"Türkiyənin üzərindəki şübhələr aradan qalxdı..."






"İnformasiya yayılırdı ki, guya Rusiyanın Suriyadakı hərbi bazalarına hücumlarda Türkiyənin əli var”.

Bunu "Sherg.az”a Suriyada yaranmış gərginliyi şərh edərkən politoloq İlqar Vəlizadə deyib. 

O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin açıqlaması Türkiyə üzərindəki şübhələri aradan qaldırdı:

"Düşünürəm ki, prezidentin bəyanatından sonra Rusiyada spekulyativ yazılara son qoyulacaq. Suriyada Bəşər Ədədə qarşı vuruşan müxalifətin bir hissəsi Amerika və qərblə sıx bağlıdır. Bu qüvvələr Rusiya Türkiyə münasibətlərinin normal inkişaf etməsini istəmir. Məhz Türkiyənin nəzarət etdiyi regiondan Rusiya hərbi bazalarına hücumlar edilməsi onu göstərir ki, hansısa qüvvələr iki dövlətin münasibətlərinə təsir etmək istəyir.

Suriyada vəziyyət çox qarışıqdır. Bundan istifadə edənlər də çoxdur. Ona görə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxışında provokasiyaları gördüyünü, reallaşmasına yol verməyəcəyini bəyan edib. Yenə də ABŞ-ın bölgədəki addımları tənqid olunub. Bütün hallarda məqsədli tərəf kimi ABŞ göstərilir. Suriyadakı son proseslərdə birbaşa olmasa belə dolayısıyla Amerikanın təsiri ola bilər”.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi general Kennet Makkenzi isə ölkəsinin Rusiyanın Suriyadakı hərbi obyektlərinə PUA hücumu ilə heç bir əlaqəsi olmadığını deyib.

Aysel aslan