Türkiyə o riskə getməz...

Əsəd rejimi 1 milyona yaxın insanın qətlində günahlandırılır
Gələcəkdə Suriya hakimiyyətinin formalaşması məsələsində Türkiyə hansısa sövdələşməyə gedə bilməz



Suriya Prezidenti Bəşər Əsədlə dialoqa başlamaq üçün Türkiyə Xarici İşlər Nazirliyində iki heyət hazırlanır. Bu barədə Türkiyənin "T24” saytı məlumat yayıb. Sayt mənbə kimi Türkiyə Böyük Millət Məclisini göstərib. Lakin bir müddət sonra Türkiyə Xarici İşlər Nazirliyi yayılan söz-söhbətləri cəfəngiyat adlandırıb. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da məsələyə münasibət bildirib. O deyib ki, Türkiyə və Rusiya arasında Suriya ilə bağlı fikir ayrılıqlarını həll etməliyik:

"Türkiyəli həmkarlarımızla bu yöndə Astana formatı kimi fərqli platformalarda fəaliyyət yürüdürük. Bütün məsələlərlə bağlı həmfikir deyilik. Lakin mövcud olan fikir ayrılıqlarını həll etməliyik”. Məlumdur ki, uzun müddət Rusiya və İran Suriya rəhbəri Bəşər Əsədə dəstək verib. Türkiyə tərəfi isə Əsədin hakimiyyətdən getməsi fikrini müdafiə edib. Lakin son proseslərdən sonra bəzi ekspertlər rəsmi Ankaranın Əsəd hökuməti ilə dil tapacağını iddia ediblər.

Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Natiq Miri deyib ki, Suriyanın gələcək hakimiyyət məsələsi Türkiyə üçün həm siyasi, həm də mənəvi cəhətdən prinsipial xarakter daşıyır. Ekspert xatırladıb ki, 3 milyondan artıq suriyalı Türkiyəyə sığınıb: 

"Hazırda Əsədə qarşı döyüşən və terrorla heç bir əlaqəsi olmayan müxalif qüvvələr üzərində təsir sadəcə Türkiyəyə məxsusdur. Məhz bu baxımdan Rusiya və Suriyaya girmiş digər ölkələr Ankara ilə bir çox məsələlərdə hesablaşmaq məcburiyyətindədir. Ona görə də gələcəkdə Suriya hakimiyyətinin formalaşması məsələsində Türkiyə hansısa sövdələşməyə gedə bilməz. Əgər gedərsə, onda Türkiyəni dəstəkləyən bütün müxalif güclər bunu xəyanət kimi dəyərləndirər. Gələcəyin vahid Suriyasını yaratmaq istəyirlərsə, Əsəd rejimi mütləq getməlidir. 

O, 1 milyona yaxın insanın qətlində günahlandırılır. Əsədin təzyiqləri nəticəsində ölkə əhalisinin yarısından çoxu Suriyanı tərk edib və səfalət içində yaşamağa məhkum olub”. Analitikin fikrincə, Suriyada elə bir hakimiyyət qurulmalıdır ki, bütün ölkəni birləşdirə bilsin: 

"Əsədin qaldığı müddətcə bunun reallaşması mümkün deyil. Suriyanın indiki hakimiyyəti mütləq getməli və demokratik seçki keçirilməlidir. Yeni ildə Soçidə planlaşdırılan "Suriya Milli Konqresində” əsas müzakirə predmeti məzh bu məsələ olacaq. Əgər əsaslı qərar alınarsa, Türkiyənin Əsədlə anlaşmasına da ehtiyac qalmayacaq”.

İsmayıl