Türkiyə Amerikadan Güləni istəyir
Hərbi çevrilişdə Ərdoğanın yavərləri də iştirak edib
Türkiyə Silahlı Qüvvələri ölkədə baş verən son hadisələrlə bağlı məlumat yayıb. Hazırda silahlı qüvvələrin tərkibində vəziyyətə tam nəzarət edildiyi vurğulanıb: "Dövlət çevrilişi cəhdi Türkiyə Silahlı Qüvvələrində başladılsa da, bunu etməyə çalışanların Vətənini, xalqını, bayrağını sevən həqiqi əsgər heyəti ilə qəti şəkildə əlaqəsi yoxdur”. Açıqlamada bildirilib ki, FETÖ terror təşkilatının iyulun 15-də axşam saatlarında başladığı dövlət çevrilişi cəhdinin qarşısı iyulun 17-də günorta saatlarında tam alınıb.
Bildirilib ki, bu rəzilliyi Türkiyə Respublikasına, şərəfli keçmişi olan Türkiyə Silahlı Qüvvələrinə və əziz xalqa yaşadanlar ciddi şəkildə cəzalandırılacaq: "Hazırda Türkiyə Silahlı Qüvvələri demokratik hüquq sistemi içərisində dövlətimizin və millətimizin əmrində, vəzifəsinin başındadır”.
Qiyamçıların planları alt-üst olub
Türkiyə kəşfiyyatı hərbi çevriliş cəhdinin təfərrüatlarını açıqlayıb. Yerli medianın xəbərinə görə, MİT hərbi çevrilişin iyulun 16-sı, saat 03:00-a planlaşdırıldığından xəbər tutub. Planın sızdığını görən qiyamçılar hərbi çevrilişə daha əvvəl başlayıblar: "Hərbi çevriliş planının üstü açıldığına görə qiyamçılar bir neçə saat tez hərəkət etməyə məcbur olublar...”. Xatırladaq ki, məlum hadisədən sonra MİT-in 100-ə yaxın əməkdaşı işdən kənarlaşdırıb.
Daha bir general və 7 hərbçi həbs olundu
Hərbi çevrilişdə şübhəli bilinərək həbs olunanların sırasına biri də daxil olub. İyulun 19-da Sivas qarnizonunun komandanı, general Fatih Cəlaləddin Sağır hüquq-mühafizə orqanları tərəfindən tutulub. Onunla birgə 7 hərbçi də göz altına alınıb.
Parlamenti bombalayan pilot PKK-ya sığınıb
Hərbi çevrilişə cəhd zamanı ölkə parlamentinin binasını bombalayan "F-16”-nın pilotu PKK terror təşkilatının Suriya qolu olan PYD-yə sığınıb. KİV-n xəbərinə görə, hərbi çevrilişə cəhd zamanı Türkiyə parlamentini bombalayan pilot bir neçə əsgərlə birlikdə Suriyaya qaçıb. Əsgərlərdən birinin bildirdiyinə görə, pilotun sözügedən ərazidən hara getməsi bilinmir. Çox güman ki, o, terrorçulara sığınıb. PKK qruplaşmasına yaxınlığı ilə seçilən internet saytı xəbəri təsdiq edib.
Qiyama görə tutulan general azadlığa çıxdı
Türkiyədə hərbi qiyam cəhdi ilə əlaqədar saxlanılmış general İsmayıl Gürgən azad edilib. İsmayıl Gürgən Çanaqqala vilayətində dislokasiya olunmuş 18-ci mexanikləşdirilmiş diviziyanın komandiri olub. "Hürriyət”in xəbərinə görə, general istintaq dövründə azadlıqda qalacaq. Xatırladaq ki, general iyulun 16-da səhərə yaxın polis tərəfindən saxlanılıb.
"15 dəqiqə gec çıxsaydım, öldürüləcəkdim”
Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan 15 iyul və 16-sı gecə yaşadığı gərgin durumla bağlı açıqlama verib: "Həmin günü Marmarisdən 15 dəqiqə gec çıxsaydım, ya öldürüləcəkdim, ya da qaçırılacaqdım. Baxın, oradan İstanbula gəldim, ancaq saatlarla havada qaldım, bütün hava limanlarının elektriki kəsilmişdi. Ancaq önəmli o idi ki, xalq meydanlara çıxdı və bu da çevrilişin həyata keçirilməsini əngəllədi”.
