Tikinti dələduzları...

Bir mənzilin bir neçə nəfərə satılması problemi hələ qalmaqdadır



Mənzil tikinti kooperativlərindən daha biri qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edildi. "RUM” MTK rəhbərinin bir mənzili bir neçə nəfərə satdığı məlum oldu. Belə tikinti kooperativləri bir deyil, iki deyil. Bir neçə gün öncə fırıldaq, aldatma yolu ilə özgənin əmlakını mənimsəmiş MTK-ların uzun bir siyahısı ictimaiyyətə təqdim olundu. Siyahıdan da görünürdü ki, MTK-ların fırıldaqları səbəbindən insanlar müflisləşir. Mənzil həsrətində olanlar illərlə topladıqları pulları hansısa mənzil-tikinti kooperativinin inşa etdiyi binaya yatırır, amma sonunda arzularına çatmırlar. Eyni zamanda tikintilər yenə də davam edir. İnsanlar yenə də banklardan götürdükləri kreditləri tikilməkdə olan mənzilə yatırırlar.

Bəs, vətəndaşın zərər çəkməməsinin qarşısını almaq mümkündürmü? Bu gün gələcək mənzili üçün yatırım edən vətəndaşın sabaha təminatı varmı?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında qanunvericilikdə edilən bir sıra dəyşikliklərin vətəndaşların mənafeyi baxımından müsbət addım olduğunu dedi:

- Qanunvericiliyə əsasən tikinti ilə məşğul olan hər bir MTK və ya MMC yaşayış binası tikirsə, tikintini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmalıdır. DƏDRX də özündə olan məlumat bazasını notariat kontorları ilə bölüşür. Vətəndaş da MTK ilə bağladığı müqaviləni notariat kontorunda təsdiqləməyə gəldikdə, bu məlumatlar onunla da paylaşılır və həmin sənədlər ona da təqdim olunur. Əgər həmin məlumatlarda mənzilin kiməsə artıq satıldığı qeydə alınıbsa, əlbəttə, vətəndaş bu barədə bilgi əldə edəcək və özünü sığortalamış olacaq. Belədə bir mənzilin bir neçə nəfərə satılmasının qarşısı da alınacaq. Amma çox təəssüf ki, MTK-lar, həmçinin MMC-lər də çox zaman dövlət qeydiyyatına düşmürlər. Burada da məqsəd daha çox gəlir əldə etmək və vergidən yayınmaqdır. Təəssüf ki, MTK-ları Dövlət Reyestr Xidmətində qeydiyyata düşməyə məcbur edən bir qanun da yoxdur. Onların qeydiyyata düşüb-düşmədiyinə nəzarət mexanizmi işlənməyib, bu işi həyata keçirmək hansısa bir rəsmi quruma həvalə də edilməyib. Bu iş hansısa quruma vəzifə olaraq tapşırılmayıb. Bilirsiz, dövlət özəl sektora hər sahədə müdaxilə etmək istəmir. Əks halda bu, dövlətin özəl sektor üzərində nəzarəti kimi qəbul ediləcək. Amma hesab edirəm ki, qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklərə də ehtiyac var, eyni zamanda nəzarət-kontrol sistemi də sərtləşdirilməlidir.

Ə.Nuriyev qeyd etdi ki, bir mənzilin bir neçə nəfərə satılması halları əvvəlki illərdə daha çox olub. Tikinti dələduzları vəziyyətdən sui-istifadə edirdilər. Son zamanlarsa Tikinti Məcəlləsinə bir sıra dəyişikliklər edilib, qanunvericilikdə də təkmilləşmə aparılır. Yəni, mənzil-tikinti kooperativlərinin qanunsuz əməllərinin qarşısı alınır:

- Belə hallar ən çox ondan baş verirdi ki, MTK-ların bir neçə şəriki olurdu, onlar da ayrı-ayrılıqda gəlir əldə etmək üçün mənzilləri fərqli-fərqli şəxslərə satırdılar. Hər şərikin özünün "qara mühasibatlığı” olurdu. Səlahiyyətlərindən istifadə edib özgə əmlakının mənimsənilməsinə yol verirdilər. MTK-ları himayə edənlərin olması da onların fəaliyyətinin yoxlanmasına mane olurdu. Elə MTK-lar, MMC-lər var ki, vəzifəli şəxslər tərəfindən himayə edilirlər və o obyektlər də nəzarətdən kənar qalır. Hətta vergi müfəttişlərinin, əlaqədar qurumların həmin obyektlərə girişi mümkün olmur. Bu sahədə nəzarət sistemi hələ istənilən səviyyədə deyil.

Ə.Nuriyev vətəndaşların hüquqi savadsızlığının da aldatmaya səbəb olduğunu bildirdi:

- Bilirsiz ki, Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tikinti şirkətləri ilə bağlı çoxsaylı cinayət işləri qaldırıb. Sizə deyim ki, vətəndaşlara dəymiş ziyanın ödənməsinə 80 faiz nail olunub. Doğrudur, dəymiş ziyanın ödənməməsi halları da var. Amma burada bəzən vətəndaşlar da günahkardır. MTK-larla vətəndaş arasında müqavilə imzalanır. Həmin müqavilədə tikintinin müddəti göstərilməlidir. Amma bəzən vətəndaşlar müqaviləni imzalayarkən onun şərtlərinə baxmır, diqqətli yanaşmır, soruşmur ki, burada niyə müddət haqqında heç nə yazılmayıb? Bundan əlavə, vətəndaşlar alqı-satqı məsələlərini notariat kontoru vasitəsilə sənədləşdirmirlər, təsdiqlətmirlər. Bəzən ona görə ki, rəsmi şəkildə təsdiqləndikdə, rüsum ödəməli olacaq. Rüsumu ödəməmək xatirinə özləri qanunsuzluğa rəvac verirlər, bəzən də nəticə çox pis olur. Vətəndaş MTK-dan mənzil aldığını hüquqi sənədlərlə sübuta yetirə bilmir. Problem həm də bundadır ki, korrupsiya idarəsi daxil olan şikayətlər əsasında araşdırmalara başlayır. Vətəndaş mənzilin tikintisi üçün pul ödəyir, bəzən binanın tikintisi bir neçə il uzanır, vətəndaş gözləyir, bir də məlum olur ki, şirkət sahibi pulları götürüb qaçıb. Bundan sonra əlaqədar qurumlara müraciətlər başlayır. Amma həmin şəxsin yaxalanması da vaxt aparır, bəzən yaxalandıqda dəymiş ziyanı ödəmək iqtidarında olmadığı üzə çıxır, bunun üçün müəyyən vaxt qoyulur və s. Vətəndaş da, şirkət sahibi də bütün işlərin hüquqi sənədlərlə aparılmasında maraqlı olmalıdır, çünki bu, onun gələcəyinin təminatıdır. Şirkət rəhbərinin inşa etdiyi obyekti Dövlət Reyestri Xidmətində qeydiyyata aldırması ona daşınmaz əmlak üzərində təminat hüququ verir. Həmçinin, vətəndaş da almaq istədiyi və ya tikintisinin başa çatmasını gözlədiyi mənzili əvvəlcədən notariat qaydada rəsmiləşdirməklə, sabah baş verə biləcək hər hansı hadisədən özünü sığortalamış olur. Vətəndaş müqavilələrin, sənədlərin təsdiqini notarial qaydada tələb etsə və bu sahədə qanunvericiliyə əməd edilsə, mənzil fırıldaqçılarından yaxa qurtara bilərik.

Məlahət Rzayeva