Suriya böhranı...

İndi orda ABŞ-İsrail cütlüyü ilə Rusiya-İran ikilisi toqquşur




"Son günlərdə Suriyada ABŞ-İsrail ikilisi, Rusiya-İran cütlüyünün mövqelərinə hücum edirlər”. Bunu "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib. Suriyada gərginləşən prosesləri şərh edən politoloq bildirib ki, Bəşər Əsəd tərəfindən vuruşan "Vaqner” adlı xüsusi təyinatlı rus muzdlularının 3 rotası Amerika bombardmanına məruz qalaraq məhv edilib:

"Qeyri-rəsmi məlumata görə, ruslar 500-dən çox itki veriblər. Yaralılar helikopterlərlə Rusiyaya çatdırılıb. Moskva üçün bu hadisə şok effekti yaradıb. Hələ də bu haqda rəsmi açıqlama verilmir, çox güman ki, heç bir açıqlama olmayacaq. Rusiyanın dövlət telekanalları da bu barədə susur. Xatırladım ki, "Vaqner” xüsusi təyinatlı muzdlu ordu Ukraynada hərbi əməliyyatlarda iştirak edib”. 


Ekspert bildirib ki, bir müddət əvvəl "F 16”-sı vurulan İsrail Suriyada İran mövqelərini bombalayıb: 

"Rus silahı amerikan silahına həmişə uduzub. Ərəb-İsrail müharibələri bunun bariz göstəricisidir. Rus ordusunun döyüş hazırlığı və ruhunun nə qədər zəif olduğunu son əfqan və çeçen müharibələri göstərdi. Bir gün içində ABŞ, Rusiyaya Suriyada hərbi dərs keçdi. Sanksiyalarla yanaşı, bu hadisənin Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində olması Ağ Evin Kremlə prezident seçkilərində sürpriz hazırladığını göstərir”.

Analitikə görə, Suriyada, ABŞ-la İsrailin, Rusiya ilə İranın toqquşması Türkiyənin xeyrinədir: 

"Türkiyə sakitcə Suriyada hərbi əməliyyatını davam etdirə bilər. Hazırda PKK tarixinin ən böyük zərbələrini almaqdadır. Rusiya Afrindən demək olar ki, çıxıb. ABŞ isə hələlik Menbiçdədir. Ola bilər ki, Rusiya məruz qaldığı zərbələrə görə intiqam almağa çalışsın və Suriya bataqlığına girsin. Bəlkə də amerikalılar elə ruslardan bunu istəyir. Bunun baş verəcəyi təqdirdə Rusiya Suriyada ikinci Əfqanıstan məğlubiyyəti yaşaya bilər. Putini çox çətin dönəm gözləyir. Sanksiyalar bir tərəfdən, Suriya bataqlığı digər tərəfdən. Hər iki problemi də həll etmək lazım gələcək. Əks təqdirdə hər iki problem Putinin özünü və hətta Rusiyanın mövcudluğunu həll edə bilər”.

İsmayıl