Təkcə Sarıqamışda deyil...

Azərbaycan türkləri Osmanlı türklərinə yetərincə yardım göstəriblər
Kərəm Məmmədov: “Qoca nənələr qulaqlarından sırğalarını, barmaqlarından üzüklərini çıxarıb Osmanlı əsgərlərinə yardım kimi göndəriblər”





Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 103 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib. Hulusi Akar xatırladıb ki, rus-türk savaşları zamanı Azərbaycan xalqı qardaş türklərə çox böyük yardımlar ediblər:

"Sarıqamış hərəkatından sonra keçmiş Nargin adasında (indiki Böyük Zirə adasında) məcburi saxlanılan türk əsgərlərə göstərilən qardaş münasibəti və yardımı unutmadıq. Bu, hələ o zaman bizim bir millət, iki dövlət olduğumuzu təsdiq edən amillərdən biri idi”. Məlumat üçün bildirək ki, gələn il yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 104 illiyi geniş qeyd olunacaq.


Generalın açıqlamasını "Şərq”ə şərh edən tarixçi-alim Kərəm Məmmədov bildirib ki, Sarıqamış döyüşündən öncə, hələ Balkan savaşları zamanı Azərbaycan türkləri Rusiyanın asılılığında olmalarına baxmayaraq, Osmanlı türklərinə yetərincə kömək ediblər: 

"Qoca nənələr qulaqlarından sırğalarını, barmaqlarından üzüklərini çıxarıb Osmanlı əsgərlərinə yardım kimi göndəriblər. Bilirsiz ki, Birinci Dünya müharibəsindəki iki əsas cəbhədən biri Rusiya-Osmanlı cəbhəsi idi. Həmin dövrdə Azərbaycan türkləri Osmanlıya böyük yardım göstəriblər, hətta döyüşlərdə iştirak ediblər. Sarıqamış əməliyyatında nə qədər azərbaycanlı şəhid olub. Şəhidlər içərisində mənim atamın əmisi oğlu Qaçaq Səməd də var idi”.

Tarixçi bildirib ki, təkcə Sarıqamışda deyil, ondan sonra baş verən döyüşlərdə də əsir götürülən Osmanlı əsgərləri Nargin arasına gətirilib: 

"Adanın iqlimi çox pis olub, su çatışmazlığı olub. Deyilənə görə, adada 10 minə yaxın əsir saxlanılıb ki, bu da kifayət qədər böyük rəqəmdir. Dövrün mənbələri göstərir ki, hər cür vəchlə azərbaycanlılar Osmanlı əsgərlərinə kömək ediblər. Hətta Azərbaycanda sovet hökuməti qurulandan, yəni Nəriman Nərimanovun dövründən sonra da yardımlar davam etdirilib. Birbaşa Nəriman Nərimanovun göstərişi əsasında minlərlə Osmanlı əsiri azad edilərək Türkiyəyə göndərilib”.

İsmayıl