“Hərbi çevriliş yolu ilə hakimiyyət dəyişməsi ölkənin 30-40 il geri düşməsi, zəifləməsi deməkdir”
"1980-ci ildə baş verən hərbi çevriliş Türkiyənin iqtisadiyyatına və siyasi mövqeyinə o dərəcədə yüksək zərbə vurdu ki, bu günə qədər onun fəsadlarını ortadan qaldıra bilmirlər”.
Bunu qardaş ölkədə yaşanan gərgin prosesləri şərh edən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. Deputat Türkiyə dövlətinin proseslərdən qalib çıxacağını bildirib: "Bu hadisəyə Türkiyədə "çibanın deşilməsi” hadisəsi kimi baxılmalıdır. Türkiyə iqtidarı kimisə qane edib-etməyə bilər. Kimsə düşünər ki, fərqli bir hakimiyyət olmalıdır. Bunlar anlaşılandır. Amma hərbi çevriliş yolu ilə hakimiyyət dəyişməsi ölkənin 30-40 il geri düşməsi, zəifləməsi deməkdir. Bir çoxları elə düşünür ki, sanki Atatürk hələ hakimiyyətdədir. Türkiyədə dəyişən mühiti böyük əksəriyyət hələ də anlamaq gücündə deyil. Bəziləri tutuquşu kimi təkrarlayır ki, Türkiyədə dünyəvi dövlət yoxa çıxır, islamçı dövlət qurulur. Son hadisələr göstərdi ki, türk insanı hərbi çevrilişə qarşı dirəniş ortaya qoyduğu kimi hansısa şəriət dövlətinin qurulmasına da eyni cür dirəniş göstərəcək”. Deputatın sözlərinə görə, dindar kəsimin içində böyük əksəriyyət Türkiyənin məhz demokratik dövlət olmasına üstünlük verir: "Çünki İran təcrübəsinə, ərəb ölkələrinə baxırlar və aydın görürlər ki, Türkiyənin başqa quruluşda olması mümkün deyil. Ona görə də Atatürk modelli bir dövlət Türkiyədə hər bir zaman, hətta kommunist hakimiyyəti də olsa, qatı milliyyətçi, ya islam dəyərlərinin daşıyıcısı da olsa, dəyişməyəcək. "Türkiyədə hər şey uçuruma gedir” sözü cahillikdən irəli gəlir. F.Mustafa bildirib ki, xalqın iradəsinə qarşı bir sayğısızlıq var: "Türk xalqının özünün seçimi var. Kimliyindən asılı olmayaraq, davranışından, üslubundan xoşumuz gəldi, ya gəlmədi, fərq etməz, seçilən şəxsə hörmət etmək lazımdır. Bəzən demokratiya uğrunda mübarizə apardığını iddia edən adamlar diktatura arzulayır, bir hərbçinin hakimiyyətə gəlməsinə sevinir. İstəyir ki, Türkiyədə hakimiyyət dəyişikliyi hərbi yolla olsun, seçki yolu ilə yox. Belə məsələlərdə Azərbaycanda Türkiyə haqqında təsəvvürlərin düzgün olmadığını müşahidə edirik”. Deputata görə, hərbi çevrilişin baş tutmaması Türkiyənin yenidən dirçəlişidir: "Sabah Ərdoğan gedər, yerinə başqası, milliyyətçi, ya islam dəyərlərini qabardan biri gələr, fərq etməz. Amma 1980-ci ilin çevrilişindən sonra Türkiyənin iqtisadiyyatına və siyasi mövqeyinə vurulan zərbə o dərəcədə yüksək idi ki, hələ bu günə qədər onun fəsadlarını ortadan qaldıra bilmirlər. Bu çevrilişdən sonra baş verənlərə diqqət yetirin: - Yunanıstan NATO-ya qəbul olundu. Ona qədər Yunanıstan NATO-ya girə bilmirdi. Ancaq hərbi çevrilişdən sonra bu ölkə Türkiyə ilə bərabərləşdirildi, təbii ki, hərbçilərin hesabına. Çevriliş xaricdən dəstəkləndi. Əvvəllər qınayırdılar ki, Türkiyə hakimiyyəti PKK-ya qarşı niyə yumşaq davranır? Bu gün PKK-nın bütün ocaqlarını darmadağın edirlər. Hərbçilərin hakimiyyətə gəlməsi o demək deyil ki, PKK ilə bağlı daha sərt siyasət izlənəcək. Bəlkə də həmin qüvvələr Ərdoğan hakimiyyətinin barışmaz mövqeyinə görə bu addımı atıblar. Ona görə də bu məsələlərdə daha sağlam düşünməyimiz lazımdır. Türkiyə demokratiyasına Azərbaycan mühitindən dəstək verilməsi, bunun anlayışla qarşılanması bizim özümüzün xeyrinədir. Çünki Türkiyə həm də bizim üçün örnək, parlamentar demokratiyanın parladığı bir dövlətdir. Çalışmalıyıq ki, Türkiyə məsələsində mülahizələrimizdə yanlışlığa yol verməyək”.