratiya fədailəri”nin susqun mövqeyinə şahidlik edirik. Azərbaycanın müstəqil siyasət yürütməsi, regionun lider dövlətinə çevrilməsi dünya güclərinin maraqlarına cavab vermir. Onlar hər vəchlə ölkəmizi gözdən salmağa çalışırlar. Torpaqları işğal olunan, vətəndaşları məcburi köçkün həyatı yaşamağa təhrik edilən Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir. Ən qısa zamanda öz torpaqlarını işğaldan azad edə bilər. Hazırda Ermənistan BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini qulaqardına vurursa, bizim də hüququmuz var ki, öz halal haqqımızı tələb edək”.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc qeyd edib ki, Qərbin ardıcıl olaraq demokratiya tələbi Azərbaycanı Rusiyadan qoparmağa hesablanıb: "Azərbaycan bütün iqtisadi siyasətini Qərblə işlədiyi halda özünün milli problemləri ilə bağlı dəstək görmədi. Əksinə, bu milli problemlər Qərbin maraqları üçün alətə çevrildi. Ona görə də münasibətlərdə çat yarandı. Qərb institutları açıq şəkildə bəyan edirlər ki, Azərbaycan Avropa Birliyinin Şərq tərəfdaşlığı Proqramı çərçivəsində daha da irəli gedib Gürcüstan, Moldova, Ukraynanın yeni hakimiyyəti kimi Qərbin birmənalı yanında olmasa, daxili sosial toqquşmalarla üzləşə bilər. Bax, məsələnin mahiyyəti budur”.

Deputat diqqətə çatdırıb ki, Rusiyanın əleyhinə olmağın ağır nəticələri ola bilər: "Bizi nəyin bahasına olur-olsun Rusiya hərb maşınının tırtılları altında əzilməyə vadar eləmək olmaz”.

Z.Orucun qənaətincə, Ukrayna üzərindən qərblə savaş aparan rəsmi Moskva Qafqazlardakı prosesləri nəzarət altına ala bilər: "Şübhəsiz ki, bu, digər dairələrin maraqlarına toxunur. ABŞ dövlət katibi Con Kerri NATO-nun Uels sammitində böyük israrla Ermənistan-Azərbaycan prezidentlərinin görüşünün təşkil edilməsinə çağırış etdi. Təbii ki, o, buna da nail oldu və məlum bəyanatla çıxış etdi. Bu yaxınlarda isə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Ermənistan-Azərbaycan prezidentlərinin görüşü reallaşacaq. Bununla da məsələnin tam mahiyyəti ortaya çıxır. Qərb Dağlıq Qarabağ məsələsini Rusiyanın inhisarına vermək fikrində deyil”.

Z.Oruc hesab edir ki, indiki halda ədalətli sülh planı olsa və bu, xüsusilə rəsmi Kremlin təşəbbüsü ilə meydana çıxsa, həmin addım müxtəlif dairələr tərəfindən linc (sıradan çıxarılacaq) ediləcək: "Bu addıma hər cür təxribatlarla maneələr törədiləcək. Niyə? Çünki bu, avtomatik bir dövlətin probleminin həllində öncüllüyünü bərqərar edir. Həmin ölkənin xeyrinə işləyir. Başqa dövlətləri prosesdən (regional geopolitikadan, iqtisadi və siyasi məsələlərdən) kənarda qoyur. Buna razı olmaq mümkün deyil. Ötən on illər ərzində Avropa bölgə ilə yaxın təmaslarını həm də münaqişələrdə iştirakı hesabına formalaşdırıb”.

Ayyət Əhməd