Arzu Müzəffərova: "Əgər ana bir, ata digər fikir yürüdürsə, əlbəttə ki, uşağın həyata baxışı, ataya-anaya olan güvəni sarsılacaq”
Valideyn dərdini uşağa şərik etməlidirmi?
Arzu Müzəffərova: "Əgər ana bir, ata digər fikir yürüdürsə, əlbəttə ki, uşağın həyata baxışı, ataya-anaya olan güvəni sarsılacaq”Fərqanə Mehmanqızı: "Valideyn əgər ailənin problemlərini uşaqla bölüşmək istəyirsə, uşağın tipinə görə davranmalıdır”
İntihara cəhd edənlər arasında sosial problemləri olanlar da az deyil. Məsələn, ötən gün paytaxtın Nizami rayonundakı ticarət mərkəzinin damına çıxaraq intihar etmək istəyən şəxsin kredit borcu varmış. Borcunu ödəyə bilməyən 34 yaşlı adam "çıxış yolu”nu ölməkdə görürmüş.
Bəzi psixoloqlar isə belə hesab edir ki, ailələrdə yaşanan dramatik hadisələrin bir səbəbi də valideynlərin öz maddi sıxıntıları ilə baş-başa qalmaları, övladlarını dərdlərinə şərik etməmələridir. Amma əksinə, valideyn ailənin problemlərini uşaqla bölüşsə, uşağa durumu başa salsa, gərginlik azalar.
Psixoloq Arzu Müzəffərova uşaqları problemlərə şərik etməyin yollarını göstərib.
"Valideynlər ailənin maddi sıxıntılarını uşaqlarına bildirməlidirlərmi” sualına psixoloqun cavabı belə oldu:
- Valideyniksə, bu ada diqqət yetirməliyik. Adını deyil də, ağırlığını daşımalıyıq. Əlbəttə ki, çox çətindir. Amma şərəflidir. Hər bir valideyndən uşaqlıq çağını soruşsaq, onun da danışacaq travmaları var. Öz valideynlərindən edəcək şikayətləri də olacaq. Çünki həyatın qanunu budur. Amma elə detallar da var ki, bunlara diqqət yetirməliyik. Övladlarımıza olan güvən, münasibət, qayğı, sevgi. Valideyn övladına nə qədər yaxın olmalıdır və bunu nə qədər bacarır.
Övladımız qarşılıqlı sevgidən dünyaya gəlir. Sevgi ilə böyüyüb boya-başa çatır. Sevgi, güvən zaman-zaman qazanılır. Bu da baş verən situasiyalara çox bağlıdır. Uşaq doğulduğunda, onun ailəylə tanışlığı, ətrafa, həyata hazırlığı, ananın ötürdüyü münasibətdən çox asılıdır. Çünki uşağı daha çox ana, sonra ata daha dərindən tanıyır. Qızlar ana olmağa təbii, həmən hazır olurlar, oğlanlar isə ata olduqlarını zamanla dərk edirlər. Bu, səhlənkarlıq deyil. Amma uşaq zamanla böyüyür, onun aldığı informasiyalar həm yaşına, həm də psixikasına uyğun olmalıdır. Hər bir ailədə narahatlıqlar olur. Bu narahatlığın uşaqlara da təsiri dəyir. Çox vaxt valideynlər bu sualla müraciət edirlər; ailənin maddi sıxıntısını uşaqların bilməsi nə qədər doğrudur? Evdə baş verən narahatlığın, uşağın psixikasına nə dərəcə təsiri var?
