Türkiyə AŞ PA-ya “əlvida” da deyə bilər
Avropanın Ankaraya təzyiqi dünyanın gündəminə düşüb, Ərdoğan hücum diplomatiyasını işə salıb
Avropa Şurası Parlament Assambleyasının Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərarı əlbəttə ki, bu qurumun səmimiliyinə inamsızlığı daha da artırmış oldu. Dünyada qlobal siyasi böhranlar baş verərkən, geosiyasi xəritədə Türkiyə kimi önəm daşıyan bir dövlətə qarşı qərəzli münasibət sərgilənməsi Avropa məkanına yaxşı heç nə vəd verə bilməz.
Baş verənlər "xristian klubunun” və ya xristian təəssübkeşliyinin rəsmiləşdirilməsi anlamını daşıyır. Siyasi təkəbbürdən doğan bənzər addım həm də belə düşünməyə zəmin yaradır ki, Avropanın siyasi cameəsi rəsmi Ankaranı həmin qərarı ilə bir növ aşağılamağa cəhd edir. AŞ PA yanlışlıq etməklə yanaşı, eyni zamanda regionda siyasi sabitliyə xələl vura biləcək addıma getməsinin fərqinə varmalıdır. Çünki Türkiyə dövləti heç vaxt avropalıların bu ölkədə monitorinq aparmasına, göstərişlər verməsinə izn verməz.
Bu dövlətin tarixlərdən bəri təməlli əsaslara söykənən milli maraqları, ləyaqət və şərəf formulu mövcuddur ki, həmin formulu aradan qaldırmaq Avropaya müsbət heç nə verməyəcək. Digər tərəfdən, son bir ildə Türkiyədə cərəyan edən siyasi-ictimai proseslər - FETÖ olayları, referendumdan sonra baş verən basqıların qarşısı ölkə rəhbərliyi tərəfindən qətiyyətlə alındı. Prezident Rəcəb Tayyib Ərdoğanın geri çəkilməməsi, əksinə, hücum diplomatiyasını işə salması və ölkəsinin maraqlarını heç bir başqa siyasi maraqlara qurban verməməsi Türkiyənin AŞ PA-dan çıxması ilə nəticələnə bilər. Monitorinq qərarının ardınca, seçimin Türkiyədə deyil, Avropada olduğunu da deyə bilərik.
"Türkiyədə sabitlik olmasa,hamımızın başı bəlaya düşər”
Macarıstanın Baş naziri Viktor Orban Türkiyədə sabitliyi təmin edənlərin dəstəklənməsinin lazım olduğunu bildirib. Orban bunu Avropa Parlementi Baş Assambleyasının iclasından sonra keçirilən mətbuat konfransında dilə gətirib. Baş nazir referendumdan sonra Ərdoğanı təbrik etməsi ilə bağlı suala "Türkiyənin sabitliyi Avropa üçün önəmlidir” cavabını verib. Orban Türkiyədə sabitlik olmayacağı təqdirdə Avropanın bəlaya düşəcəyini söyləyib: "Bütün bölgə "alov topuna” çevrilər, Avropa üzərindəki təzyiq dözülməz olar. Buna görə də Ərdoğanın sabitliyi təmin edəcək siyasi mühiti formalaşdırmasını dəstəkləyirəm”.
"Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır”
"Analitika Yuqa Rossii” jurnalının baş redaktoru Yevgeni Mixaylov deyib ki, AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı bu ölkəyə təzyiq göstərmək məqsədilə qəbul edilmiş növbəti qərardır. Onun sözlərinə görə, bu qərar Türkiyəyə yeni ittifaqlar qurmaq zərurətini göstərəcək: "AŞ PA-nın bu addımında müsbət cəhət görürəm. Fikrimcə, bu, ölkə üçün yeni imkanlar yaradacaq ki, sürətlə dəyişən müasir dünyada düzgün siyasi istiqamətlər seçsin”.
