Təmizləmə əməliyyatı
Türkiyədə həbs edilən, göz altına alınan və işdən kənarlaşdırılanların sayı-hesabı yoxdur
Türkiyədə "Fətullahçı Terror Təşkilatı”nın üzvü və tərəfdarı olduğu iddiası ilə dövlət məmurlarının kütləvi şəkildə işdən uzaqlaşdırılması prosesi davam edir. Hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində ölkənin bütün universitet rektorlarının və müəllimlərinin xaricə çıxmasına qadağa qoyulub. Qadağa 150 min 886 elm xadiminə tətbiq olunub. Bundan başqa aparılan istintaq çərçivəsində daha 788 şübhəli barəsində həbs qərarı verilib. Hərbi çevriliş cəhdində təqsirləndirilən daha 1 522 şübhəlinin məhkəmə prosesinin keçirilməsi gözlənilir.
Eyni zamanda Türkiyə Böyük Millət Məclisi aparatında 30 əməkdaş vəzifəsindən qovulub. Onların arasında TBMM baş katibinin müavinləri Məhəmməd Bozdağ, Kamal Kaya və Mustafa Tamirci də var. Prezident Ərdoğan isə Təhlükəsizlik Şurasını toplayıb. İclasda ölkədə hərbi çevrilişə cəhddən sonrakı vəziyyət müzakirə olunub və ciddi tapşırıqlar verib.
Çevrilişə cəhd edənlərin "edam siyahısı” aşkarlandı
Türkiyədə çevrilişə cəhd edən quruplaşmanın "edam siyahısı” ələ keçib. "Ölüm siyahısı” Adanadakı əməliyyatlar zamanı tapılıb. Siyahıda 9 min nəfərin adı olub. Bunların arasında siyasətçilər, polislər, hakimlər, prokurorlar, jurnalistlər və iş adamları var. Siyahının ilk pilləsində Prezident Rəcəb Tayyib Ərdoğan durur. Qiyam gecəsi həyatına süi-qəsd edilən dövlət başçısı xilas edilib. Qiyamçıların hədəfindəki şəxslərdən biri də Terrorla Mübarizə İdarəsinin rəisi Turqut Aslan olub. Bu şəxs Fətullah Gülənin qruplaşması ilə bağlı istintaq aparılarkən xüsusi hesabat hazırlamışdı. Aslan çevriliş cəhdi baş verən gecə "təcili toplantı var” deyilərək Jandarma Baş Komandanlığına çağırılıb və girov götürüldükdən sonra başından vurulub. Hazırda xəstəxanada olan rəisin vəziyyəti ağırdır. Siyahıda daxili işlər naziri Efkan Ala, ədliyyə naziri Bekir Bozdağ, enerji naziri Berat Albayrak, daxili işlər müşaviri Selami Altınok, MİT rəhbəri Hakan Fidan, İstanbul Polis İdarəsinin rəisi Mustafa Calskanın da olduğu bildirilib.
Hədəfləri təmizləmək üçün xüsusi "edam dəstəsi” yaradılıb
"Edam siyahısı”nda yer alan jurnalistlərdən bəzilərinin də adı açıqlanıb. İddia edilir ki, qiyamçılar "Star” qəzetindən Kamal Gümüşü, "Sabah” qəzetindən Nazif Qaramanı, Fatih Ulası, Abdurrahman Şimşəyi və "Anadolu Agentliyi”ndən Ənəs Canı öldürməyi planlaşdırırmış. Məlumatlara görə, qiyamçılar siyahıdakı şəxslərin öldürülməsi üçün xüsusi "edam dəstəsi” də yaradıb. Dəstənin tərkibi Hərbi Hava Qüvvələrinin Müharibə Axtarış Xilasetmə birliyinin əsgərlərindən ibarət olub. Bu qrup mərhum siyasətçi, Böyük Birlik Partiyasının başqanı Mühsin Yazıçıoğlunun helikopterinin qəzaya düşməsindən sonra bölgəyə göndərilmiş və helikopterdən bəzi parçaları sökərək götürmüşdü. Birliyin komandiri Yılmaz Baharın Türkiyə Silahlı Qüvvələrinin içindəki Gülən camaatı imamlarından biri olduğu deyilir.
Türkiyədə daha 12 general həbs edildi
Uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 12 general həbs edilib. Tutulanlar arasında bir admiralla yanaşı, polis, müəllim və əsgərlər də var. Ümumilikdə isə 992 hərbçi barəsində həbs qərarı verilib. Eyni zamanda hərbi çevriliş cəhdində təqsirləndirilən 1184 hərbçinin məhkəmə prosesi keçirilib.
Toydan qaçırılan general da tutuldu
İstintaq çərçivəsində iki general da saxlanılıb. Onların arasında ordu generalı Mehmet Şanverdi də var. Məlumat üçün bildirək ki, ordu generalı Şanverdi İstanbulda toy zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Abidin Ünalla birlikdə qiyamçılar tərəfindən helikopterlə qaçırılıb. Daha sonra isə azad edilib. Bundan başqa general-mayor Atilla Darendeli də saxlanılıb. Nazirliyin 245 əməkdaşı işdən çıxarılıb.
Digər nazirliklər də təmizlənir
Çevriliş cəhdindən sonra dövlət qurumlarında başlanmış təmizləmə əməliyyatının miqyası getdikcə böyüyür. Digər qurumlarla yanaşı, Gənclik və İdman Nazirliyinin 245 əməkdaşı da vəzifəsindən azad edilib. Nazir Akif Çağatay Kılıç bildirib ki, daha əvvəl 2100 nəfər də işdən çıxarılıb. O əlavə edib ki, nazirliyin hesabından gizli olaraq 280 mindən 560 minə qədər lirə xərclənib: "Bu istiqamətdə araşdırma aparılır”.
