Türkiyədə fövqəladə vəziyyət elan olundu

Sülhəddin Əkbər: “Təhlükəli proses hələ başa çatmayıb”
Elçin Mirzəbəyli: “Bu addım ordunu gözdən salmaq istəyənlərin arzusunu ürəyində qoyacaq”




Türkiyədə dövlət çevrilişi ehtimallarının olmasını nəzərə alaraq 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib. Bu haqda Nazirlər Kabinetinin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib. Ərdoğan fövqəladə vəziyyət elan olunan bütün ərazilərdə əsgərlərin valiliklərə tabe olacağını deyib:
"Təhlükəsizlik Şurasında hərtərəfli qiymətləndirmə sonrası, bu terror təşkilatının tamamən aradan qaldırılması üçün fövqəladə vəziyyət elan edilməsini hökumətə tövsiyə etməyi qərara aldıq”. Türkiyədə fövqəladə vəziyyət elan olunduqdan sonra ölkədə idarəçilik "Fövqəladə vəziyyət haqqında” qanuna əsasən tənzimlənəcək. Həmin qanuna əsasən küçəyə çıxmaq məhdudlaşdırıla və ya qadağan edilə, müəyyən yerlərdə və ya saatlarda insanların gəzməsinə, toplanmasına, avtomobillərə tamaşa etməsinə qadağa qoyula, adamlar, avtomobillər, əşyalar yoxlanıla və əgər cinayət əşyası qismində nəsə aşkarlanarsa müsadirə oluna bilər. Həmçinin, qanuna əsasən, hətta sənədi olsa belə, istənilən növ silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin daşınması və ya ixracı qadağan oluna bilər. Məsələni şərh edən ekspertlər türk hökumətinin addımını müsbət dəyərləndiriblər. Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər "Şərq”ə açıqlamasında fövqəladə vəziyyət elan olunmasını çox zəruri addım sayıb: "Bu qərar zəruri addımdır və məcburiyyətdən irəli gəlir. Çünki təhlükəli proses hələ başa çatmayıb. Ölkə daxilindəki zərərli qüvvələrin tamamilə ifşa edilməsi, zərərsizləşdirilməsi və növbəti dalğaların önlənməsi üçün buna ehtiyac var. Bütün dövlətlər belə məqamlarda analoji addımlar atırlar. Türkiyədəki prosesləri bütün dünya izləyir və alınan tədbirləri anlayışla qarşılayır”. Siyasi şərhçi Elçin Mirzəbəyli fövqəladə vəziyyətin lazımlı olduğunu bildirib: "Regionda tamamilə yeni bir mərhələ başlayır. Bütün kartlar açıq oynanılır. Türkiyə Milli Güvənlik Konseyi ən doğru qərarı qəbul etdi. Silahlı Qüvvələr adı altında Türkiyəni xaosa sürükləmək istəyən xəyanətkarlarla mübarizəni sonadək davam etdirmək və uğurla başa çatdırmaq üçün 3 aylıq fövqəladə vəziyyət elan olundu. Bu şərəfli vəzifənin icrası isə qəhrəman türk ordusunun şanlı əsgər və zabitlərinə həvalə edildi. Məncə, bu addım Türkiyə Silahlı Qüvvələrinin adı ilə manipulyasiya etmək, ordunu gözdən salmaq istəyənlərin arzusunu ürəyində qoyacaq”.