"Türkiyə ilə bağlı monitorinq qərarı Avropaya xeyir gətirməyəcək”
"Strategic Outlook” analitika mərkəzinin sədr müavini Mehmet Fatih Öztarsu deyib ki, ötən il Türkiyə və Avropa İttifaqı sıx əməkdaşlıq ediblər. Türkiyə Avropa yönündə islahatları əsaslı şəkildə həyata keçirirdi. Amma indi həm Aİ-də, həm də Türkiyədə çox şeylər dəyişib. Bu gün Türkiyə regional böhranın mərkəzində yer alıb. Avropa qaçqınlarla bağlı vədlərinə əməl etməyib. Bununla bağlı Türkiyə Aİ-ni məhkəməyə vermək hüququna malikdir”. Ekspert qeyd edib ki, əgər bu gün Avropa Türkiyədən bir sıra öhdəliklərin yerinə yetirilməsini tələb edirsə, Türkiyənin qaçqın böhranı ilə bağlı üz-üzə qaldığı vəziyyəti nəzərə almalı və öz vədləri ilə bağlı cavabdehlik hiss etməlidir.
"AŞ PA-nın qərarında əsas məqsəd Türkiyəyə təzyiq göstərməkdir”
Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı, politoloq Toğrul İsmayıl da bildirib ki, Qərbin məqsədi Ankaraya təzyiq göstərməkdir: "2004-cü ildə Türkiyə bu vəziyyətdən çıxıb. Təkrar dönmək isə təbii ki, müsbət hal deyil. Fikrimcə, Avropanın bu qərarı ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək. Bu səbəbdən Türkiyə Xarici İşlər Nazirliyi artıq ciddi şəkildə etirazını bildirib və vəziyyətin doğru yöndə qiymətləndirilməsini istəyib. Avropadakı bəzi siyasi qrupların əlinə Türkiyədəki çeviriliş cəhdindən sonra bir fürsət düşüb. Onlar bu fürsətdən istifadə edərək Türkiyənin bir sıra terror qruplarına qarşı mübarizə əzmini zəiflətmək istəyirlər”. Politoloq bildirib ki, Avropa siyasətçiləri Türkiyənin daxili işlərinə müdaxilə etməyə çalışırlar.
"Qərar Türkiyənin daha sərt cavab verməsinə səbəb ola bilər”
Beynəlxalq Analitika Mərkəzinin rəhbəri Yusuf Çinar da deyib ki, AŞ PA-nın qərarı Türkiyənin daha sərt cavab verməsinə səbəb ola bilər: "Qurumun Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı rəsmi Ankaraya siyasi baxımdan nəzarət etmək cəhdi olaraq sərt və Avropa Şurasının üzv ölkəsinə qarşı qəbuledilməz bir qərardır. Avropa Türkiyəyə qarşı kənarlaşdırma siyasəti aparır. Ancaq Aİ üzv ölkələrin etdiyi səhvləri görmür. Fransa ölkədə fövqəladə hal elan etdikdə "demokratik ölkə”, Türkiyə eyni addımı atdıqda isə "insan hüquqlarını pozan ölkə” adlanır”. Y.Çinarın sözlərinə görə, AŞ PA-nın bu qərarı Türkiyənin Avropaya daha sərt cavab verməsinə səbəb ola bilər: "Əvvəl tərəflərin münasibətləri dalğalı şəkildə davam edirdisə, sözügedən qərarından sonra Avropa-Türkiyə əlaqələri tamamilə kəsilə bilər”.
Deputat: Ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq
"Avropa Şurasının, Avropa Birliyinin və digər bəzi qərbyönümlü beynəlxalq təşkilatların Türkiyəyə və oradakı proseslərə münasibəti birmənalı deyil və bu münasibət hadisələrə adekvat hesab olunmur.” Bunu isə Trend-ə Milli Məclisin deputatı Musa Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların Türkiyəyə olan münasibətlərində ikili standartlar müşahidə olunur: "Türkiyənin Avropa Birliyinə daxil olmaq üçün uzun illərdir göstərdiyi cəhdlərə qarşı süni maneələr yaradılır. Biz həm də Türkiyənin inkişafına, güclənməsinə, demokratik imicinin artmasına xələl gətirən qərarların şahidiyik”.
Deputat qeyd edib ki, bu qərarlar ədalətli deyil və heç bir əsası yoxdur: "Qərəzlər elə bu qərarlarda görünür. İstər Türkiyədəki son referenduma, istərsə də ondan qabaqkı hadisələrə münasibətdə Avropa Şurasının və Avropa Birliyinin qərarlarını ədalətli saymıram. Amma bunlar da ötüb-keçən hadisələrdir. Əsas odur ki, güclü Türkiyə, onun güclü lideri, Türkiyənin Azərbaycan kimi güclü dostu və ədaləti, həqiqəti üstün tutan digər dostları var. Hesab edirəm ki, ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq və Türkiyə öz yolu ilə davam edəcək”.
İsmayıl