Azər Allahverənov: “Ekoloji cəhətdən sərfəli olması, təhlükəsizlik və vaxtında mənzil başına çatmaq nöqteyi-nəzərdən tramvaylar çox münasib nəqliyyat növüdür”
Tramvaylar Bakıya qayıdır
Vüqar Bayramov: “Azərbaycanda tramvay xətlərini bərpa etmək üçün kifayət qədər maliyyə vəsaiti lazımdır”
Azər Allahverənov: “Ekoloji cəhətdən sərfəli olması, təhlükəsizlik və vaxtında mənzil başına çatmaq nöqteyi-nəzərdən tramvaylar çox münasib nəqliyyat növüdür”
Azər Allahverənov: “Ekoloji cəhətdən sərfəli olması, təhlükəsizlik və vaxtında mənzil başına çatmaq nöqteyi-nəzərdən tramvaylar çox münasib nəqliyyat növüdür”
Bakıda tıxac problemi kəskin xarakter almaqda davam edir. Tıxac məsələsinin həlli üçün bir çox işlər görülüb. Yollar genişləndirilib, müxtəlif körpülər salınıb. Amma yenə də tıxac məsələsi aktual olaraq qalır. Ekspertlər isə hesab edir ki, Bakıda tıxacların qarşısını almaq üçün tramvaylar geri qaytarılmalıdır. Qeyd edək ki, bir neçə dəfə rəsmi səviyyədə də tramvayların çəkilməsi ilə bağlı bəyanatlar səslənib. Növbəti belə bir bəyanat Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərin dilindən səslənib.
A.Ələsgər Polşanın İnfrastruktur və Regional inkişaf nazirinin müavini Marçin Kubyakın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında qəbul edib.
Qonaqlar Bakının nəqliyyat infrastrukturunda önəmli yer tuta biləcək tramvay şəbəkəsinin qurulmasının vacibliyindən və bu işdə Polşanın təcrübəsindən, habelə imkanlarından istifadənin mümkünlüyündən danışaraq, gələcəkdə Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) idarə heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov da tramvayların qayıtmasının xoş hadisə olduğunu deyib. Onun sözlərinə görə, tramvay xətlərinin sökülməsi ilə bağlı verilən qərar ən böyük yanlışlıq idi. Çünki dünya praktikası da göstərir ki, tramvaylar ən effektli nəqliyyat vasitəsidir. Benzinin kifayət qədər baha olmasını nəzərə alsaq, tramvaylar elektriklə işlədiyi üçün daha qənaətlidir. V.Bayramov bildirib ki, tramvaylar həm də ekoloji baxımdan çox effektlidir. "Nəzərə alsaq ki, neft şəhərlərinin ən ciddi problemlərindən biri ekoloji təmizlikdir. Və bu gün də neft şəhərlərinin əksəriyyətində ictimai nəqliyyat kimi tramvaylardan istifadə olunur. Ona görə də tramvayları sökmək əvəzinə, onların fəaliyyətini daha da genişləndirmək lazım idi. Təbii ki, artıq bunlar üçün gecdir. Çünki bu gün şəhərdəki bütün tramvay xətləri sökülüb. Yenidən bu məsələnin gündəmə gəlməsi isə çox yaxşı haldır. Və əslində yeni verilən bu qərar vaxtında edilmiş yanlışlığın aradan qaldırılması istiqamətinə yönəlib. Çünki şəhərin indiki vəziyyətində bu mütləqdir. İctimai nəqliyyat növləri içərisində tramvayların istifadəyə daha yararlı olmasından əlavə, həm də tramvaylar Bakının simvoludur. Hətta regionda ən qədim tramvay Bakıda yaradılıb. Ona görə də Bakının qədim simvolunu qoruyub saxlamaq çox vacib idi. Amma çox təəssüf ki, buna əməl etmədilər”.
Tramvayların müsbət tərəflərinin çox olduğunu deyən iqtisadçı bildirib ki, tramvaylar həm şəhərin gözəlliyi üçün çox vacibdir, həm də nəqliyyatdakı tıxacların aradan qaldırılmasında əvəzsiz rol oynaya bilər. Çünki tramvayların hərəkəti üçün xüsusi xətlərdən istifadə olunur və nəticədə də ictimai nəqliyyatın yükü azalır, yollarda sıxlıq az olur.
