Tüstüsüz həyat başlayır

İctimai yerlərdə siqaret qadağan edilirMillət vəkilləri qanun layihəsinin qəbuluna cəmiyyətdən də dəstək gəldiyini bildirdilər
Dünən Milli Məclisdə yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə haqqında Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verərək qeyd edib ki, bu sənədin hazırlanması sosial tələbatdan irəli gəlir. 
Deputat vurğulayıb ki, Azərbaycanda son illər qadınların siqaretə marağı artaraq 1 faizi keçib: "Kişilərin 67,5, qadınların 52,5 faizi tütünün təsirindən əziyyət çəkir. Dözülməz hal da odur ki, bunun nəticəsi narkotik aludəçiliyinə gətirib çıxarır. Bu məsələlər də cəmiyyətin narazılığına səbəb olur. Sevindirici haldır ki, layihə son günlər mətbuatda müzakirəyə çıxarılıb və cəmiyyət tərəfindən kifayət qədər dəstəklənib”.
Hər gün 16 ədəd siqaret...
Millət vəkili deyib ki, müzakirəyə təqdim olunan qanun layihəsi, cəmiyyəti çox ciddi düşündürən bir sosial problemə və bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edir: "Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, bəşəriyyətin hər 4 kişisindən və hər 20 qadınından biri mütəmadi olaraq siqaret çəkir və tütün aludəçisidir. Hər il dünyada 5,4 milyon insan tütün istehlakından və onun törətdiyi xəstəliklərdən həyatını itirir. Hesablamalar bu rəqəmin 2030-cu ildə 10 milyon nəfərə çatacağını ehtimal edir. BMT-nin "Tütünə qarşı mübarizə haqqında” çərçivə konvensiyasına dünyanın 168 ölkəsilə yanaşı, Azərbaycan da qoşulub və sənəd 1 noyabr 2005-ci ildə bizim parlamentdə ratifikasiya olunub. Bütün bunlara baxmayaraq, Azərbaycanda da siqaretə aludəçiliyin dinamikası ilə bağlı rəqəmlər heç də ürəkaçan deyil. Belə ki, ölkə əhalisinin 20-44 yaşadək kişilərinin 30 faizi, bu qrupun 45-64 yaşlıların isə 51 faizi siqaret çəkir. Bu insanlar orta hesabla hər gün 16 ədəd siqaret istifadə edirlər.
Onu da qeyd edək ki, bu narahatçılıq xüsusən cavanlar arasında və nə edəsən ki, əsasən ictimai yerlərdə baş verir”.
Qanun mentalitetimizə və həyat tərzimizə uyğunlaşdırılıb
H.Rəcəbli vurğulayıb ki, on illərin təcrübəsi göstərir ki, siqaret tüstüsündən passiv yolla əziyyət çəkənlər birbaşa aludəçilərdən dəfələrlə çox olmaqla yanaşı, cəmiyyətin haqlı narahatçılığına, bu insanların hüquqlarının pozulmasına gətirib çıxarır: "Layihə üzərində artıq on ildən çox müddətdir ki, parlamentin Sosial siyasət komitəsində iş gedir. Bununla bağlı dünya təcrübəsi öyrənilib, deputatlarımız bir neçə ölkədə təcrübə mübadiləsində olub. Rusiyanın, Türkiyənin və digər dövlətlərin qanun yaradıcılığı praktikasından faydalanılıb. Bütün bu illər ərzində Milli Məclisdə deputat həmkarlarım siqaret çəkilməsinin məhdudlaşdırılması məsələsinə vaxtaşırı toxunublar. Ciddi, imperativ normalardan ibarət qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu vurğulayıblar.
Onu da qeyd edim ki, Milli Məclisin iki komitəsi, 9 nazirlik və mərkəzi icra orqanları da layihəyə öz təklif, irad və rəylərini bildirib. Onu da yada salmaq istəyirəm ki, Turkiyə və Rusiyanın bununla bağlı əvvəllər hazırlanmış qanunvericilik aktları gözlənilən faydanı verməyib. Qanun son 4 ildə yenidən işlənib, daha mütərəqqi və işlək normalarla zənginləşdirilib. Bunları nəzərə alaraq təqdim etdiyimiz layihədə bu iki ölkənin işlək qanunları və Azərbaycan reallıqları baxımından, düşünürəm ki, bizim mentalitetə və həyat tərzimizə uyğun qanun layihəsinin hazırlanmasına nail olmuşuq. Layihənin son variantı insan hüquqları komitəsi ilə birgə müzakirə olunub, bu sənəddə aqrar siyasət komitəsinin 8 iyun 2001-ci ildə "tütün və tütün məmulatı haqqında” qəbul olunmuş qanun layihəsinin bəzi normaları da nəzərə alınıb”.
