Təklif var ki, bu ölkədəki jurnalistlərimizin sayını artıraq
Türkiyə mediası Qarabağ probleminə kifayət qədər yer vermir. Bu artıq Türkiyə KİV təşkilatlarını da narahat edir. Türkiyə Jurnalistlər Federasiyasının prezidenti Atilla Sertel bildirib ki, Qarabağ problemi Türkiyə KİV-də kifayət qədər işıqlandırılmır: "Türkiyədə Qarabağ problemi və Xocalı soyqırımının işıqlandırılması ilə əlaqədar bir çox işlər görülüb.
Lakin təbii ki, bu, kifayət edəcək səviyyədə deyil: "Qarabağ münaqişəsinə gəlincə, işğal edilmiş torpaqlar o bölgədə yaşayan xalqın, azərbaycanlıların torpaqlarıdır. Bu problemin həll yolu mütləq araşdırılmalı və tapılmalıdır. Bunu isə jurnalistlər deyil, siyasi iqtidarlar tapmalıdır”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Türkiyə KİV-də ümumiyyətlə, Azərbaycanla bağlı az məlumatın verildiyini düşünür: "Yalnız TRT Avaz televiziyası öz daşıdığı missiyasına uyğun olaraq ölkəmizlə bağlı müəyyən proqramlar hazırlayır. Digər Türk TV kanalları, xüsusən çap mediası Azərbaycan haqqında məlumatlara çox az hallarda yer verir”.
E.Mirzəbəyli qardaş ölkə mətbuatında bəzi hallarda erməni mənafeyinə xidmət edən yazılara rast gəlindiyini də açıqlayıb: "Hətta Azərbaycanın maraqlarına zidd informasiyalar yaymaqdan belə çəkinmirlər. Həm Türkiyə, həm də Azərbaycanda türk mətbuat orqanlarının iştirakı ilə keçirilən görüşlərdə dəfələrlə bu məsələlərlə bağlı müzakirələr aparılıb. Fərqli yanaşmalar mövcuddur. Bu istiqamətdə müəyyən işlərin aparılmasına ehtiyac var”.
Onun fikrincə, bizim Dağlıq Qarabağ münaqişəsinə, türk dünyasının ortaq problemlərinə baxışımızla, Türkiyə mediasında çalışan əksər jurnalistlərin baxışları çox fərqlənir: "Azərbaycan jurnalistləri ümumi türk dünyasına münasibətdə daha çox təəssübkeşdir. Ancaq, təəssüflər olsun ki, eyni mövqeni türk jurnalistlərində yetərincə görmürük. Belə jurnalistlərin sayı həddindən artıq azdır. Türkiyədə ümummilli məfkurə daşıyıcıları olan mətbu orqanların yayım dairəsi geniş deyil. Məşhur qəzetlər və saytlar ayrı-ayrı iş adamlarının və siyasi qrupların nəzarətindədir. Onlar da həmin qrupların və iş adamlarının maraqlarından çıxış edirlər”.
Baş redaktor hesab edir ki, biz artıq fərqli istiqamət tutmalıyıq: "Nəinki Türkiyə, eyni zamanda dünyanın digər ölkələrinda çalışan yerli jurnalistlərin sayını artırmaq lazımdır. Məsələn, Türkiyədə türkcə yazan jurnalistlərin sayını artırmaq lazımdır. Həmçinin, bu vətənə, dövlətə və xalqa bağlı digər ölkələrdə ingilis, fransız və başqa dillərdə bilən və çalışan jurnalistlər yetişdirməliyik. Çünki Türkiyə mediasında türk adları adı altında fəaliyyət göstərən çoxlu sayda erməni və Azərbaycana xoş münasibət bəsləməyən digər millətlərin nümayəndələri təmsil olunurlar. Onlar əllərinə fürsət düşən kimi Azərbaycanın əleyhinə informasiyalar yayırlar.
Bu məsələləri TJF başqanı yaxşı bilir. Ölkəmizə gəlib, burada gurultulu bəyanatlarla bu məsələləri Azərbaycanın diqqətinə çatdırmaq lazım deyil. Türkiyədən Azərbaycana gələrək şablon bəyanat verən şəxslərin ağzının içinə baxmaqdan hələ də yorulmamışıq. Bəlkə də onlar geri qayıdarkən təyyarəyə mindikdən əvvəl və ya sonra söylədikləri fikirlər yadlarından çıxır. Bu məsələnin həlli istiqamətində Türkiyədə yaşayan Azərbaycanı sevən, başqa umacaqları olmayan şəxslər çalışmalar apara bilər”.
Vüqar Şahinoğlu