Türkiyədəki kimi Bakıda da balıq bazarı yaradıldı

“Təmənnasız olaraq həmin bazarın təbliğini apararam və istehlakçıları ora yönəldərəm. Bununla ölkənin hər yerində fəaliyyət göstərən biabırçı balıq bazarlarına son qoyula bilər”
Eyyub Hüseynov bildirib ki, ilk növbədə bazarın sanitar şəraiti düzgün qurulmalıdır



Paytaxtın Pirallahı rayonunun giriş hissəsində yeni tikilən balıq bazarı artıq istifadəyə verilib. Burda ilkin olaraq dənizdən tutulan balıqlar satışa çıxarılıb. Satıcıların sözlərinə görə, qiymət digər bazarlarla müqayisədə ucuzdur.

7 hektar ərazidə salınan kompleksdə balıq istehsalı üçün açıq və qapalı tipli fermanın tikintisi davam etdirilir. Fermada il ərzində 150 ton nərəkimilər cinsindən olan balıq və 4 ton qara kürü istehsal olunacaq.
Qapalı tipli balıq fermasında yetişdirilən balıqlar topdan satış qiymətinə satılacaq.
Balıqyetişdirmə fermalarının bu il ərzində istifadəyə verilməsi planlaşdırılır. Vətəndaşların rahatlığı üçün Kompleksin ətrafındakı sahil zonası abadlaşdırılıb, ərazi yaşıllaşdırılaraq park salınıb.


Yeni bazarla bağlı "Şərq”ə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ilk növbədə bazarın sanitar şəraiti düzgün qurulmalı, istehlakçıların sağlamlığı üçün bütün lazımlı tədbirlər görülməlidir: 

"Xarici ölkələrdə 2 cür balıq bazarı fəaliyyət göstərir. Məsələn, elə bazarlar olur ki, səhər saat 7-dən günorta 12-yə kimi işləyirlər. İnsanların gözü qarşısında balıq tutulur və diri olaraq satılır. 2-ci balıq bazarları isə daimi olaraq fəaliyyət göstərir. Burdakı balıqlar buz içərisində saxlanılır, istehlakçının ona toxunmaq imkanı var. Ümumiyyətlə, balıq bazarları əsasən dəniz qırağında olur.
Ölkəmizdə isə belə bazarlar yox dərəcəsində idi. Harda və necə gəldi balıq satışı ilə məşğul olurdular. Düşünürəm ki, yeni açılan balıq bazarı müasir bazar olacaq. Yaxşı olardı ki, Pirallahıda Türkiyədəki kimi şərait yaradılsın. Bildiyiniz kimi, Türkiyədə belə bazarlar çox inkişaf edib. Burda əsasən sanitar şərait vacibdir. Balıqların saxlanması, sağlamlıq üçün təhlükəli olmaması əsasdır. Fikrimcə, yeni balıq bazarı istehlakçıların ən böyük seçim etmək və informasiya almaq hüququnu genişləndirəcək”.

E.Hüseynov həmçinin deyib ki, ciddi məsələlərdən biri də balığın göldə, yoxsa dənizdə yetişdirilməsidir. Onun sözlərinə görə, istehlakçıların bu sahədə aldadılması halları var:

 "Bəzən satıcılar balığın göldən yox, dənizdən tutulması ilə bağlı alıcılara yanlış məlumat verirlər. Bu hallar baş verməzsə, yeni bazarın olduqca yaxşı olacağını düşünürəm. Təmənnasız olaraq həmin bazarın təbliğini apararam və istehlakçıları ora yönəldərəm. Bununla ölkənin hər yerində fəaliyyət göstərən biabırçı balıq bazarlarına son qoyula bilər”.

Yeganə Bayramova