Ümid var: Novruz bayramında əfv ola bilər





Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı Novruz bayramı ilə əlaqədar əfv gözlədiklərini bildirib. Onun sözlərinə görə, bu dəfə əfv sərəncamı imzalanacağı halda siyasi məhbus adlandırılanların azadlığa çıxacağı da istisna deyil:

"İnanırıq ki, martda əfv olacaq. Bizim gözləntilərimiz budur ki, budəfəki əfv daha çox məhbusa şamil edilsin. Mütəmadi olaraq bizə edilən müraciətlərlə bağlı aidiyyəti qurumu məlumatlandırırıq. Düzdür, Əfv Komissiyası bu işlə bağlı müntəzəm olaraq işləyir. Müraciətçilərin özləri də əfvlə əlaqədar müvafiq strukturlara müraciət edirlər. Biz də hüquq müdafiəçisi olaraq, həmin şəxslərin azadlığa buraxılmasını Komissiyadan xahiş edirik”.

S.Bənənyarlı əfv çıxarsa, ölkə başçısının siyasi məhbus sayılanları da nəzərə alacağına ümid edir: "Biz də istərdik ki, prezident fərmanı imzalayarkən köhnədən qalan siyasi məhbus adlandırılan şəxslərin də adlarını ora əlavə etsin”.

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə prezident tərəfindən imzalanan əfv fərmanının arxasınca Novruz bayramı münasibətilə prezidentin yenidən əfv imzalayacağının nə dərəcədə inandırıcı olduğuna gəldikdə isə S.Bənənyarlı deyib ki, bu məsələ birbaşa prezidentin humanistliyindən asılı olan bir şeydir. Hər ehtimala qarşı biz ümidliyik.

Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu da Novruz bayramı ərəfəsində növbəti əfv fərmanının gözlənilən olduğunu deyib: "Mart ayında əfv fərmanı ola bilər. Düşünürəm ki, Novruz bayramı ərəfəsi bu ehtimal böyükdür. Biz həbsxanada olanların hamısı haqqında sənədi hazırlayıb əfv komissiyasına təqdim etmişik. Kimlərin əfv olunacağını isə deyə bilmərəm. O bizim sərəncamımızda deyil”.

Şəymən