Tələbənin başına şkaf necə və niyə düşüb?

Kollec rəhbərliyi ilə tələbələrin açıqlamaları üst-üstə düşmür



Ötən gün Bakı Sosial Pedaqoji Kollecinin tələbəsi dərs zamanı ciddi xəsarət alıb, onun başına şkaf aşıb. Qız ağır vəziyyətdə özəl klinikalardan birinə yerləşdirilib. Hadisə ilə bağlı açıqlama verən Bakı Sosial Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini Mətanət Mirzəyeva isə hesab edir ki, əslində hadisə ilə bağlı yayılan məlumatlar şişirdilib.

Onun sözlərinə görə, kolecin II kurs tələbəsi, 1998-ci il təvəlüldlü M.M. dərsdə olarkən üstünə şkaf aşıb: "Qız şkafa tədris vasitələrini yığarkən şkaf ağırlığa tab gətirməyərək aşıb. Şkafın 6 qapısı da açıq olduğu üçün tarazlıq pozulub. M.M. ayağından xəsarət alıb. Hazırda evdədir. Heç bir problemi yoxdur”.

Sonradan yayılan məlumatlar isə kollec əməkdaşının fikirlərini təkzib edib. Məlumata görə, hadisə zamanı bir deyil, ümumilikdə 3 tələbə qız xəsarət alıb. Onların xəsarət almasına səbəb isə dəhlizdəki stendin şüşəsini silmələri olub. Stend qırılıb və şüşələri qızların əl-ayaqlarını kəsib.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, əgər bu hadisə kollecin əməkdaşları və tələbələrinin iştirakı ilə iməclik şəklində təmizlik işləri aparılan zaman baş veribsə və bunun əksini heç kəs iddia etmirsə, bu hadisəyə kənar müdaxilə mümkün deyil: "Amma təmizlik işləri aparmaq üçün tələbələr müəllimlər tərəfindən məcburi şəkildə işə cəlb olunursa, bu yolverilməzdir. Əslində bu fakt özlüyündə onu da istisna etmir ki, kollecin təmizliyi ilə məşğul olan personalın əməkhaqları rəhbərlik tərəfindən mənimsənilir və onların əvəzində tələbələr işə cəlb olunur. Təbii ki, bütün bunlar mümkün variantlar olsa da, hələlik fərziyələrdir. Bir məsəl var: "İki nəfər İmamdan oldu, bir nəfər candan oldu”. Qanunda da belədir. Əgər hadisə ilə bağlı keçirilən məhkəmə prosesində iki nəfər həmin tələbələrin məcburi şəkildə təmizlik işlərinə cəlb olunduğuna dair ifadə versələr, sözsüz ki, kollec rəhbərliyi məsuliyyətə cəlb olunacaq. Hətta həmin iki nəfər yalandan üzə durmuş olsalar belə, onları təkzib etmək çətin məsələdir. Bunun üçün şərtdir ki, hadisə ilə bağlı Komissiya təşkil olunsun və Komissiya üzvləri gəlib məsələni yerində yoxlasın. Hadisə ilə bağlı dəqiq məlumatlı olmadığım üçün əvvəlcədən rəy bildirmək çox çətindir. Əslində, bir təhsil qurumunda bu cür hadisələrin baş verməsi qanunda olan boşluqlardan qaynaqlanır”.

Baş verən hadisənin tipik hal olmadığını vurğulayan ekspertin sözlərinə görə, tələbələrin təmizlik işlərinə cəlb olunması kimi faktlar heç də hər zaman qeydə alınmır. Amma istənilən halda növbəti dəfə bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün faktla bağlı ciddi araşdırmalar aparılmalıdır.

Şəymən