"Türkiyə "Zeytun Budağı" əməliyyatı ilə ABŞ-ın planlarını pozdu” - Sanksiya gözlənilirmi ?

"Türkiyə Afrindəki "Zeytun Budağı"əməliyyatı ilə Amerikanın planlarını pozdu”.
Bu barədə "Sherg.az”a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib. O qeyd edib ki,  Amerikanın layihəsi  həyata keçərdisə, Türkiyənin sərhədləri üçün problemlər yarana bilərdi:
"Ona görə, Türkiyə ciddi addım ataraq, sərhədlərinin təhlükəsizliyini təmin etməyə cəhd göstərir. Amerika isə razılaşmaları pozaraq, PKK-nın qollarından ibarət silahlı qruplaşmalar yaradıb. Bu baxımdan Türkiyənin addımları Amerikanı ciddi narahat edir.
Rusiya isə ilkin vaxtda bir qədər maraqlı görünürdü. Ən azından neytral qaldı. Bəlkə də, Türkiyənin belə uğurlu əməliyyat həyata keçirəcəyinə ümid etmirdilər. Amma Türkiyənin addımları Rusiyanı da narahat edir.
Ola bilər ki, Amerika və Rusiya Ankaraya təzyiq göstərsinlər. Amma Türkiyə bir güclü dövlət kimi mövqeyini göstərdi. Tətbiq ediləcək sanksiyaların qardaş ölkəni mövqeyindən daşındıracağına inanmıram”.
Qeyd edək ki, Türkiyənin Afrində apardığı "Zeytun Budağı" əməliyyatından sonra rəsmi Vaşinqtonun rəsmi Ankara qarşı münasibətində gərginlik müşahidə olunur. 
Aysel Aslan