Türkiyədə həbslər davam edir

İstanbulda və digər şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib






Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 2418 hərbçi həbs edilib. 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verilib. Hadisədən sonra İstanbulda təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Şəhərə 1800 nəfərlik xüsusi təyinatlı polis qüvvələri yeridilib. Xüsusi təyinatlılar strateji əhəmiyyətli obyektlərdə yerləşdirilib. İstanbul təhlükəsizlik xidmətinin rəisi icazəsiz uçan helikopterlərin xəbərdarlıq etmədən vurulmasına dair əmr verib. Hava məkanına nəzarət üçün F-16 qırıcıları patrul keşiyi çəkir. Ardıcıl tədbirlərin uzun müddət davam edəcəyi, ciddi nəzarət mexanizminin yaradılacağı bildirilir.

Bir sıra ekspertlər hərbi çevriliş cəhdindən sonra Türkiyədə ciddi dəyişikliyin baş verəcəyini iddia edirlər. Politoloq Sülhəddin Əkbər deyib ki, Türkiyədə baş verənlər dövlət çevrilişinə uğursuz cəhd idi. Amma uğursuz olmağına rəğmən çox ağır nəticələri oldu: "Prosesin ağır nəticələri zamanla üzə çıxacaq. Çünki dövlət çevrilişi cəhdindən sonra Türkiyə Silahlı Qüvvələri də başda olmaqla, Türkiyənin dövlət və hökumət strukturlarında çox ciddi təmizləmə işləri aparılır. Bu da şübhəsiz ki, Türkiyənin müdafiə və təhlükəsizliyinə, eyni zamanda idarəetməsinə ciddi təsir göstərəcək”. Ekspert bəyan edib ki, bundan sonra heç bir daxili və xarici güc Türkiyədə dövlət çevrilişinə cəhd etməyəcək: "Proseslərin müsbət tərəfləri də oldu. Ən müsbət tərəfi isə türk demokratiyasının böyük bir sınaqdan çıxması idi. Artıq Türkiyə inkişaf etməkdə olan yox, inkişaf etmiş demokratiya mərhələsindədir. Bundan sonra heç kim Türkiyədə dövlət çevrilişinə cəsarət etməyəcək. Əks halda, önlərində xalqı görəcəklər. Türk milləti artıq demokratiyanın gücünü, öz gücünü dərk elədi, hakimiyyətin məhz ona məxsus olduğunu anlayaraq dövlətə sahib çıxdı. Bu çox ciddi məsələdir və mənə elə gəlir ki, qardaş Türkiyənin inkişafı bundan sonra artıq yeni bir mərhələyə daxil olacaq. Bunun nəticələrini də irəlidə görəcəyik. Bundan Türkiyə dövləti də, hökuməti də, müxalifəti də, xalqı da ciddi nəticələr çıxarmalıdır”. S.Əkbər əlavə edib ki, Türkiyə müsəlman dövləti olaraq bir mübahisəyə də son qoydu: "Dünyada geniş müzakirə olunurdu ki, islamla demokratiya bir araya sığmır. Türk milləti bu müzakirələrdə çox ciddi, inkarolunmaz bir arqument əldə etdi və isbatladı ki, islamla demokratiya bir yerdə mümkündür. Dövlət çevrilişi cəhdi dəf olunsa da, hələ Türkiyə hökuməti təhlükənin tam aradan qalxdığını düşünmür. Ona görə də proses hələ davam edəcək”. Millət vəkili Fəzail Ağamalı da hesab edir ki, proses ardıcıllıqla davam edəcək: "Baş verən hadisə ilə bağlı ciddi araşdırmalar gedir, həbs olunanlar var. Ərdoğan hakimiyyətinin başqa alternativi yoxdur. Bununla bərabər, türk cəmiyyətinin mütləq əksəriyyəti dövlətin, əslində demokratiyanın yanındadır. Çünki hərbiçilərin hakimiyyətə gəlməsi faktiki olaraq hərbi diktatura rejiminin qurulması deməkdir ki, bu da bütün demokratik təsisatların məhdudlaşdırılması, ləğvi, xoşagəlməz situasiyanın yaranması demək olardı. Buna isə türk cəmiyyəti imkan vermədi. Fikrimcə, Türkiyəyə böyük töhfələr verən, onu 20 inkişaf etmiş ölkə içərisində 16-cı sıraya yüksəldən, türk cəmiyyətini inkişaf etdirən, dövləti gücləndirən Ərdoğan bundan sonrakı siyasətində korrektələr aparmalıdır. Elə etməlidir ki, bu və buna bənzər hadisələr üçün zəmin yaranmasın. Xüsusi olaraq xarici siyasətdə kəskin ritorikadan imtina etməlidir. Çalışmalıdır ki, kəskin ritorika normal, xoşməramlı əməkdaşlıqla əvəz olunsun. Eyni zamanda daha çox demokratik dəyərlərə, Atatürkün qoymuş olduğu ənənələrə daha çox fikir verilməlidir. Bu hadisə bir daha göstərdi ki, demokratiya olmasaydı, xalq heç zaman bu şəkildə dövlətini və prezidentini müdafiə etməzdi”.