Ukrayna qoşunlarını geri çəkdi

Ölən və yaralananlar var, vəziyyət gərginləşir



Ukraynada separatçılar və ordu arasındakı gərginliyin aradan qaldırılması məqsədilə hazırlanan "Minsk-2” sazişi fiaskoya uğrayıb. Doğrudur, razılaşmaya dair danışıqlar zamanı döyüşlər və ya münaqişə səngimişdi. Buna rəğmən barışıqdan bir neçə saat sonra qızğın silahlı toqquşmalar yenidən şiddətləndi. Hazırda ölkənin şərqində vəziyyət ağır olaraq qalır. Debaltsevo şəhərində intensiv atışmalar davam edir. Hətta vəziyyətlə bağlı Ukrayna prezidenti Pyotr Poroşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında mübahisə ilə yekunlaşan telefon danışıqları baş tutub. Poroşenko Kreml rəhbərini separatçılara dəstək verməməyə çağırıb. O, Rusiya prezidentini riyakarlıqda ittiham edib.

V.Putin isə qanlı qarşıdurmaların yaranmasında Poroşenkonu qınayıb. Kreml rəhbəri iddia edib ki, Poroşenko sabitlik istəyirsə, Debaltsevodakı orduya silahı yerə qoymaları barədə tapşırıq verməlidir. Əks halda, döyüşlər amansız və aramsız hal alacaq.

Məlumat üçün bildirək ki, bu günlərdə Ukraynanın Şərqindəki böhranın nizamlanması məqsədilə Almaniya, Rusiya, Fransa və Ukrayna liderləri Belarusiyanın paytaxtı Minskdə bir araya gəliblər. Uzun sürən danışıqlardan sonra separatçılar və ordu arasında atəşkəsin bərpa olunmasını nəzərdə tutan Minsk barışığı imzalanıb. Buna razılıq ifadə edən tərəflər döyüşlərin dayandırılması haqqında əmr versələr də, onların əmrinə cəmi bir neçə dəqiqə əməl olunub. Bir sözlə, Ukraynada vəziyyət yenidən qarışıb. Poroşenko ABŞ-dan hərbi yardım istəyib Ukrayna rəhbəri Amerikanın vitse-prezidenti Cozef Bayden ilə telefon danışığı zamanı ölkənin şərqində münaqişənin gərginləşməsinin dayandırılması üçün təcili addımlar atılmasının zəruriliyini qeyd edib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir. Bundan başqa, Poroşenko ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün Ukraynaya əlavə vəsaitlərin ayrılması barədə bir müddət əvvəl verilən bəyanatları reallaşdırmağa səsləyib. Bayden, öz növbəsində, Ağ Evin Kiyevi tam dəstəklədiyini söyləyib. C.Bayden və P.Poroşenko separatçıların atəş açması səbəbindən atəşkəs rejiminin pozulmasını vurğulayıblar. Ukrayna qoşunları Debaltsevonu tərk edib Uzun müddətdir Donetsk vilayətinin Debaltsevo şəhərini müdafiə edən Ukrayna kontingenti bu gün yerli vaxtla saat 06:00-da komandanlıqdan gələn əmrlə mühasirə həlqəsini yararaq şəhərdən çıxmağa başlayıb. Ukraynanın "Hromadske TV” kanalının jurnalisti Anastasiya Stanko Debaltsevonu tərk edən hərbi karvanın fotolarını yayıb. Bir çoxları şəhəri piyada tərk edib və Artyomovsk yolundakı hərbi hissələrə qoşulub. Bütün hərbi birləşmələr döyüşə-döyüşə şəhərdən çıxıb. "Donbass” batalyonunun komandiri, millət vəkili Semyon Semyonçenko "112” telekanalına açıqlamasında qoşunların Debaltsevodan çıxarılması prosesinin davam etdiyini və separatçı qüvvələrin buna mane olmaq cəhdlərinin uğursuz olduğunu deyib: "Tam mühasirə şəraiti yoxdur. Yol açıqdır. Qoşunların yerdəyişməsi davam edir, düşmənin buna mane olmaq və məhv etmək cəhdləri uğursuzdur”.

"Krivbass” batalyonunun komandiri Nikolay Kolesnik özünün "facebook” səhifəsində artıq Debaltsevonu tərk etdiklərini yazıb: "Şəhərin müdafiə qərargahı, "Krivbass” və digər dəstələr itki vermədən döyüşə-döyüşə çıxıblar. Əlbəttə ki, həlak olanlarımız, yaralılarımız, əsir düşənlərimiz var. Ölənləri dəfn edib, yaralıları sağaldıb, əsirləri azad edərək müharibədə qalib gələcəyik”. Separatçılar Debaltsevonu tamamilə ələ keçirdi Bu saatlarda separatçıların davamlı hücumlarına tab gətirməyən Ukrayna qoşunları Debaltsevo şəhərini tərk ediblər. Məlumata görə, döyüşlərdə ordu ağır itkilərə məruz qalıb. Rusiyameyillilər şəhərə nəzarəti ələ alıblar. Ukrayna qüvvələri isə yaxınlıqdakı Artyomovsk şəhərində toplaşıblar.

