Tramp dünya düzənində hərbi yolla dönüşlər etmək istəyir

Ona görə ABŞ-ın hərbi xərclərinin 54 milyard dollar artırılmasına göstəriş verib


ABŞ Prezidenti Donald Tramp Azərbaycana ayrılan maliyyə yardımını dayandırmaq niyyətindədir. Bu barədə məlumat ABŞ Dövlət Departamentinin büdcə layihəsində əksini tapıb. Layihədə Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə ayrılan vəsaitdən Azərbaycanın payına düşən 7,716 milyon dollar maliyyə yardımı tam dayandırılıb.

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, keçmiş maliyyə naziri Fikrət Yusifov isə "Şərq”ə açıqlamasında ABŞ-ın yeni Prezidentinin Azərbaycana maliyyə yardımların azaldılması ilə bağlı qərar qəbul etməsinə dair mətbuat səhifələrində dolaşan məlumatların heç bir əsası olmadığını deyib. 

Onun sözlərinə görə, burada söhbət ayrıca götürülmüş bir ölkəyə maliyyə yardımının azaldılmasından deyil, bütövlükdə başqa dövlətlərə edilən yardımın əsaslı şəkildə azaldılmasından gedir: 

"D.Trampın administrasiyasının rəhbərliyi başqa ölkələrə maliyyə yardımının azaldılması ilə bağlı xüsusi açıqlama da verib. Açıqlamada da qeyd olunub ki, Ağ Evin yeni rəhbərliyi xarici ölkələrə edilən yardımın əsaslı şəkildə azaldılması və əldə olunan qənaətin hərbi xərclərə yönəldilməsi qərarına gəlib. ABŞ-ın hərbi xərcləri 604,5 milyard dollar təşkil edir. D.Tramp yeni büdcə layihəsində ABŞ-ın hərbi xərclərinin 54 milyard dollar artırılmasına göstəriş verib. Görünür, D.Tramp dünya düzənində hərbi yolla yeni dönüşlərin edilməsi qərarına gəlib və bu məqsədilə də hərbi aktların qaçılmaz olacağı qənaətindədir. Şimali Koreya sərhədlərinə ABŞ-n hərbi dəniz qüvvələrinin yaxınlaşması, Suriyaya hərbi müdaxilənin yeni formada davam etdirilməsi artıq bu məsələlərdə ABŞ rəhbərliyinin mövqeyinin ciddiliyindən xəbər verir”.

Şəymən