Xalq-iqtidar birliyi uğurların əsas şərtidir

İlham Əliyev: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm”



Sürətlə inkişaf edən, beynəlxalq münasibətlərin dəyişdiyi, qloballaşan dünyada yeni məsələlərin, yeni çağırışların ortaya çıxdığı bir zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycana uğur gətirir. Məhz bu siyasətin nəticəsidir ki, indi dünyada sabitlik adası statusuna sahib çıxan Azərbaycan regionun lider dövləti kimi meqalayihələr həyata keçirir. Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir.

Azərbaycan 2003-cü ildən başlayaraq dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Nəticəsi isə göz önündədir. Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Təkcə bir fakta nəzər yetirək. Əgər 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 42 milyard dollardır. Yəni son 15 ildə Azərbaycanın valyuta ehtiyatları 23 dəfə artıb. Əlbəttə ki, ölkəmizdəki sabitliyi və bütün uğurları şərtləndirən ən vacib amil xalq-iqtidar birliyidir. Dövlət başçısının uğurlu siyasətinin təməlində məhz xalq tərəfindən göstərilən dəstək dayanır. Bu birlik, sonuncu, yəni aprelin 11-də keçirilən prezident seçkilərində bir daha öz təsdiqini tapmış oldu. Xalqın yüksək etimadını qazanan cənab İlham Əliyev, yenidən ölkə prezidenti seçildi. Azərbaycan vətəndaşları seçkidə fəal iştirak edərək, öz liderləri, Azərbaycanı inkişafa aparan İlham Əliyevi seçdilər.
Ölkə başçısı da andiçmə mərasimindəki çıxışında xalq-iqtidar birliyinin möhkəmliyinə toxunaraq, seçkilərin nəticəsinin buna əyani sübut olduğunu söylədi.

"Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim” - deyən cənab prezident vurğulayıb ki, son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilib: 

"Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur. Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşadı. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi - qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. 

Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçdi. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayır. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşayıb. Bu da inkişafımız üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür”.
Prezident deyib ki, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və onun rəhbərlik etdiyi hakimiyyətin siyasətidir: "Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.

Millət vəkili Tahir Süleymanov qeyd edir ki, prezidentin də vurğuladığı kimi, Azərbaycanda xalq-iqtidar birliyi var: 

"Xalqımız onu inkişafa aparan liderə, Prezident İlham Əliyevə inanır. Son seçkilər də bunun bariz nümunəsidir. Cənab prezidentimizin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi göstəriciləri yüksəlib, beynəlxalq nüfuzu artıb. Azərbaycanda bütün sahələrdə sürətli inkişaf var. Son 15 il ərzində ölkəmiz yüzlərlə beynəlxalq tədbirə ev sahibliyi edib. Ölkəmizin Avropanın enerji təminatında xüsusi çəkisi və strateji əhəmiyyəti mövcuddur. Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması qeyri-mümkün olur. Bu, ölkənin gücünün göstəricisidir. Artıq böyük dövlətlər də Azərbaycanla hesablaşırlar. Bunun da səbəbi xalqımızın dəstəklədiyi İlham Əliyevin yürütdüyü siyasətdir. Bu gün Azərbaycanda daxili sabitlik mövcuddur. Prezident İlham Əliyevin özünün də dediyi kimi, Azərbaycan sabitlik və inkişaf adasıdır. Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi islahatlar uğurla icra olunur. Bütün bunlar da xalqın seçkilərdə cənab Prezident İlham Əliyevi dəstəkləməsi ilə nəticələndi”.

Anar