"Hətta bizə irad tutanlar da tapılırdı”
Komitə sədri diqqətə çatdırıb ki, layihənin müzakirəsi zamanı əks arqument kimi ölkəmizdə aqrar bölmənin inkişafı ilə bağlı tütün əkin sahələrinin genişləndirilməsi və tütün istehsalının artırılması vəzifələri də tez-tez vurğulanır: "Hətta bizə irad tutanlar da tapılırdı. Araşdırma və təhlillər göstərdi ki, Azərbaycan bazarlarında satılan tütün məmulatlarının təxminən 60 faizi başqa ölkələrdən idxal olunur. Bir daha qeyd edim ki, dünya bazarlarında Azərbaycanın qurudulmuş tütün yarpaqlarına hazırda böyük ehtiyac var və bizim qəbul edəcəyimiz qanunun tütün istehsalının artırılmasına heç bir maneəsi olmayacaq. Digər fikir ayrılıqları isə qanunun daha da sərtləşdirilməsi, təsir dairəsinin genişləndirilməsi ilə bağlı idi.
Düşünürük ki, birinci oxunuşdan sonra burada səslənəcək fikirlər ümumiləşdirilərək yeni layihə ictimaiyyətin geniş müzakirəsinə veriləcək. İkinci oxunuş üçün insan hüquqları komitəsiylə birgə hüquq, səhiyyə, gənclər idman, ehtiyac olarsa, digər komitələrin deputatlarının iştirakı ilə müzakirə aparılacaq və bəzi müddəalar və təkliflərə uyğun kompromis variantlar tapılacaq”.
Komitə sədri bildirib ki, konseptual olaraq hazırlanmış qanun layihəsi 3 fəsil və 17 maddədən ibarətdir: "Qanun layihəsində bir neçə məqama daha çox üstünlük verilib. Birinci, tütün istehlakının reklamının ciddi surətdə məhdudlaşdırılması, ikinci, tütün və tütün məmulatlarının zərərinin və ziyanlarının cəmiyyətə daha anlaşılan və dəqiq çatdırılması, üçüncü məqam cəmiyyətin bütün qurumlarında bu sahədə maarifləndirilmənin gücləndirilməsi, dördüncü qadağa yerlərinin sistemləşdirilməsidir”.
Deputatın təklifinə həmkarları güldü
"Azərbaycanda filtirsiz siqaretin istehsalı tam şəkildə qadağan edilməlidir”. Bu sözləri müzakirə zamanı millət vəkili, "European Tobacco Baku” (ETV) ASC-nin İdarə Heyətinin sədri Rüfət Quliyev deyib. Deputat bildirib ki, filtirsiz siqaretin ziyanı filtirli siqaretdən 3-4 dəfə çoxdur: "Həmçinin hesab edirəm ki, Azərbaycana xaricdən gətirilən siqaretlərin keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır. Bunun üçün xüsusi laboratoriyalar var və həmin laboratoriyalarda xaricdən gətirilən siqaretin qutusunun üstündə yazılan məlumatlara uyğun olub-olmaması müəyyən edilməlidir”. R.Quliyev həmçinin deyib ki, siqaret əleyhinə mübarizə üsulunun biri də onun qiymətinin qaldırılmasından keçir: "Qiymət nə qədər baha olarsa, siqareti atanların sayı da bir o qədər çoxalar”.
Millət vəkilinin qiymət artımı ilə bağlı dedikləri isə, həmkarları tərəfindən gülüşlə qarşılanıb. Çünki R.Quliyev deputatlıqla yanaşı, siqaret istehsalçısı olan müəssisə rəhbəridir.
Deputat Tahir Kərimli isə bildirib ki, qanunun icrasının həyata keçirilmə forması açıqlanmalıdır: "18 yaşına çatmayanların tütündən istifadə etməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsi tətbiq edilməlidir. Bu, ondan ibarətdir ki, tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır”.
Milli Məclisin sədri Oqtay Əsədov millət vəkilinə cavab olaraq deyib ki, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək.
Müzakirələrdən sonra "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olundu.
Anar Bayramoğlu