"Çərşənbə günü önəmli qərarlar açıqlanacaq”
Ərdoğan bəyan edib ki, çərşənbə günü Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabineti toplanacaq, önəmli qərarlar açıqlanacaq: "Yaxın günlərdə ölkənin Ədliyyə Nazirliyi müvafiq sənədləri hazırlayaraq Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a rəsmi müraciət edəcək. Vaşinqton onu təslim etməlidir, etmək məcburiyyətindədir. Yox, əgər verməzlərsə, o zaman biz də ABŞ-in istədiyi şəxsləri vermərik”. Ərdoğan deyib ki, Gülənin təslim edilməsiylə bağlı müvafiq tələb bir neçə günə ABŞ-a rəsmi şəkildə təqdim olunacaq.
Ərdoğanın daha bir yavəri tutuldu
Hərbi çevriliş cəhdi ilə bağlı aparılan yoxlamalar zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın daha bir yavəri saxlanıb. Prezidentin aviasiya məsələləri üzrə yavəri olan polkovnik-leytenant Erkan Kıvrak Antalyada saxta şəxsiyyət vəsiqəsi ilə istirahət edərkən tutulub.
"Çevriliş günü 15 dəfə zəng edib...”
Ərdoğanın tətil üçün getdiyi Marmarisə aparılmayan yavərlər, çevriliş cəhdinin baş verdiyi gün Prezidentin yerini öyrənməyə çalışıblar. Yavərlərin, Ərdoğanın təyyarəsini idarə edən pilota 15 dəfə zəng edərək "Prezidentimiz haradadır” deyə soruşduqları ortaya çıxıb. Ərdoğanın baş yavəri polkovnik Əli Yazıçı və digər 4 yavəri həbs olunub.
Binali Yıldırım Güləndən danışdı, ABŞ-ı ittiham etdi
Türkiyənin Baş naziri Binali Yıldırım deyib ki, hökumət Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 4 dəfə müraciət edib. Onun sözlərinə görə, zəruri sənədləri göndəriblər: "Ancaq bizdən sübut istəyirlər. Biz onlara istədikləri qədər dəlil təqdim edəcəyik. Siz 11 sentyabrda əkiz qüllələr vurulanda terrorçuları tələb edərkən dəlil istəmədiniz. Ben Laden üçün sübut axtarmazkən Fətullah terror təşkilatı üçün sübut istəyirsiniz. O xaini artıq qorumayın”.
Çavuşoğlu təcili ABŞ-a gedir: Gündəm Gülənin ekstradisiyasıdır
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona rəsmi səfərə gedib. Məlumata əsasən onun səfərinin əsas məqsədi Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyası məsələsi olacaq.
Türkiyədə 14 gəmi - 2 hərbi helikopter yoxa çıxıb
Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra Hərbi Dəniz Donanmasının 14 hərbi gəmisi ilə əlaqə yaratmaq mümkün deyil. Donanma komandiri Veysel Kezeli də hərbi qiyamdan sonra yoxa çıxıb. Onun harada olduğu bilinmir. Bundan başqa hərbi qiyamda istifadə edilən 2 ədəd hərbi helikopterin də yeri naməlumdur. "Hürriyət” qəzetinin yazarı Əbdülqadir Selvi bildirib ki, onların hərbi çevriliş cəhdi baş verən gecə Prezident Ərdoğanın qaldığı otelə hücumda iştirak edən və daha sonra meşəyə qaçan 25 nəfərlik qrupu xilas etmək üçün həmin əraziyə uçduqları ehtimal olunur. Hazırda helikopterlərin və əsgərlərin axtarışı davam etdirilir.
"Öz silahımın gülləsi ilə ölərəm”
İstanbulun Sabiha Gökçen hava limanında çevriliş cəhdi zamanı şəhid olan əsgər Fərhad Daşın öz silahı ilə intihar etdiyi məlum olub. Əsgər Fərhad Daşın komandirin xalqa atəş açmaq əmri verməsindən sonra sivil vətəndaşa atəş açmamaq üçün intihar etdiyi bildirilir. Əsgər yoldaşları deyiblər ki, Fərhad Daş komandirin vur əmrinə tabe olmayıb və "sənin silahındaki güllə ilə ölməkdənsə, öz silahımın gülləsi ilə ölərəm” deyərək silahını başına dirəyib və atəş açıb.