Türkiyə Jandarma Qüvvələrinin komandanı işdən çıxarıldı
Türkiyə Jandarma Qüvvələrinin komandanı Qalip Mendi vəzifəsindən kənarlaşdırılıb. Keçirdiyi narahatlığa görə, xəstəxanaya yerləşdirilən general Mendinin yerinə general-polkovnik İbrahim Yaşar təyin edilib. Anadolu Agentliyi xəbər verib ki, Jandarm Baş Komandanı Qalib Mendi çevriliş cəhdinə qarşı əməliyyat zamanı Ankara Akıncı 4-ci əsas təyyarə bazasından azad olunub. Əməliyyatdan sonra onun vəzifəsini icra etdiyi bildirilib.
"Təmizləmə” Baş Bakanlığa da keçdi
Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan həbslər və işdən çıxarılmalar sürətlə davam etdirilir. Ötən gün Binəli Yıldırımın rəhbəri olduğu Nazirlər Kabinetində də polislər axtarış aparıblar. Məlumata görə, axtarışla yanaşı, aparatda işləyən 257 işçinin şəxsiyyət vəsiqələri alınmaqla, vəzifələrindən uzaqlaşdırılıb.
TRT-nin 370 əməkdaşı istintaqa cəlb olundu
Ankara Prokurorluğu TRT-nin 370 əməkdaşı barəsində istintaq başladıb. Onlar "paralel dövlət” adlandırılan Fətullahçı terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli bilinirlər. Bundan başqa, Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin 393 əməkdaşı vəzifəsindən azad edilib.
Qiyama görə tutulan daha bir general azadlıqda
Türkiyədə hərbi çevriliş cəhdindən sonra həbs edilən generallardan biri məhkəmə zalından azadlığa buraxılıb. Hakkari vilayətində nəzarətə alınan Kayseri 1-ci Xüsusitəyinatlı Briqadasının komandiri, general-mayor Aydoğan Aydın məhkəmə qarşısına çıxarılıb. Məhkəmə prosesindən sonra general azadlığa buraxılıb. Hazırda o, vəzifəsini icra edir.
Obama və Ərdoğan Güləni müzakirə etdilər
ABŞ Prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi telefon danışığı zamanı Fətulah Gülənin ekstradisiyası ilə bağlı məsələ ətrafında müzakirə aparıblar. Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, prezidentlər hazırda Amerikada yaşayan Gülənin statusunu müzakirə ediblər. O əlavə edib ki, Obama və Ərdoğan Türkiyədə dövlət çevrilişinə cəhdin istintaqı məsələsinə də toxunublar. Obama dövlət çevrilişinə cəhdin istintaqında bir daha hərtərəfli yardım təklif edib: "Obama Türkiyənin demokratik yolla seçilmiş hökumətinə ABŞ-ın dəstəyini təsdiqləyərək, dövlət çevrilişinə cəhdin istintaqının demokratik prosedurlara uyğun şəkildə aparılmasının vacibliyini vurğulayıb”.
ABŞ: "Türkiyənin Gülənə aid göndərdiyi sənədlər ekstradisiya tələbi sayıla bilməz”
Amerika Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən bildiriblər ki, Türkiyənin F.Gülənə aid göndərdiyi sənədlər ekstradisiya tələbi sayıla bilməz. ABŞ XİN-i Türkiyədən Fətullah Gülənə aid göndərilən sənədlərin araşdırılmasına davam etdirildiyini söyləyib.
ABŞ-dan Türkiyədə qiyamla bağlı aparılan araşdırmalara reaksiya
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner FETÖ terror təşkilatının uğursuz çevriliş cəhdindən sonra Türkiyədə başlanılan araşdırmalar zamanı çox sayda insanın nəzarətə götürülməsinin qanuni olduğunu bildirib. Nazirliyin sözçüsü deyib ki, Türkiyə hökuməti xalqının təhlükəsizliyini təmin etmək üçün dövlət çevrilişinə cəhd edənlərə qarşı araşdırmalar aparır. Türkiyə hökumətini və xalqını anladığını deyən Toner qeyd edib ki, onlar çox ciddi təhlükə altında olduqlarını hiss edirlər. Eyni zamanda, bəhs edilən nəzarət qərarları diqqətimizdən qaçmır. Baş verən hadisələrdən sonra Türkiyə hökumətinə sakit və sabit olmasını tövsiyə edirik.
Ərdoğanın ailəsi gecəni meydanlarda keçirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni ailə həyatı quran qızı Sümeyyə Ərdoğan, kürəkəni Səlcuk Bayrakdar və oğlu Bilal Ərdoğan ötən gecəni türk xalqı ilə birlikdə meydanlarda keçirib. Türkiyə mətbuatına istinadən verilən məlumata görə, Prezident ailəsi Kısıklı bölgəsindəki meydanda demokratiyanın müdafiəsinə qalxıblar. Ərdoğanın övladları meydanda vətəndaşlarla "selfie” də çəkdiriblər. Bayraktar sosial şəbəkədəki səhifəsində meydandan şəkil paylaşaraq "millət olaraq hər birimiz yenə meydanlardayıq” sözlərini qeyd edib.
İsmayıl