BMT -nin təhlükəsizlik şurası tərəflərə çağırış edib. Qurumdan bildirilib ki, ordu və separatçılar tezliklə düşmənçiliyi dayandırmalıdır. "Minsk-2” sazişinin şərtlərinə əməl olunmalıdır. Qeyd
edək ki, şuranın atəşkəs elanı qarşılıqlı ittihamlara yol açıb. Bəyanata dərhal reaksiya verən Moskva bəyan edib ki, sazişin şərtlərinə əməl etmək yalnız Rusiyadan deyil, bütün tərəflərdən tələb olunmalıdır. Rəsmi Vaşinqton isə Ukrayna böhranının yaranmasında Rusiyanı təqsirləndirib. Ağ Evdən bildirilib ki, münaqişənin dinc yolla həllinə Kreml əngəl törədir. Ukraynadakı hazırkı vəziyyəti və bundan sonrakı prosesləri şərh edən politoloq Natiq Miri "Şərq”ə söyləyib ki, Moskvanın sazişə əməl etməyəcəyi öncədən məlum idi. Ekspertin sözlərinə görə, razılaşma sənədinin altında liderlərdən heç birinin imzası yoxdur: "Sənəddə qondarma qurum rəhbərlərinin və Ukraynanın səlahiyyətli nümayəndəsi Kuçmanın imzası var ki, onlar da heç nəyə təsir göstərə bilmir. Bir sözlə, sənədin heç bir hüququ əsası yoxdur”.

Ekspertin fikrincə, Kreml ona qarşı yönələn sanksiyaların və rəsmi Vaşintonun Kiyevə silah verməsinin qarşısını almağa çalışır: "Hələlik buna nail ola bilir. Moskvanın dəstəklədiyi separatçılar dəmiryol şəbəkəsini Rusiya ilə bağlayan Debaltsevo şəhərini ələ keçirib. Eyni zamanda, Mariupul istiqamətində də hücumlar davam edir. Rusiya Mariupulu istila etməklə, Krıma quru yolunu təmin etmək istəyir. Məqsəd budur. Bununla da, Donteks və Luqanskının ərazilərini tamamilə öz nəzarəti altında saxlamaqla münaqişəni dondurmağa çalışır. Çünki bu vasitə ilə gələcəkdə Kiyevə təsir imkanları əldə edəcək. Bu tipik Rusiya modelidir”. Kreml Azərbaycan, Moldova və Gürcüstanda törətdiklərini Ukraynada da təkrarlayır”.

Müsahibimizin qənaətincə, bundan sonra Avropa ABŞ-ın qarşısında dirənə bilməyəcək: "Ağ Evlə yanaşı, Avropa ölkələri də Kiyevi silahlandırmağa başlayacaqlar. Çünki Putini dayandırmağın yeganə yolu müasir silahlar verməklə ciddi dirəniş göstərməkdir. Bu silahlar olduğu halda Ukrayna da Rusiyaya qarşı vuruşacaq. Müasir silahlar olduğu halda, Moskva öz xoşu ilə masa arxasına gələcək. Artıq onda hərbi dildə danışa bilməyəcək. Bir tərəfdən iqtisadi, digər tərəfdən hərbi təzyiqlər şimal qonşumuzu geri çəkilməyə vadar edəcək. Hazırda Rusiyanın daxilində ciddi ziddiyyətlər mövcuddur. Bu hadisələrdən sonra Vaşinqton Moskvanı durdurmaq üçün düyməyə basacaq”.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bəyan edib ki, Debaltsevo şəhəri "Minsk-2” sazişinin qurbanı oldu: "Çünki rus separatçıları Debaltsevonu işğal etmək üçün ətraf bölgələrdəki qoşun hissələrini bu şəhərin ətrafına topladılar. Minsk sazişi olmasaydı, Ukrayna ordusu başqa istiqamətlərdə separatçılara problem yaradacaqdı və ya əks-hücuma keçərdi, bununla da separatçılar bütün qüvvələrini Debaltsevonun mühasirəsində cəmləşdirə bilməyəcəkdilər. Beləliklə, "Minsk-2” sazişindən ilk qazanan separatçılar və onların arxasında dayanan Kreml oldu”.

Ayyət Əhməd