Türkiyədə hərbi çevrilişlər tarixinin kökü dərindir
Fəzail İbrahimli: “Tarixdə heç vaxt hərbi çevrilişlərə rəğbət bəslənməyib”
Türkiyə ilə bağlı hər zaman aktual olan və tez-tez müzakirə edilən məsələlərdən biri hərbi çevrilişlərin tarixidir. Cümhuriyyət qurulduqdan sonra türk xalqı bir neçə dəfə hərbi çevrilişlərin şahidi olub. Əslində Türkiyədəki hərbi çevrilişlərin tarixi Cümhuriyyətdən əvvələ aiddir. Hələ 1446-cı ildə Osmanlı dövründə Sultan Mehmetə qarşı əsgərlər etiraz edib və hərbi çevrilişlərin əsası qoyulub. Sultan Məhmətdən sonra demək olar ki, bütün sultanlar əsgər çevrilişləri ilə üzləşib. 12 Osmanlı sultanı hərbi çevriliş nəticəsində taxtdan endirilib.
İmperiyanın süqutundan sonra 1923-cü ildə cümhuriyyət qurulsa da, hərbi çevrilişlərə son qoyulmayıb. 1960-cı ildən bu yana Türkiyədə 7 dəfə hərbi çevriliş və ya buna cəhd olub, 4 dəfə hakimiyyət devrilib. İlk hərbi çevriliş 1960-cı ilin may ayında baş verib. Bu dövrdə Demokrat Partiya iqtidarda idi. Hərbiçilərin "darbe”sindən sonra hakim Demokrat Partiyasının rəhbərləri həbs edildi. 1961-ci ildə baş nazir Adnan Menderes asıldı. Onunla birgə maliyyə və xarici işlər naziri də edam olundu.
1971-ci ildə ordu baş nazir Süleyman Dəmirəli istefaya getməyə məcbur etdi. Hərbçilər Atatürk islahatlarını davam etdirəcək yeni hökumətin formalaşmasını tələb etdilər. Hakimiyyətə gələn texnokrat hökumət Konstitusiyaya dəyişiklik edərək, orduya xüsusi səlahiyyətlər verdi. 1980-ci ildə isə hərbçilər solçu və sağçı qüvvələrin silahlı münaqişəsindən sonra hakimiyyəti ələ keçirdilər. 1980-ci il hərbi çevrilişindən əvvəl ölkənin onlarla vilayətində artıq hərbi vəziyyət elan olunmuşdu. Hökumətin devrilməsindən sonra general Kenan Evren başda olmaqla hərbiçilər hakimiyyəti götürdülər. 1980-1983-cü illər ərzində hərbçilər ordunun səlahiyyətlərini artıran 800 qanunun qəbuluna nail oldular. Hərbi çevrilişdən sonra 230 min nəfər həbs edildi, 14 min nəfər vətəndaşlıqdan məhrum olundu. 1997-ci ildə hərbçilər Türkiyənin Baş naziri Nəcməddin Ərbakanı istefaya getməyə vadar etdilər. 2007-ci ildə AKP-nin hakimiyyətə gəlməsindən 5 il sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı mətbuat üçün açıqlama yayaraq ordunun "Atatürkçülüyə, dünyəviliyə və respublikanın təməl prinsiplərinə sözdə deyil, əməldə sadiq olduğunu” bəyan etdi. Bu addım əsgərlərin hakimiyyə açıq təzyiqi, Ərdoğanı devirməyə hazırlıq kimi dəyərləndirmişdi. Ərdoğan ordunun təzyiqləri qarşısında geri çəkilmədi və mövqeyini qorudu. Bu açıqlamanın yayılmasında rolu olanlar isə istefaya göndərildi. Türk ordusunun hərbi çevrilişə meyilli olması, sivil siyasətə tez-tez müdaxilə etməsi mövzusu dəfələrlə müzakirə olunub, bunun səbəbləri araşdırılıb. Bununla bağlı Süleyman Dəmirəlin xarici jurnalistin "nəyə görə sizdə bu qədər hərbi çevrilişlər olur” sualına verdiyi cavab olduqca maraqlıdır: "Tanrı ingilisi yaratdı, ingilislər dövləti, ingilis dövləti də ordusunu yaratdı. Ancaq biz türklərdə bu belə deyil. Tanrı ilk olaraq türkün əsgərini yaradıb, əsgər də millətini yaradıb. Ona görə bizdə hərbi çevrilişlər çox olur”. Süleyman Dəmirəlin dediyi söz yarızarafat olsa da, Türkiyədə bəzi tarixçilər ciddi-cəhdlə iddia edirlər ki, türk millətinin tarix boyu qurduğu bütün imperiya və dövlətləri türk hərbi sistemi qurur və idarə edir”.