Sərdar Cəlaloğlu: "Həmin həkim pulu qaytarıbsa, deməli o xəstəxanada pullu xidmət yoxdur, rüşvət kimi alıb"
"Hadisə dövlət xəstəxanasında baş veribsə, həkimin əvvəlcədən pul alıb, vətəndaşı müalicə etmək ixtiyarı yoxdur”.
Bu sözləri Sherg.az-a ötən gün 5 saylı xəstəxanada "qrija" əməliyyatı zamanı dünyasını dəyişən Vüsalə Məmmədovanın həkim səhlənkarlığından ölməsi məsələsinə münasibət bildirərkən, Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, həkim özəl xəstəxana çalışırsa, qarşılıqlı öhdəlik imzalanmalı, həkim xəstəyə və yaxınlarına operativ müdaxilə zamanı xəstənin ölüm riskinin olmasını çatdırmalıdır:
"Xəstə bütün bunlara razı olarsa, müdaxilə edilib, əməliyyata alına bilər. Belə bir razılaşma olmadıqda həkim səhlənkarlıq edərək, hüququ pozmuş sayılır. İstənilən əməliyyatdan əvvəl xəstədən "dil kağızı” alınmalıdır ki, siz əməliyyat sırasında ölə də bilərsiniz, bu baş verərsə, xəstə yaxınları heç bir şikayət etməməlidir. Bu sənəd alınsa belə ölümün səbəbləri həkimdən asılı olduqda həkim məsuliyyət daşıyır. Məsələn, bu hadisədə iddia edildiyi kimi damar kəsilməsi, düzgün diaqnoz qoyulmağı, əməliyyatda səhlənkarlığa yol vermək kimi problemlər həkim səhvi qəbul edilməlidir.
Həkimlər bilmədən səhv etdikdə onun üçün ciddi tədbir görülməsinə gətirib çıxarmır. Yox, əgər səhlənkarlıq edibsə, bu zaman həkimə qarşı çıxmaq olar. Lakin əvvəl müəyyən etmək lazımdır ki, hüquqi cəhətdən düzgün əməliyyat prosesi təşkil edilib, yoxsa yox. Yəni xəstəyə risk olması izah edilib, dilindən hazır olduğunun təsdiqləyənn kağız alınıbmı? Digər tərəfdən isə tibbi nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Həkimin tibbi səhvi ucbatından xəstə ölübsə, həkimin üzərində məsuliyyəti artırmaq lazımdır, onu tibbi kurslara göndərməklə başlamaq olar”.
Həkimin səhlənkarlığına görə isə mütləq şəkildə araşdırılma aparılmalı olduğunu diqqətə çatdıran S. Cəlaloğlu pataloji anatomiya ekspertizasından sonra ölüm səbəbinin məlum olması ilə iddia qaldırıla biləcəyini vurğulayıb:
"Məhkəmənin qərarından asılı olaraq vətəndaşlara dəyən ziyan ödənməli, xəstəxana və həkim məsuliyyətə cəlb edilməlidir. Hazırda baş verən bu ölümün də ciddi araşdırılmasına ehtiyac var. Ekspertizanın nəticələri açıqlandıqdan sonra həkimin səhlənkarlıq edib-etməməyi məlum olacaq. Həkim səhlənkarlıq etdikdə məsuliyyət daşıyır. Amma bir həkim kimi vicdanla xəstəyə yaxınlaşıb, kömək etmək istəyibsə və səhvə yol veribsə, onu günahlandırmaq düzgün deyil. Lakin bir məsələ də var ki, bəzi həkimlər pul qazanmaq üçün ehtiyac olmayan xəstəni əməliyyata cəlb edirlər. Məsələn, hamilə qadındır, onun xəstəliyi əməliyyatsız sağala bilər və ya doğumdan sonrakı dövrə ertələnə bilər. Bu hallar aydınlaşdırılmalıdır. Əzbərdən kimi isə ittiham edə bilmərik.
O ki, qaldı həkimin əməliyyat pulunu qaytarıb, "olur belə şeylər” deməyinə, bu bir qədər bazar münasibətlərinə bənzəyir ki, malı alırsan yaxşı çıxmadı pulunu qaytarırsan. İnsan həyatına bu cür yanaşmaq yolverilməzdir. Ən azından etika baxımından həkim pul almamalıdır. Həkim rüşvət alırsa, heç olmasa xəstəni tam sağaldıb, ailəsinə təhvil verəndən sonra alsın, əvvəldən almamalıdır. Xüsusilə, özəl müəssisədə həkimin qabaqcadan xəstədən pul alması cinayətdir, rüşvətdir. Həkimin borcudur ki, xəstəni müalicə etsin. Xəstə sağol desə də, deməsə də. Özəl klinikalarda xəstə öldükdə belə bəzən ölünü vermirlər ki, pulunu gətirin elə verək. Həmin həkim pulu qaytarıbsa, deməli həmin xəstəxanada pullu xidmət yoxdur, rüşvət kimi alıb, həkim etikasına zidd şəkildə heç bir yardım etməmişdən əvvəldən cibinə qoyub. Ümumiyyətlə isə məsələ araşdırılmalıdır ki, dəqiq ölçü götürülməsi mümkün olsun”.
Qeyd edək ki, ötən gün 5 saylı xəstəxanada "qrija" əməliyyatı zamanı Vüsalə Məmmədova adlı qadın dünyasını dəyişib. Mərhumun yaxınlarının criminal.az saytına verdiyi xəbərə görə, qadının ölümə səbəb həkim səhlənkarlığıdır. Belə ki, iddiaya əsasən, həkim əməliyyat zamanı səhvən xəstənin damarını zədələyib. Nəticədə üç uşaq anası qanaxmadan dünyasını dəyişib.
Aysel Aslan