Vacib və əhəmiyyətli səfər...

Ekspert İran prezidentinin ölkəmizə səfərini qiymətləndirir



İran Prezidenti Həsən Ruhaninin yaxın 20 gün ərzində Bakıya rəsmi səfəri gözlənilir. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Onun sözlərinə görə, bu, H.Ruhaninin prezidentlik dövründə Azərbaycana ilk rəsmi səfəridir.

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İran lideri H.Ruhaninin cari il ərzində indiyədək bir neçə dəfə görüşləri olub. Azərbaycan Prezidenti İ.Əliyev cari ilin aprel ayının 9-da Tehranda rəsmi səfərdə də olub.

Qonşu dövlət başçısının Bakı səfərinin gizlinlərini şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında səfərin çox böyük əhəmiyyət daşıdığını deyib: "Çünki orda İran-Azərbaycan münasibətləri və Xəzərin statusu ilə bağlı gərginlik yaratmaq istəyən qüvvələr çoxdur. Görüşdə bu kimi məsələlərin müzakirəyə çıxarılacağı gözləniləndir. Azərbaycanın İran üçün mühüm rol oynadığı bir daha aydınlaşdırılacaq. H.Ruhaninin qondarma erməni soyqırımında iştirakı da müzakirə predmeti ola bilər. Rəsmi Tehran fərqində olmalıdır ki, Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bir milyondan çox qaçqın və məcburi köçkünümüz var”.

Xəzərin statusunun müzakirəsinə gəlincə, ekspert qeyd edib ki, Azərbaycan prezidentinin cari ilin aprelində İrana etdiyi səfər çərçivəsində bu məsələ ətrafında fikir mübadiləsi aparılıb: "H.Ruhani söyləyib ki, rəsmi Tehran və rəsmi Bakının ortaq məxrəcə gəlməsi mümkündür. Bu da hər iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından zəruridir. İrana praqmatik hakimiyyətin rəhbərlik etməsi Azərbaycanla İran arasındakı həlli tapılmayan məsələlərin yoluna qoyulmasına imkanlar yaradır”.

Ayyət Əhməd