Ölkə başçısının fikirlərini müsbət dəyərləndirən millət vəkili Aydın Hüseynovun "Sherg.az"a bildirdiyinə görə, Azərbaycan xalqı daha da əmindir ki, ölkəmizin güclü ordusu, bu ordunun qətiyyətli Ali Baş Komandanı var:
Xalq əmindir: ölkəmizin güclü ordusu, ordunun da qətiyyətli Ali Baş Komandanı var
Dekabrın 17-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib. "Sherg.az" xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport veriblər. Burada ümumilikdə səkkiz bina tikilib. Binaların həyətində uşaq əyləncə meydançası, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət guşələri yaradılıb. Mənzillərdə yaradılan şəraitlə tanış olduqdan sonra ölkə başçısı çıxış edib. Ali baş komandan bildirib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir texnika, silahlar alınır. Bu il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya göstərib:
"Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər.
Əlbəttə, bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir.
Ölkə başçısının fikirlərini müsbət dəyərləndirən millət vəkili Aydın Hüseynovun "Sherg.az"a bildirdiyinə görə, Azərbaycan xalqı daha da əmindir ki, ölkəmizin güclü ordusu, bu ordunun qətiyyətli Ali Baş Komandanı var:"Doğrudan da, son illər ordumuzun maddi-texniki bazası, döyüş və mənəvi-psixoloji hazırlığı güclənir. Hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşdırılır. Bu da günbəgün qüdrətlənən Azərbaycan Ordusunun dövlətimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını şərəflə yerinə yetirməsi ilə nəticələnir. Əlbəttə, ordunu var edən əsas meyarlardan biri də xalqın ona olan inamı və sevgisidir.
Azərbaycan ordusu bu güvəni və sevgini artıqlaması ilə hiss edir. Heç kəsə sirr deyil ki, son illərdə Azərbaycan Ordusunun düşmən üzərində layiqli qələbələri vətəndaşların orduya olan inamını daha da qüvvətləndirib. 2016-cı ilin aprel döyüşləri ilə başlayan yeni bir mərhələ Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndinin və ətraf yüksəkliklərin işğaldan azad edilməsi ilə davam etdi. İndi Azərbaycan xalqı qalan torpaqlarımızın da işğaldan azad ediləcəyi günün yaxınlaşdığına əmindir. Ordumuzun düşmən üzərində qazandığı layiqli qələbələr onu deməyə əsas verir ki, biz addım-addım məqsədlərimizə doğru irəliləyirik. Ordunun maddi-texniki bazası, bu işlə məşğul olan insanların sosial rifah halının yaxşılaşdırılması, hərbiçilərimizə xüsusi diqqət və qayğının göstərilməsi olduqca vacibdir.
Əminliklə deyə bilərik ki, onları qələbəyə səsləyən, ruhlandıran əsas amil xalqın güvəni və inamıdır. Azərbaycan xalqı bir daha sübut etdi ki, biz ordumuzun yanındayıq. Bütün bunlar yalnız bir şeydən xəbər verir. Azərbaycan xalqı bütün varlığı ilə inanır ki, onun ən pis günündə də yanında olub, yardım edəcək ən müqəddəs əli əsgər əli, ən möhtəşəm qələbə ordu qələbəsidir”.
Ayyət Əhməd