Tarix İnstitutundan açıqlama...

“Məlumat institutun ünvanına böhtandır”



AMEA-nın Tarix İnstitutu onun saytına istinadla "aznews.az” saytı tərəfindən Ağdam və Ağdərə rayonlarının işğalı ilə bağlı verilən məlumatı qəbul etmədiyini açıqlayıb.

Akademiyanın Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov saytın müvafiq bölmələri üzərində iş getdiyini və bu barədə həmin səhifədə qeyd olunduğunu bildirib. Y.Mahmudov bəyan edib ki, üzərində iş gedən dəqiqləşdirilmiş məlumat 20 sentyabr 2014-cü ildə saytın texniki xidmətçilərinə göndərilsə də, onun əvəzində texniki işçilər yanlış baneri institutla razılaşdırmadan saytda yerləşdiriblər: "Yeri gəlmişkən, Tarix İnstitutunu "biabırçılıqda” ittiham edən "aznews.az” saytının özü də Ağdərə rayonunun işğalı ilə bağlı oxuculara yanlış məlumat verib. Tarix İnstitutu rəsmi olaraq bildirir ki, Ağdərə rayonunun işğalı "aznews.az” saytının göstərdiyinin əksinə olaraq 7 iyul 1993-cü il tarixdə deyil, 15 fevral-10 mart 1993-cü il tarixlərində baş verib. "Aznews.az” saytında Tarix İnstitutu barəsində verilən məlumat institutun ünvanına böhtandır. İctimaiyyətin nəzərinə çatdırırıq ki, bölmə üzərində iş getdiyinə görə, Tarix İnstitutu göstərilən məlumatı rəsmi olaraq sayta qoymayıb. "Aznews.az” saytının institutun ölkəmizin tarixi ilə bağlı xalqımıza yaxşı məlum olan işlərini görməməsi və ona qara yaxması şərəfli addım deyil. İnformasiya agentliklərinə onu da bildirməyi vacib sayıram ki, "aznews.az” saytı hər il doğum günüm ərəfəsində məni bu cür "təbrik etməyi” adət edib”.