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, tarixçi-alim Fəzail İbrahimli deyib ki, 1960-cı və 1980-ci illərdə baş vermiş hərbi çevrilişlər, eyni zamanda 1997-ci ildə Ərbakana ordu tərəfindən edilən təzyiqlər Türkiyə tarixində yaşanmış çox təhlükəli və qara məqamlardır. Deputatın sözlərinə görə, heç bir hərbi çevriliş qardaş Türkiyəyə başucalığı gətirməyib, xeyir verməyib, əksinə, zərər vurub: "Hərbi çevrilişlər Türkiyənin beynəlxalq nüfuzuna mənfi təsir göstərib, imicini zədələyib. Etibarsız bir quruluşla, demokratiyadan uzaq və hərbi gücə söykənmiş idarəetmə ilə dövləti yönəltmək mümkün deyil. Hərbiçilər bir neçə dəfə əməllərinə nail olub. Təbii ki, hərbiçilər dedikdə bütövlükdə ordu nəzərdə tutulmur. Hərbidə hansısa generalın, ordu komandirinin istəyi hakimiyyətin siyasətində ifadə olunmursa, yaxud fərdi formada seçilən cümhurbaşqanına rəğbət duymursa, həmin hərbiçi qruplaşma qisasçılıq hissinə qapılır. Yəni çox eybəcər bir proses baş verir. Təəssüflər olsun ki, indiyə qədər bu cür çevrilişlərin qarşısı alınmırdı. Bütün dünya, elə ölkə ictimaiyyətinin özü də hadisədən iş-işdən keçdikdən sonra, yəni hərbiçilər taxtda oturduqdan sonra xəbər tuturdular. Sonuncu çevrilişdə də hərbiçilər çox mühüm obyektləri ələ keçirdilər. Amma dünya çox dəyişib, inkişaf edib. İndiki dövrdə hətta bütün televiziyalar tutulsa belə, texnoloji inkişafın verdiyi imkanlardan yaralanaraq başqa üsullarla xalqa müraciət etmək mümkündür. Ərdoğan da məhz bu imkanlardan istifadə etdi. Əvvəlki illər olsaydı, Ərdoğan hansı vasitə ilə xalqa müraciət edəcəkdi? Xalq səhər ayılacaqdı ki, artıq hakimiyyət hərbiçilərin əlinə keçib. Əgər bu baş tutsaydı, Türkiyənin tarixində ləkəli bir dövr başlayacaqdı və dünya ilə bütün əlaqələr kəsiləcəkdi. Ölkədə kütləvi və haqsız həbslərə start veriləcəkdi. Millət vəkilləri tutulacaq, məhkəmələr və digər orqanlar bərbad hala salınacaqdı”. Millət vəkili bildirib ki, tarixdə heç vaxt hərbi çevrilişlərə rəğbət bəslənməyib: "Bütün çevrilişlərin arxasında ölümlər, işgəncələr, qanunsuzluqlar durur. 1980-ci ildə hərbi çevriliş oldu və general Kenan Evren hakimiyyətə yiyələndi. Dərhal ölkədə fövqəladə vəziyyət elan olundu və dövlət hərbi üsullarla idarə olunmağa başlandı. 7 il hakimiyyətdə qalan Evren öldüyü zaman eks-prezident kimi dəfn olunmadı və cənazəsinə heç kim getmədi. Bu, digər hərbiçilərə dərs olmalıydı. Çünki qiyamçı generalların aqibəti eyni olur”. Deputat Türkiyədə hərbi çevrilişlərin reallaşmasına belə münasibət bildirib: "XX əsrin ikinci yarısında Türkiyə NATO-nun ən fağır üzvü, Rusiyanın ağzında bir yumruq idi. Ona görə də Qərb burada baş verən hərbi çevrilişləri ört-basdır edirdi. Amma müasir dövrdə bunu gizlətmək mümkün deyil. Amma çevrilişə cəhdin özü neqativ haldır. İndi Türkiyə Avropa Birliyinə nə üzlə desin ki, "mən sizə üzv olmaq istəyirəm?!”. Deməzlərmi ki, "sən hələ öz hərbiçilərinə söz keçirə bilmirsən, ordu ölkədə tankla-topla meydan sulayır”. Türk xalqı çevrilişi yatırmaqla böyük bir əxlaqsızlığa son qoydu, orduda yolundan azanları tərksilah etdi. Hərbi sindroma, quldurluq yolu ilə hakimiyyəti ələ almaq siyasətinə son qoyuldu. Əgər xalq hakimiyyəti dəstəkləməsəydi, hökumət devrilərdi. Xalq bütün dünyaya sübut etdi ki, o, demokratik prinsiplərlə idarə olunmaq istəyir. Bu hadisə türk siyasətçilərinə də bir dərs oldu. Bütün siyasi çəkişmələr danışıq yolu ilə həll olunmalıdır, əks halda arxada duran xəyanətkar güc olaya müdaxilə edəcək”.
İsmayıl