Türkiyə istəsə...

.Azərbaycan əsgəri də Afrində türk qardaşlarının yanında olmağa hazırdır



Türkiyə ordusu Suriyanın Afrin rayonunda PYD və YPG terror təşkilatına qarşı əməliyyatları davam etdirir. Yanvarın 20-dən başlayan əməliyyat nəticəsində artıq 1000-dən çox terrorçu məhv edilib, bir neçə kənd azad edilib. Dünyada bu əməliyyata münasibət birmənalı deyil, əksər ölkələr Türkiyəni dəstəkləsələr də, qarşı çıxanlar da var.

Ancaq Azərbaycan hər zaman olduğu kimi, bu məsələdə də Türkiyənin haqlı mövqeyini həm rəsmi səviyyədə, həm də ictimai rəy səviyyəsində dəstəkləyib. Hətta Azərbaycan ordusunun Suriyanın şimalında antiterror və sülhyaratma əməliyyatlarında Türkiyə ordusu ilə birlikdə iştirakını təklif edənlər də olub. Məsələ ondadır ki, Azərbaycan ordusu dəfələrlə Türkiyə ordusu ilə birlikdə hərbi təlimlərdə iştirak edib, ordular arasında koordinasiya və əməliyyat uyğunluğu sınaqdan keçirilib. Digər tərəfdən Azərbaycan ordusu artıq 20 ildən çoxdur ki, BMT missiyası və beynəlxalq antiterror koalisiyası tərkibində dünyanın bir neçə qaynar nöqtəsində xidmət edib. Bu baxımdan gündəmə gətirilən məsələnin reallaşması mümkünsüz deyil.

Məsələni "Şərq”ə dəyərləndirən millət vəkili Zahid Oruc deyib ki, Türkiyənin məlum qərarı elan olunanda qardaş ölkəni ilk müdafiə edən məhz Azərbaycan olub. Deputatın fikrincə, Türkiyə və Azərbaycan biri-birini tarix boyu siyasi, təhlükəsizlik və hərbi məsələlərdə müdafiə ediblər:

"Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatlar qətiyyən "torpaq işğalı” və "əraziyə iddia” kimi dəyərləndirilməməlidir. Türkiyənin məqsədi Suriyanı bölmək, parçalamaq deyil. Əksinə, qardaş ölkə regionda sülhün yaradılmasına çalışır. 700 minlik orduya malik Türkiyə öz qüvvələrinin çox kiçik bir hissəsini, hardasa 10 min nəfərlik birləşməni Suriyaya göndərib. Məqsəd həm terror təhlükəsini önləmək, həm də öz sərhədlərində hərbiləşmiş zona yaradılmasına mane olmaqdır. Bir çox ölkələr məhz bu amillərdən dolayı Türkiyəni dəstəkləyirlər”.

Millət vəkili "Azərbaycan əsgəri türk mehmetçikləri ilə çiyin-çiyinə Afrin əməliyyatlarında iştirak edə bilərmi” sualına belə cavab verib: "Heç şübhəsiz ki, mənəvi və siyasi baxımdan bunu hər birimiz rahatlıqla söyləyə bilərik. Çünki buna mane olan hallar mövcud deyil. Kimsə Azərbaycan ordu birləşmələrinin beynəlxalq əməliyyatlarda məhz müharibə məqsədi ilə istifadə olunduğunu iddia edə bilməz. Doğrudur, bu reallaşarsa, dərhal deyəcəklər ki, Azərbaycan öz miqyasını aşır, özünü xarici problemlərin həllinə yönəldir və s. 

Hətta region dövlətləri və terror qruplaşmaları da əleyhimizə çıxacaqlar. Amma hamı bilsin ki, Türkiyə zəruri saydığı təqdirdə ölkələrimizin hərbi birləşmələri hər zaman onların yanında olmağa hazırdır. Qardaş köməyi yardımın az və ya çoxluğu ilə ölçülmür. Əsl qardaşlıq istənilən anda biri-birinin yanında olmaqla ölçülür. Xatırlayırsızsa, Prezident İlham Əliyev Türkiyə əleyhinə olan demarşlara ən çətin reaksiyasını dəfələrlə bildirib. Eyniylə Qarabağ məsələsi də hər zaman Türkiyənin xarici siyasətində mühüm amil olub. Lakin hazırkı məqamda Türkiyə təkbaşına düşünülmüş və uğurlu plan çərçivəsində əməliyyatları sona çatdırmaq iqtidarındadır”.

İsmayıl