Sürücüləri avtomobilinə benzin vurdurarkən aldadırlar

Bununla bağlı Azad İstehlakçılar Birliyinə xeyli şikayətlər edilib




Yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması artıq ənənə halını alıb. Sürücülərin bildirdiklərinə görə, avtomobilə vurulan yanacaq ödədikləri məbləğə uyğun olmur. Məsələn, normal halda 10 litr benzinə avtomobil 100 kilometr qət etməli olduğu halda, 60-80 kilometr arası məsafəni getmək mümkündür.

Yanacaq doldurduqdan sonra avtomobilin benzin sayğacına baxdıqda bu daha aydın görünür. Bununla bağlı aidiyyəti qurumların həyata keçirdikləri tədbirlər heç bir fayda vermir. Hələ də sürücülər avtomobillərinə benzin vurdurarkən aldadılır. Hətta yanacaqdoldurma məntəqəsində çalışanlar belə, sürücüləri aldatdıqlarını etiraf edirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bir çox aldadılan sürücülərin onlara müraciət etdiyini bildirir: "Bizə yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyətinin aşağı olması və az vurulması ilə bağlı xeyli sayda şikayətlər edilir”.

E.Hüseynov sürücülərə aldanmaması üçün benzinin həcmini yoxlayan menzurkalardan istifadə etməyi tövsiyə edir: "Menzurka içərisində xətlərlə miqdarı göstərən qabdır. Sürücülər yanacaqdoldurma məntəqələrində əlavə ödəniş edib menzurkalar vasitəsilə benzinin miqdarını yoxlaya bilərlər. Bakıda isə belə bir yoxlama sisteminə Təbriz küçəsi 3-də yerləşən "Royal Petrol”da rast gəlmişəm”.

Qeyd edək ki, qanunvericiliyə görə, aidiyyəti dövlət qurumları tərəfindən belə hallara rast gəlindiyində ilkin olaraq yanacaqdoldurma məntəqəsinin rəhbərliyinə xəbərdarlıq edilir. Təkrar rast gəlindiyi təqdirdə isə vəzifəli şəxslər 1500 manatdan 2 min manatadək, hüquqi şəxslər isə 3 min manatdan 5 min manatadək cərimə olunurlar.

Vüqar Şahinoğlu