Tramvayların Bakıya qayıtmasının vacibliyini önə çəkən iqtisadçı-ekspert eyni zamanda bu prosesin iqtisadi məqamlarından da söz açıb: "Tramvayların paytaxtda yenidən hərəkətini bərpa etmək üçün yeni tramvay xətləri çəkilməlidir. Bu, yeni bir layihə olduğu üçün də kifayət qədər vəsait tələb edəcək. Həmin xətləri çəkmək üçün isə yolların genişləndirilməsi vacib şərtdir. Hətta Bakının hazırda genişləndirilmiş yolları belə tramvayın hərəkəti üçün yararlı deyil. Yolların genişləndirilməsi üçün isə mərkəzdə olan bir sıra idarə və obyektlərin köçürülməsi lazımdır. Bu da böyük xərc tələb edəcək. Eyni zamanda tramvayların özünün salınması da böyük xərcdir. Bir kilometr tramvay xəttinin çəkilməsi xərci ölkələr üzrə dəyişir. Hazırda tramvay xətləri və tramvayın hərəkəti üçün geniş yolları olan ölkələrdə bu proses cəmi yarım milyona, Meksikada isə 1 km tramvay xəttinin qiyməti 4-6 milyon dollar arasında dəyişir. O baxımdan Azərbaycanda da tramvay xətlərini bərpa etmək üçün kifayət qədər maliyyə vəsaiti lazımdır”.
Ekspert bildirib ki, xərclərin çox olmasına və işin çətinliyinə baxmayaraq, şəhərin özəlliyini, gözəlliyini qorumaq, ekoloji vəziyyəti yaxşılaşdırmaq və nəhayət, tıxac problemini aradan qaldırmaq üçün tramvay xətlərinin bərpa edilməsi məqsədəuyğundur.
Ekspert Azər Allahverənov isə bu qənaətdədir ki, tramvayların, elektrik qatarlarının bərpası əhalinin tıxaca düşmək məsələsini müəyyən qədər aradan qaldıra biləcək: "Ölkəmizdə tramvayla elektrik qatarlarının bərpası tərəfdarları və istərsə də opponentləri kifayət qədərdir. Faktiki olaraq, dünyanın aparıcı dövlətlərinin iri şəhərləri, meqapolislərində bu nəqliyyat növlərindən geniş şəkildə istifadə edirlər. Tramvaylar faktiki olaraq əvəzedilməz bir nəqliyyat vasitəsidir. Ekoloji cəhətdən sərfəlidir, təhlükəsizlik nöqteyi-nəzərdən də onlara böyük ehtiyac vardır. Həmçinin, vaxta kifayət qədər qənaət edən nəqliyyatdır. Azərbaycanda düşünə bilərlər ki, tramvaylar bir qədər asta gedir. Lakin məsələ ondadır ki, onlar heç zaman tıxacda qalmır. Onlar üçün ayrıca salınan yollar olur və tramvaylar da bu yollarla hərəkət edir. Belədə əhali istər-istəməz tıxacda qalmadan müəyyən olunmuş ünvana vaxtında və təhlükəsiz şəkildə çatır. Yəni ekoloji cəhətdən sərfəli olması, təhlükəsizlik və vaxtında mənzil başına çatmaq nöqteyi-nəzərdən tramvaylar çox münasib nəqliyyat növüdür. Bakı şəhəri üçün də bu üç şərtin işləməsi çox önəmlidir. Şəhər və nəqliyyat infrastrukturu kifayət qədər yüklənib və proses belədə paytaxtın ekoloji mühitinə mənfi təsir göstərir, havaya atılan tullantıların həcmi də müəyyən olunmuş normadan artıq olur. Məsələn, yeni salınmış yollarda onu nəzərdə tutmaq, müəyyən qəsəbələri bir-birilə əlaqələndirmək baxımından, nəzərdən keçiriləsi məsələdir. Amma bu layihənin bütün aspektləri də nəzərdən qaçmamalıdır. Onun yol infrastrukturuna uyğunlaşdırılması vacibdir, verəcəyi dividendlər də hesablanmalıdır. İlkin qənaətimə görə, tramvayların Bakının müəyyən ərazilərində bərpasına böyük ehtiyac var. İnsanlar yollarda hər hansı bir təmir işləri aparılan zaman yolun bağlanmasından çox gileylidir. Amma hansısa bir ciddi nailiyyətə imza atmaq istəyiriksə, müəyyən məsələlər nəzərə alınmaqla, proses kompleks şəkildə həll edilməlidir. Tramvay və elektrik qatarlarının bərpası tıxacların da qismən aradan qaldırılmasına xidmət edən bir məsələdir. Hazırda tıxacda qalan insanların müəyyən hissəsi ictimai nəqliyyatdan istifadə edənlərdən ibarətdir. Tramvayların bərpası isə tıxacları qismən aradan qaldıracaq”.
Şəymən