Araz Aslanlı: “ABŞ düşünür ki, Ankaranın NATO-ya ehtiyacı var”
"Türkiyədə çevriliş cəhdindən sonra kütləvi "təmizləmələr” dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər”.
Bu xəbərdarlıqla ABŞ dövlət katibi Con Kerri çıxış edib. Dövlət katibi bildirib ki, ABŞ və Avropa İttifaqı Türkiyəyə çevriliş cəhdinə verilən cavablarda demokratiya qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir: "ABŞ Türkiyəni milli demokratik institutların və qanunun aliliyinin yüksək standartlarına hörmət göstərməyə çağırır”.
Yada salaq ki, Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra minlərlə hərbçi, dövlət məmuru işdən çıxarılıb. Onlar barəsində istintaq başlayıb.
Dövlət katibinin xəbərdarlığını şərh edən politoloq Araz Aslanlı qeyd edib ki, NATO həm də siyasi təhlükəsizlik təşkilatıdır. Və onun hüquqi istiqamətləri də var: "Bu təşkilatın keçdiyi yola baxanda görürük ki, o, təhlükəsizliklə bağlı müxtəlif istiqamətlərdə özü üçün prioritetlər müəyyənləşdirib. Eyni zamanda onun da şahidi oluruq ki, NATO yarandığı gündən indiyə qədər onunla bağlı belə bir sual dolaşır: Görəsən bu qurum ora qoşulan bütün ölkələrin təhlükəsizlik maraqları üçün çalışır, yoxsa yalnız ABŞ təhlükəsizliyinin təminatı üçün? Bu sual ətrafında ciddi mübahisələr olub. Həmin sual digər ölkələrdə də suallar yaradıb. ABŞ başqa ölkələri günahlandırır ki, ümumi təhlükəsizliyə töfhə vermirsiniz. Onlar da Amerikanı təqsirləndirir ki, Vaşinqton daha çox öz təhlükəsizliyini düşünür. Bu mübahisə 1991-ci ildən sonra Türkiyə-NATO münasibətləri kontekstində daha da artdı. Ankara terror problemi yaşayırdı. Bu problemə qarşı NATO-dan dəstək ala bilmirdi. Hətta qardaş ölkədə belə düşüncə vardı ki, sözügedən təşkilatın üzvü olan bəzi dövlətlər terrorçulara dəstək verir. Türkiyə bunu Suriya böhranından sonra daha ciddi şəkildə hiss etdi. Türkiyənin bu qurumdan gözləntiləri Ərdoğan Baş nazir olanda Şanxay Əməkdaşlıq Təşkilatına getmək istədiklərini dilə gətirmişdi. Bütün bunlara rəğmən qardaş ölkənin NATO-dan çıxarılmasına dair birdən-birə addım atılması ehtimalı zəifdir. Düzdü, Türkiyəni bir qədər hədələyirlər ki, bizdən kənarda qalsan, mövqelərin zəifləyəcək. Təzyiqlərin effektivliyi var. Rusiya təyyarəsinin vurulmasından sonra Moskva və Ankara arasında yaşanan gərginlik zamanı Türkiyə rəhbərliyi NATO-ya güvənirdi. Qardaş ölkə o qurumdan tam dəstək ala bilməsə də, güvənirdi. İndiki dönəmdə də Türkiyənin sıxıntıları var. NATO üzvləri, məxsusi olaraq ABŞ düşünür ki, Ankaranın NATO-ya ehtiyacı var. Ona görə də, təzyiq göstərir. Məsələni bu cür qiymətləndirirəm”.
Ayyət Əhməd