Trampın Qarabağ açıqlaması Rusiyanı qıcıqlandırır

“Əgər amerikalı yeni həmsədr real addımlar atarsa, Rusiya qısqanclığına rəğmən ABŞ-la hesablaşmağa məcbur qalacaq”


"ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmasını ancaq alqışlaya bilərik”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

Amerikanın yeni Prezidenti Donald Trampın münaqişənin həlli ilə bağlı fikirlərinə münasibət
bildirən Zaxarova ATƏT-in Minsk Qrupu həmsədrlərinin problemlə birlikdə məşğul olduğunu
söyləyib: "Biz bu problemin çətinliyini, həmin regionda insanların yaşadığını nəzərə alıb,
Trampın səylərini ancaq alqışlaya bilərik”. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, tərəflərin çoxsaylı bəyanatları real addımlara çevrilmir. Real addımlaratılmayana qədər dəqiq proqnozlar vermək mümkünsüz olur: "20 ildən artıqdır ancaq quru bəyanatlar eşidirik, amma ortada nəticə yoxdur. Rusiyanın ABŞ-la bağlı mövqeyi konkret deyil. Əlbəttə, Moskva istəmir ki, Dağlıq Qarabağ münaqişəsində hansısa tərəf real rol oynasın. Çünki belə müdaxilə Kremlin maraqlarının arxa plana düşməsi deməkdir. Münaqişənin həlli ilə bağlı həmsədr dövlətlər tərəfindən göstərilən istənilən təşəbbüsdə Rusiyanın qısqanclığı müşahidə olunur”. Ekspert bildirib ki, əgər ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik kimi olacaqsa, o zaman Rusiya narahat olmayacaq: "ABŞ Qarabağ münaqişəsinin tənzimlənməsi missiyasını üzərinə götürən üç həmsədr ölkədən biridir. Yəni Vaşinqton münaqişə ilə bağlı söz söyləmək haqqına sahibdir. Əgər amerikalı yeni həmsədr kifayət qədər aktiv olarsa və real
addımlar atarsa, Rusiya qısqanclığına rəğmən ABŞ-la hesablaşmağa məcbur qalacaq. Lakin
hələlik Tramp administrasiyasının məsələdə necə mövqe sərgiləyəcəyi dəqiq bilinmir”.

İsmayıl