Xalq şairi də Kəraməti qınadı:"Bu sərsəmliyə cavab vermək üçün “savadım çatmır” "

Fikrət Qoca:"Ulutürkün yazdıqları çox ağırdır. Kəramət isə hələ uşaqdır, onu qaldıra bilməz"
"Qəşəm onu tərbiyə etmirsə, siz, biz neynəyə bilərik?!"






"Kəramət Böyükçölün fikrini, məqsədini anlamıram. Atasından soruşun, o başa salsın”.

Bu barədə "Sherg.az”a gənc yazar Kəramət Böyükçölün xalq şairi Xəlil Rza Ulutürklə bağlı fikirlərinə münasibət bildirərkən xalq şairi Fikrət Qoca bildirib. 

O qeyd edib ki, həmin gənc yazarın atası şairdir, o tərbiyə etmirsə, siz, biz neynəyə bilərik?!. Öz uşağının psixikasına atası baxır, qoy o özü oğlunu başa salsın: 

"Kim deyir ki, o yazardır, nə yazıb, nə edib? Onun nə ixtiyarı var ki, Xəlil Rza kimi ağsaqqal, dünyadan köçmüş şairi təhqir edir? Xəlil Rza çalışıb, yazıb, yaradıb. "Ulutürkün yazdıqları çox ağırdır. Kəramət isə hələ uşaqdır, onu qaldıra bilməz" O nə danışır, kimdən danışır?”

K.Böyükçölün "adını da şair qoyur, ziyalı qoyur və bilmir ki, qazılan xəndəyi daha da dərinləşdirməklə məşğuldur, nəticədə isə o xəndəyə onun öz xalqı yıxıldı. Və təəssüf ki, oğlu Təbriz də atasının qızışdırdığı ədavətin qurbanı oldu” düşüncəsinə gəlincə, F.Qoca bunları deyib:

"Mənim belə sərsəmliyə cavab vermək üçün "savadım çatmır”. Ağzıma gələn sözü danışa bilmərəm, üstəgəl, 83 yaşında. O uşaq haqqında məndən soruşmayın”.

Qeyd edək ki, tanınmış Azərbaycan şairi və publisisti Qəşəm Nəcəfzadənin oğlu gənc yazar və jurnalist Kəramət Böyükçöl öz "Facebook” profilində "tənqidi" status paylaşıb. Azərbaycanın böyük şairi Xəlil Rza Ulutürkün yaradıcılığının və ruhunun aşağılandığı status insanların böyük narazılığına səbəb olub. Haqqında təhqirlər edilməsinə baxmayaraq, gənc yazar hələ də statusunu silməyib. Yazılan rəylərdən məlum olur ki, xalq Kəramət Böyükçölün yazdığı statusa görə üzr istəməsini istəyir.

Aysel Aslan