Ukraynada müharibə yenə davam edəcək

Sülhə nail olmaq üçün birinci növbədə Rusiya ilə sərhəd bağlanmalıdır


"Rusiyameyilli separatçıların Ukraynanın Mariupol şəhərini atəşə tutması və mülki sakinləri qətlə yetirməsi Qərbin Rusiyaya qarşı sanksiyalarını daha da dərinləşdirəcək. Yəni, Qərb Kremlin beynəlxalq bank sistemi olan SWIFT-ə çıxışını qadağan edə bilər”. "Şərq” qəzeti "fr.euronews.com”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Con Kerri bildirib. Onun sözlərinə görə, növbəti sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq:

"Ukrayna böhranı Rusiya ordusunun separatçıların adından istifadə edərək yaratdığı "de-fakto” gərginlikdir. Onlar həqiqəti ört-basdır etməyə çalışırlar. Lakin baş verənlər gözlərimizin önündə cərəyan edir. Dünyanı aldada bilməzlər. "Minsk -2” sazişinin şərtlərini pozan da, məhz Moksva oldu”. Məlumat üçün bildirək ki, SWIFT sistemi hazırda qlobal maliyyə axınlarını tənzimləyən əsas sistemdir və bu sistemə daxil olmayan banklar xarici hesablar üzrə əməliyyat apara bilməz. Bu arada separatçıların lideri Eduard Bassurin bəyan edib ki, rusiyameyillilər sözügedən sazişə dair öhdəlikləri yerinə yetirirlər: "Artıq Debaltso, Orlivka, Donetsk və Telmanov şəhərlərindən ağır texnikaların çıxarılması prosesinə başlamışıq”. E.Bassurnin açıqlamasını cavabsız qoymayan rəsmi Kiyev deyilənlərin yanlış olduğunu söyləyib. Ukrayna hökuməti iddia edir ki, separatçılar Mariupolu işğal edib, Krıma quru yolu ələ keçirmək istəyirlər. Böhranın nəticələrini şərh edən "Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə "Şərq”ə bildirib ki, Ukraynada sülhə nail olmaq üçün birinci növbədə Rusiya ilə sərhəd bağlanmalıdır. Eyni zamanda münaqişə zonası Ukraynanın nəzarətinə keçməlidir: "Minsk-2 razılaşmasında isə qeyd olunub ki, sərhədlər o vaxt bağlanacaq ki, Luqansk və Donetskdə seçkilər keçiriləcək, daha sonra Ukraynanın Konstitusiyasında buna uyğun islahatlar aparılacaq. Bunun isə nə qədər zaman alacağı məlum deyil. V.Quluzadə onu da əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin məqsədi qazanılan vaxt ərzində münaqişə zonasına silah və hərbi texnika göndərməkdir: "Minsk razılaşması müvəqqətidir. Müharibə yenə də davam edəcək. Hələlik sülh əldə olunmayıb. Minsk görüşündə ancaq Putin öz istəyinə nail oldu. Sözügedən razılaşma bir daha göstərdi ki, Putin açıq-aşkar öz istəyindən əl çəkmir. Rusiya nüvə dövləti olduğuna görə Qərbi şantaj edir. Şimal qonşumuz istəyir ki, Luqansk və Donetskdə seçkilər keçirilsin və Ukrayna həmin seçkiləri tanısın”. Politoloq Rasim Musabəyov isə hesab edir ki, Minsk razılaşmasının əldə olunması ilə Ukraynada qan tökülməsinin qarşısı alınacaq: "Atəşkəsin davamlı olub-olmaması, ölkənin ərazi bütövlüyünün bərpa edilib-edilməməsi sonrakı danışıqlardan asılı olacaq. Məlum razılaşmanın sülhə gətirib çıxaracağına inanmıram”. Politoloq qeyd edib ki, Moskva bu razılaşmanın şərtlərinə əməl etməyəcəyi təqdirdə Qərb ölkələri açıq-aşkar Ukraynaya hərbi dəstək verməyə başlayacaq: "Bununla belə, düşünmürəm ki, Kreml öz təxribatçı əməllərindən əl çəksin. Rusiya istəyir ki, Ukraynada gərginlik artsın, hakimiyyət dəyişilsin. Rusiya Kiyevi nəzarətində saxlamaq istəyir”.

Ayyət Əhməd