“Görün, ata necə bir bataqlığın içindədir ki, övladını da kiçik yaşlarından cinayətə sürükləyir”
Cəlilabadda 13 yaşlı uşağın 35 yaşlı şəxs tərəfindən bıçaqlanması hiddət doğurur. Hadisə rayonun Sabirabad kəndində baş verib. Zərərçəkmiş uşağın yaxınlarının verdiyi məlumata görə, kənd sakini 35 yaşlı İlqar Əliyev 13 yaşlı Əli Məhərrəmovu küçəyə çağırıb, qollarını tutub və əlindəki bıçağı öz azyaşlı övladına verərək Əliyə zərbə endirməsini istəyib. Lakin övladı bundan imtina edib.
Belə olduqda ata özü qarşısındakı uşağın qarın nahiyəsinə bıçaqla zərbə endirib. Ə.Məhərrəmovun yaxınları deyib ki, uşaqlar arasında dava olubmuş. Belə görünür ki, 35 yaşlı ata uşaqlar arasındakı davanı özü "həll etməyi” qərara alıb. Və utanmadan qarşısındakı 13 yaşlı uşağı bıçaqlayıb.
Təsəvvür etmək belə çətindir ki, ata övladını cinayət törətməyə təhrik edir. Bıçağı övladının əlinə verib "vur” deyir. Belə atadan cəmiyyət nə gözləyə bilər?
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında baş vermiş bu hadisədən sarsıldığını bildirdi:
- Allah eləsin, o uşağa heç nə olmasın, sağalsın. Əgər o uşaq, Allah eləməmiş, tələf olsaydı, bu, iki ailə arasında qan davasına səbəb olacaqdı. Ümid edirəm ki, zərərçəkmiş tərəf yolunu azmış o atanın səhv hərəkətini təkrarlamaz. Uşaqlar arasında dava hamının başına gələn bir işdi. O qədər uşaqlarla dalaşmışıq, küsüb-barışmışıq. Oğlan uşaqları arasında xüsusilə, davaların olması təbii bir haldır. Uşaqdılar, həyətdə oynayırlar, birdən sözləri tərs gəlir, biri-birinə yumruq da atırlar, təpik də. Söyüş də söyülür. Onlar uşaqdılar. Bu gün dalaşıb, sabah barışırlar. Hamımız bunun şahidi olmuşuq. Öz həyatımızda yaşamışıq bütün bunları. Böyüklərin öhdəsinə düşən budur ki, uşaqlar arasında xoş münasibət yaranmasına çalışsınlar. Onları barışdırsınlar. Onsuz da uşaqlar, böyüklərdən fərqli, uzun müddət küsülü qala bilmir. Amma valideynlər uşaqlar arasında münasibətlərin düzgün qurulmasına çalışmalıdırlar. Əgər ortada ciddi bir məsələ yoxdursa, böyüklər uşaqların davasına gərək qarışmasın. Əgər məsələyə müdaxilə etmək zərurəti yaranırsa, böyüklər öz arasında danışıb həll yolu tapmalıdırlar. Biz uşaq vaxtımızdan belə görmüşük ki, uşaq biriylə dalaşanda valideyn öz uşağını tənbeh edərdi, dava-dalaş etməyin pis əməl olduğunu ona başa salardı. "Get, yoldaşınla barış, dost olun”, deyərdilər. İndiki valideynlər çox aqressivdirlər. 35 yaşlı şəxsin əvvəlcə bıçağı öz övladının əlinə verməyə çalışması, bu azmış kimi sonra 13 yaşlı uşağı özü bıçaqlaması nə deməkdir?! Atadakı kinə-küdurətə, hirsə, hikkəyə bir baxın! Bunun adı tərbiyəsizlik, ədəbsizlikdir. Görün, ata necə bir bataqlığın içindədir ki, övladını da kiçik yaşlarından cinayətə sürükləyir. Bu atanın və ya belə bir atadan "tərbiyə” alan uşağın gələcəyi çox qorxunc və təhlükəlidir. Hesab edirəm ki, zərərçəkmiş ailə qarşı tərəfdən təzminat tələb etməlidir. Cinayət əməlinə görə onsuz da həmin şəxs haqq etdiyi cəzasını alacaq. Hansı arqumenti əsas gətirməsinə baxmayaraq həmin şəxsə layiqli cəza verilməlidir ki, başqalarına da dərs olsun.
L.Mehralı bu cür hadisələrdə ictimai qınağın böyük əhəmiyyət daşıdığını qeyd etdi:
- Həmin kəndin camaatı bu hadisəni qınamalıdır. Cəmiyyətdə baş verən neqativ halların bir çoxu cəmiyyətin reaksiya verməməsi, ictimai qınağın olmamasıdır. İnsanlar bunu anlamalıdır ki, bu gün hansısa bir insana qarşı baş verən hüquq pozuntusu, törədilən hansısa cinayət əməli, sabah onların da başına gələ bilər. Əgər 13 yaşlı uşağı bıçaqlayan 35 yaşlı "böyük adam” cəmiyyət tərəfindən qınağa tuş gəlməyəcəksə, sabah o, bundan da ağır cinayət törədə bilər. Gərək o kəndin camaatı həmin şəxsi cəmiyyətdən təcrid etsin, öz hərəkətləri ilə ona yanlış addım atdığını bildirsinlər. Nəsillər arasında qan davaları belə düşünülməmiş hərəkətlər səbəbindən yaranır. Allah eləməmiş, o uşağın başına bir iş gəlsəydi, ailənin durumunu təsəvvür etmək çətin olmayacaqdı. Bəlkə o ailə də çalışacaqdı, qisas alsın. Görün, vəziyyət hansı həddə gəlib çata bilər. Bir nəfərin məsuliyyətsiz hərəkəti, hirsi-hikkəsi birinci növbədə öz ailəsini bədbəxt elədi. O uşaq sağalacaq, ayağa qalxıb yenə də həmyaşıdları ilə oynayacaq, amma onu bıçaqlayan atanın övladı ilə artıq münasibətləri düzəlməyəcək. Ailələr biri-birinə düşmən gözü ilə baxacaqlar. Bütün bunlar çox təəssüfedicidir. Belə hadisələrin təkrarlanmaması üçün həmin şəxs ağır cəzalanmalı, cərimə edilməli və xüsusən də, həmkəndlilərinin təpkisi ilə üzləşməlidir.