Dediyimiz kimi bu vəzifə ana-ataların boynuna düşür. Çünki həyat çətinliklərlə doludur. Biz uşaqlarımızı hər bir şeylə təmin etmək üçün çalışmamalıyıq, onları həyatda yaşamağa hazırlamalıyıq. Uşaq zamanla, var nədir, yox nədir, bilməlidir. Bu kəlmələri, situasiyalara görə ana zəngin söz ehtiyatından istifadə etməklə uşağa bildirməlidir. Bu da ailənin şəraitinə və atayla, ananın uşağa birgə ötürdüyü fikirlərdən çox asılıdır. Əgər ana bir, ata digər fikir yürüdürsə, əlbəttə ki, uşağın həyata baxışı, ataya-anaya olan güvəni sarsılacaq. Bəzən cəmiyyətin də, yəni uşağın ətrafında olan uşaqların da maddi baxımdan ötürdüyü yanlış düşüncələr, münasibətlər görülməkdədir. Belə durumda cəmiyyəti deyil, uşağımızın düşüncələrini dəyişməliyik. Uşaqlar valideynin, ona nə qədər yaxın olmasını belə durumlarda görməlidir. Uşaq əgər zamanla özünə qapanırsa, demək, uşağı narahat edən nələrsə var. Valideynlər çox hallarda bu durumda çıxış yolu tapa bilmirlər. İstəmədən yanlışlıqlara yol verirlər. Belə hallarda uşaq nəinki evdən, hətta cəmiyyətdən, həyatdan da soyuyur. Bu durumlarda valideynlər daha diqqətli olmalıdırlar.
Psixoloq Fərqanə Mehmanqızı isə ailə sıxıntılarının anladılmasında uşaqların yaş fərqinin diqqətə alınmasını vacib sayır:
- Hər şeyin həddi, qədəri var. Uşağı onun yaşına, bilik səviyyəsinə və tipinə görə yükləmək lazımdır. Uşaqlar fərqlidir. Bəzisi, çılğın, bəzisi sakit, bəzisi tələbkar, bəzisi də üzüyoladır. Valideyn əgər ailənin problemlərini uşaqla bölüşmək istəyirsə, uşağın tipinə görə davranmalıdır. Və burada valideynin qarşısına öz tərbiyəsi çıxır. Əgər valideyn uşağı eqoist, tələbkar, hər bir arzusunun anındaca yerinə yetirilməsini istəyən və bunu gözləyən bir tipdə tərbiyə edibsə, o uşağa problemlərdən danışmağa dəyməz. Uşağın hər bir istədiyini yerinə yetirəndə, bu, zamanla onda alışqanlığa və "kapriz”ə çevrilir. Uşaqla davranışda hədsiz diqqət gərəkdir. Məsələn, uşağa pulun olmadığını, ailənin maddi sıxıntı keçirdiyini acınacaqlı formada demək olmaz. Çünki belədə valideyn uşağın nəzərində çarəsiz görünər. Uşağa onun istədiyinin əvəzinə başqa nəsə vermək lazımdır. Valideyn uşağa deyə bilər ki, indi bunu ala bilmirəm, əvəzində sənə başqa bir şey alacam. Və yaxud uşağı qonaq aparsın, dondurma alsın, uşaqla gəzintiyə çıxsın. Sevdiyi yeməyi bişirsin. Nəyləsə kompensasiya etməyə çalışsın. Onun istədiyini isə gələcəkdə edə biləcəyini söyləsin. Belədə uşaq sonra əldə edəcəyinin qədrini daha artıq biləcək. Amma ailənin yükünü uşağın üzərinə atmaq olmaz. Valideyn uşağı başdan eləmək üçün yalandan "alacam” deməməlidir. Valideyn uşağın gözündə yalançı duruma düşür və özünə inamı itirir.
Psixoloq kiçikyaşlı uşaqları ailə problemlərindən kənar saxlamağı məsləhət görür:
- 5-6 yaşlı uşaq nə bilir işsizlik nədir? Onu necə başa salmaq olar ki, atan işləmir, ona görə də pulumuz yoxdur?! Belə bir vəziyyətin yaşana biləcəyini valideyn əvvəldən nəzərə almalıdır. Evliliyin ilk illərində keçirdikləri firavan həyat, geniş imkanlar bir neçə il sonra olmaya da bilər. Ona görə də valideyn uşaqları lap kiçik yaşlarından ərköyün böyütməməlidir. Uşaq bilməlidir ki, ona nədəsə "yox” cavabı veriləcək, həmişə istədiyini əldə etməyəcək. Kiçik yaşlarından buna alışan uşaqlarla böyüyəndə daha asan dil tapmaq olur.
Məlahət Rzayeva