Asim Mollazadə: “Çox güman ki, belə bir informasiya MİT tərəfindən ölkə başçısına çatdırılıb”
"Hansısa hərbi çevrilişi dəstəkləmək yolverilməzdir. Xüsusən, demokratik Türkiyə dövlətini yıxmaq cəhdi bağışlanmazdır”. Bu sözləri qardaş ölkədə baş vermiş hərbi çevrilişə cəhdi və ondan sonrakı prosesləri "Şərq”ə dəyərləndirən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
Deputat deyib ki, bir neçə aydır Türkiyədə gərginlik hökm sürürdü: "Bu gərginliyin müəyyən səbəbləri var. Ankara hökuməti son aylarda PKK və İŞİD adlı terror qruplaşmalarına qarşı çox ciddi əməliyyatlar keçirirdi. Belə bir məqamda ölkədə çevrilişə cəhd edilməsi təsadüfi sayılmır”. A.Mollazadə Türkiyədə elan olunan 3 aylıq fövqəladə vəziyyətə də münasibət bildirib: "Olduqca normal və zəruri haldır. Fransada baş verən terror olayından sonra da hökumət ölkədə fövqəladə vəziyyət elan etdi və daha sonra onun vaxtını uzatdı. Hərbi çevriliş də kifayət qədər təhlükəli hadisədir. Ona görə də ciddi nəzarət mexanizmini işə salmaq lazımdır. Bütün Azərbaycan xalqı qardaş Türkiyədə sabitliyin, demokratiyanın inkişafını arzulayır və dəstəkləyir. Çünki Türkiyənin inkişafı, güclənməsi qardaş ölkə olaraq bizim üçün çox zəruridir”. Deputat Prezident Ərdoğanın "hərbi çevriliş təhlükəsi hələ bitməyib” xəbərdarlığına da toxunub: "Əgər bir ölkənin rəhbəri belə bir ehtimalın varlığını iddia edirsə, deməli, xəbərdarlığı ciddiyə almaq lazımdır. Çünki Prezident digər şəxslərdən fərqli olaraq daha məlumatlı olur. Çox güman ki, belə bir informasiya MİT tərəfindən ölkə başçısına çatdırılıb. Əslində Türkiyədə 3 aylıq fövqəladə vəziyyətin elan olunması növbəti hərbi çevriliş ehtimalının bir növ zərərsizləşdirilməsidir. Proseslərə və təhlükəli hazırlıqlara nəzarət etmək üçün fövqəladə vəziyyət ən mükəmməl vasitədir”. A.Mollazadə bəyan edib ki, silahlı qüvvələrin içində bir qrup xain əsgərin hərbi çevrilişə cəhd etməsinin və insanlara atəş açmasının şanlı türk ordusu ilə əlaqəsi yoxdur: "Türk Ordusu hər zaman şərəfli yol keçib. Silahlı Qüvvələr Türkiyə dövlətinin dayağıdır. Ordunun içinə sızan kiçik məkirli dəstə mehmetçiyin və şərəfli zabitlərin nüfuzuna heç bir ləkə vura bilməz. Türk milləti öz əsgərini sevir. Bundan sonra da dövlət və millət əsgəri ilə qürur duyacaq”.