Tələbələrə natiqlik öyrədiləcək

“Orta məktəbdə keçilməyən ritorika elminin birdən-birə ali təhsil ocaqlarında tədris olunması düzgün deyil”



Ali məktəblər üçün "Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı dərs vəsaiti çapdan çıxıb. Kitabın müəllifi Bakı Dövlət Universitetinin dosenti Fikrət Şiriyevdir. 9 fəsildən ibarət dərs vəsaitində ümumritorik qanunlar, nitqin texnikası, şifahi ünsiyyət ustalığı, mübahisə qaydaları, mədəni və işgüzar nitqin normaları və s. praktik tövsiyələrlə öz əksini tapıb. Əsər Azərbaycan dilində səlis danışmaq istəyən bütün insanlar üçün nəzərdə tutulub.

Nitq mədəniyyəti fənninin tədrisini dəstəkləyən bir sıra ziyalılar hesab edirlər ki, ali məktəblərdə tələbələr danışıq vərdişlərinin aşılanması, gənclərə düzgün və səviyyəli danışıq qaydalarının öyrədilməsi günün tələbinə çevrilib. Çünki onların fikrincə, universitet bitirən bir çox gənc fikirlərini səlis və yığcam şəkildə ifadə etməkdə çətinlik çəkirlər. Ancaq bunun əksini düşünənlər də var. Onlar isə hesab edir ki, natiqlik bacarığı universitetlərdə hansısa fənnin tədris olunması ilə formalaşa bilməz.

Bakı Dövlət Universitetinin professoru Zeynal Məmmədli ali məktəblərdə nitq mədəniyyətinin tədris olunmasını dəstəkləyənlər arasındadır. Bunu təqdirəlayiq hal sayan professor nitq dərsinin orta məktəblərdən tədris olunmasını istəyir: "Türkiyə universitetlərində adi dil fənnindən əlavə "gözəl türkcə” deyilən dərs keçilir. Bu fənn insanlara türk dilində səlis danışmağı və cəmiyyət içində fikirlərini qısa və gözəl ifadə etməyi öyrədir. Ancaq orta məktəbdə keçilməyən ritorika elminin birdən-birə ali təhsil ocaqlarında tədris olunması düzgün deyil. Axı hansı bazanın üzərində tələbələrə nitq mədəniyyətini öyrədəcəklər? Üstəlik, nəzərə almaq lazımdır ki, ali məktəblərdə hər tələbə fərqli peşə ixtisasına yönəlir. Bilirsiz, Azərbaycan dilində gözəl danışmaq dedikdə söhbət ümumi məişət danışığından getmir. Əgər tələbə hüquq təhsili alırsa, o, hüquq məsələlərindən çox gözəl və aydın danışmağı öyrənməlidir. Ona görə də nitq fənninin tədrisi üçün çap edilən əsərlər kifayət qədər sanballı və əhatəli olmalıdır. Sadəcə, bir dərsliklə adamların gözəl danışmaq problemi həll olunmayacaq. Fransız maarifçilərindən Deni Didro deyirdi ki, "mən ensiklopediya yaradacam, dünya dəyişəcək”. O, ensiklopediyanı yaratdı, amma dünya dəyişmədi”.

Z.Məmmədli bildirib ki, görkəmli filoloq, dilçi-alim Kamal Abdulla müşavir təyin olunmamışdan qabaq gözəl bir dil proqramı hazırladı və reallaşması üçün Milli Elmlər Akademiyasına verildi: "Kamal müəllimin proqramı çox məhtəşəm və əhatəliydi, əsl elmi dərslik idi. Hesab edirəm ki, nitq mədəniyyətinin tədrisi həmin kontekstdə həll olunmalıdı”.

Professor vurğulayıb ki, natiqlik peşəsi ilə gözəl və səlis danışmağı bir-birinə qatmaq olmaz: "Natiqlik propoqanda ilə bağlıdır. Natiqin məqsədi fikirləri ilə insanlara təsir etməkdir. Ancaq biz başqa məsələdən danışırıq. Məqsədimiz odur ki, ümumiyyətlə hər bir insan öz fikirlərini qarşısındakına gözəl şəkildə ifadə etməyi bacarsın”.

"Xəzər” Universitetinin təsisçisi, professor, dilçi və ədəbiyyatşünas Hamlet İsaxanlı isə ümumiyyətlə ali məktəblərdə nitq dərsinin keçilməsini əhəmiyyətsiz sayır: "Ali təhsil ocaqlarının vəzifəsi natiq yox, ixtisas üzrə mütəxəssis yetişdirməkdir. Mən natiqlik dərslərini praktikadan keçirən adam kimi bunu mənasız hesab edirəm. İnanın, tam səmimi deyirəm. Hansısa fənni, dərsi keçməklə heç kimi natiq etmək mümkün deyil. Əlbəttə, istənilən şəxs özünü aydın formada ifadə etməyi bacarmalıdır. Onsuz da orta və ya ali təhsil alan hər insana dil və ədəbiyyat fənnləri tədris olunur. Ali məktəblərdə kifayət qədər istedadlı və yaxşı danışıq qabiliyyəti olan müəllimlər də var. Danışmağı öyrənmək istəyən tələbələr bu amillərdən yararlanaraq məqsədlərinə çata bilərlər”.

H.İsaxanlının sözlərinə görə, aktyor və səhnə adamı yetişdirən təhsil ocaqlarında müəyyən dərəcədə nitq mədəniyyətinin tədrisinə ehtiyac duyula bilər. Ancaq digər ixtisaslar üçün bu, əhəmiyyətsiz bir şeydir: "Xarici praktikada bu məsələ populyar deyil. Yəni nüfuzlu universitetlərin heç birində nitq dərsi keçilmir. Azərbaycanda isə elə fikirləşirlər ki, səlis danışmaq bacarığı olmayan bir adama nitq mədəniyyətindən dərs keçməklə onu natiq etmək olar. Əlbəttə, bu, yanlış düşüncədir. Fikrimcə, belə fikirdə olanlar həmin fənni tədris etmək istəyənlərdir”.

İsmayıl