“Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki terminalda Azərbaycanın Türkiyə ilə birlikdə keçirdikləri təlimlər zamanı Azərbaycana gətirilən türk təyyarələrinin, hərbi texnikanın orada saxlanılması və onlara texniki xidmətin g
Prezident İlham Əliyevin Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinə ayrılan yerlə bağlı protokol təsdiq etməsi ölkədə bəzi şayiələrə yol açıb. Sosial şəbəkə istifadəçiləri və bəzi media nümayəndələri sözügedən protokolun imzalanmasını Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda hərbi bazasının açılması kimi başa düşüblər.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov isə Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması barədə mətbuatda yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. R.Tahirovun sözlərinə görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki aerodromdan hələ 1999-cu ildən beynəlxalq sülhməramlı missiyada iştirak edən hərbi qulluqçularımızın Kosovo, İraq və Əfqanıstana yola salınması üçün istifadə edilir:
"Burada yerləşən bir terminalda təyyarələrə texniki xidmət göstərən personal və pilotlar üçün istirahət otaqları nəzərdə tutulub. Qeyd edim ki, Azərbaycan sülhməramlılarının Əfqanıstana aparılması və oradan gətirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilir. Təyyarə aerodroma enməzdən 1 saat əvvəl Türkiyə hərbi attaşeliyi aparatının nümayəndəsi tərəfindən buradakı 2 otaq açılır. Təyyarə aerodromda olarkən ona texniki qulluq göstərilməsi, yanacaqla təchiz olunması və digər prosedurlar icra edilən zaman pilotların qısamüddətli istirahəti bu otaqlarda təmin edilir. Təyyarə yola düşdükdən sonra isə otaqlar bağlanır, Azərbaycan tərəfinə təhvil verilir, mühafizəyə götürülür və Türkiyə hərbi attaşeliyi aparatının nümayəndələri ərazini tərk edirlər”.
Nazir müavini qeyd edib ki, təsdiq edilmiş Protokola əsasən, hələ keçən əsrin 90-cı illərindən ölkəmizdə fəaliyyət göstərən və "Qızıl Şərq” hərbi şəhərciyi ərazisində yerləşən bina Türkiyənin ölkəmizdəki hərbi attaşelik aparatına icarə qismində müvəqqəti istifadəyə verilib: "Bu protokol həmin tikilidə icarəçi tərəfindən təmir-bərpa işlərinin aparılması üçün hüquqi imkan yaradır”.
Protokolun mahiyyətini açan ehtiyatda olan polkovnik- leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə mətbuat nümayəndələrinin bu cür kobud səhvlərə yol verməsinin xoşagələn olmadığını deyib. Çünki bu məsələ birbaşa Azərbaycanın milli təhlükəsizliyi və müdafiəsi ilə bağlı olan bir məsələdir. Media ölkə başçısının imzaladığı sənədi təhrif edərək dünyaya tamam başqa formada təqdim edir. Bu isə bizim ziyanımıza işləyən bir haldır.
Sənədin mahiyyətinin çox sadə və aydın olduğunu vurğulayan hərbi ekspert deyib ki, fərman hərbi baza statusuyla bağlı deyil. Söhbət Azərbaycanda olan Türkiyə silahlı qüvvələrinin bundan sonrakı həyat və fəaliyyətinin tənzimlənməsindən gedir: "Qızıl Şərq” şəhərciyindəki bina və tikililər, o cümlədən Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi aerodromdakı bir terminal Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilib. Bunlar tamam ayrı məna daşıyan fikirlərdir. Əvvəla onu deyim ki, Azərbaycanda hətta qardaş ölkənin hərbi kontingentinin yerləşdirilməsi üçün Azərbaycan qanunvericiliyində icazə məsələsi var. Bizim hərbi doktrinada və Milli Təhlükəsizlik Konsepsiyamızda da bu məsələ əksini tapıb. Belə bir hadisə yalnız Parlamentin qərarına əsasən ola bilər. Çox təəssüflər olsun ki, dünən bizi istəməyən qüvvələr bu məsələdən geninə-boluna istifadə eləməyə başladılar ki, Azərbaycan Türkiyəyə hərbi baza açıb və Silahlı Qüvvələrini bura köçürüb. Belə bir şey yoxdur”.
Ü.Cəfərovun sözlərinə görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki terminalda Azərbaycanın Türkiyə ilə birlikdə keçirdikləri təlimlər zamanı Azərbaycana gətirilən türk təyyarələrinin, hərbi texnikanın orada saxlanılması və onlara texniki xidmətin göstərilməsi kimi digər məsələlər həyata keçiriləcək: "Məsələnin əsas mahiyyəti budur, amma nədənsə bizim jurnalist dostlarımız bunu fərqli bir formada təqdim edirlər. Bunu Azərbaycanın Türkiyə Silahlı Qüvvələrinə "qucaq açması” kimi qələmə verirlər. Hesab edirəm ki, bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinin və mətbuatının məlumatı olacaq və heç bir bazadan söhbət getmir sadəcə, Türkiyə hərbiçilərinin yerləşdiyi ərazilərin bundan sonra müdafiəsini, mühafizəsini özləri həyata keçirəcəklər. Protokolun mahiyyəti bundan ibarətdir’.