Təxribat, yoxsa göz qorxutmaq?

Tiflisdəki partlayış İvanişvilinin ayağına yazıldı
Ekspertlər iddia edir ki, “Gürcü arzusu” Saakaşvilinin partiyasının artan nüfuzundan ehtiyatlanır



Tbilisidə "Vahid Milli Hərəkat” Partiyasının liderlərindən biri olan Givi Tarqamadzenin avtomobili partladılıb. Hadisə nəticəsində sürücü və yoldan keçən 4 nəfər ciddi xəsarət alıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir. Olayla bağlı danışan Tarqamadze avtomobilinin məsafədən idarə olunan qurğu vasitəsi ilə partladıldığını bildirib:

"Mənim avtomobilim qaz ilə işləyir. Məlumat yayılıb ki, guya avtomobildə qaz balonu partlayıb. Bu, həqiqət deyil. Avtomobilim uzaqdan idarə edilən partlayıcı qurğu ilə məhv edilib”. Ölkənin baş naziri Georgi Kvirikaşvili isə deyib ki, deputatın maşınını düşmənlər partladıb: "Müxalif deputat Givi Tarqamadzenin Tbilisidə avtomobilinin partladılması Gürcüstanın düşmənləri tərəfindən planlaşdırılan təxribatdır. Bu təxribat oktyabrın 8-də keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmağa hesablanıb. Bu ağır cinayət yalnız ölkəmizdə azad və sakit seçki mühiti ilə barışa bilməyən gücün marağında ola bilər”. Sabiq prezident Mixail Saakaşvili partlayışla bağlı açıqlama verib. Saakaşvilinin sözlərinə görə, partlayışın təşkilatçısı "Gürcüstan arzusu” partiyasının təsisçisi, keçmiş baş nazir və milyarder Bidzina İvanişvilidir: "Dostumu və böyük vətənpərvəri sağ qaldığı üçün təbrik edirəm. Ümid edirəm ki, yaralananlar sağalacaq”. Partlayışı şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, Gürcüstan hakimiyyəti müxalifətə qarşı riyakarlıq edir: "Faktiki olaraq, Mixail Saakaşvilinin partiyasına qarşı uzun müddətdir ki, təqib siyasəti həyata keçirilir. Bununla kifayətlənməyən iqtidar müxalifətə qarşı terror aktlarına əl atır. Hökumət düşmən deyəndə nəyi, kimi nəzərdə tutur? Seçkiqabağı belə bir hadisəni ancaq hakim "Gürcüstan arzusu” törədə bilər. Çünki Saakaşvilinin və onun komandasının nüfuzu getdikcə yüksəlir. Aparılan sorğular da göstərir ki, "Vahid Milli Hərəkat” partiyası seçkidə qələbə qazana bilər. Bundan narahatlıq keçirən əsas şəxslərdən biri məhz "boz kardinal” hesab olunan Bidzina İvanişvilidir. Saakaşvili də prosesləri yaxşı bildiyi üçün hadisədə birbaşa "Gürcüstan arzusu”nu və İvanişvilini suçlayır. Necə olur ki, ölkədə millət vəkilinə qarşı sui-qəsd təşkil edilir, bir neçə sivil vətəndaş yaralanır, amma cinayəti törədənlər tapılmır. Üstəlik, bu hadisə üzərindən siyasi gedişlər edilir və zərərçəkmiş müxalif partiya günahlandırılır. Məncə, hakimiyyət qeyri-səmimi davranır”.

İsmayıl