Xəzər sammitində liderlər razılaşdı
Beştərəfli sənədlər imzalanıb və bəyanat qəbul edilib
Dünən Rusiyanın Həştərxan şəhərində Xəzəryanı dövlət başçılarının dördüncü sammiti baş tutub. Sammitdə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri bir araya gəliblər. Xəzərin hüquqi statusu və regionda təhlükəsizlik məsələlərini müzakirə edən liderlər statusla bağlı siyasi bəyanatı razılaşdırıblar. Sammit çərçivəsində hökumətlərarası beştərəfli sazişlər imzalanıb. Xəzəryanı dövlətlərin prezidentləri Xəzər hövzəsində əməkdaşlığın prinsiplərini də razılaşdırıb və bu, birgə bəyanatda əksini tapıb. Sənəd dövlət başçıları tərəfindən imzalanıb. Bəyanatda bildirilib ki, tərəflər sahil sularında 25 dəniz mili məsafədə bioehtiyatların hasilatı hüququ əldə edirlər.
19 maddədən ibarət sənəddə deyilir ki, tərəflərin Xəzər dənizində fəaliyyəti razılaşdırılmış prinsiplər əsasında olacaq: "O cümlədən hər tərəfin 15 mil məsafədə dəniz məkanının suverenliyi və əlavə 10 mil məsafədə də bioloji resursların hasilatı hüququ təsdiqlənir”. Həmçinin, bəyanatda Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında bölüşdürülməsi də vacib prinsiplərdən hesab olunur. Liderlər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiq etməklə hədələməmək barədə razılığa gəliblər. Eyni zamanda Xəzər dənizində silahlanmada stabil balansa riayət edilməsi və hərbi təyinatlı obyektlərin inşasının məntiqli və yetərli şəkildə gerçəkləşdirməyin vacibliyi vurğulanıb. Sammitdə çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib ki, dəniz və onun sərvətləri bütün Xəzəryanı ölkələr üçün strateji mirasdır və onu qorumaq, artırmaq gələcək nəsillərin qarşısında ortaq məsuliyyətdir: "Xəzər dənizi beş Xəzəryanı dövlətin strateji mirasıdır. Onların qarşılıqlı fəaliyyəti regionun təhlükəsizliyini möhkəmləndirəcək və iqtisadi inkişafına kömək edəcək”. Rusiya prezidenti bəyan edib ki, tərəflər sammitdə siyasi bəyanat qəbul etmək niyyətindədirlər və bu, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın əsası olacaq: "Bizim ölkələrin əməkdaşlığı regional təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək. O cümlədən terrorizm, ekstremizim, narkotiklərin dövriyyəsi, digər hədələrlə mübarizədə effektivliyi artıracaq, iqtisadi inkişafa əlavə dinamika verəcək, dünya bazarında rəqabətə davamlılığı artıracaq”.
Putin qeyd edib ki, çözülməsi vacib olan məsələlər çoxdur: "Hüquqi status, təhlükəsizlik və iqtisadi əlaqələrdən başqa, nəqliyyatın inkişafı və ekologiya ilə bağlı addımlar müzakirə edilməlidir”. Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin mövcudluğu və hərbi fəaliyyət bütün Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadı gücləndirməyə imkan verəcək. Xəzər dənizi gələcəkdə də sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası kimi qalmalıdır deyən İ.Əliyev qeyd edib ki, 2010-cu ildə Bakıda keçirilmiş III Xəzər sammiti Xəzər dənizinin hüquqi statusuna dair başlıca məsələlərin, xüsusilə də milli zonaların eninin və dəniz bioloji resurslarının mühafizəsinin razılaşdırılmasına ümumi yanaşmaların hazırlanması üzrə danışıqlar prosesinə yeni təkan verdi: "Bakı sammitinin nəticələri üzrə Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması qaçaqmalçılıq, icazəsiz ov, qanunsuz miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlıq və terrorçuluqla mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət strukturları arasında vacib əməkdaşlıq və qarşılıqlı fəaliyyət mexanizmi yaradıb”. Prezident vurğulayıb ki, ötən dövr ərzində Xəzərdə əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə xeyli iş görülüb: "Tərəflər Xəzər dənizində fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin ləğv olunması sahəsində əməkdaşlıq haqqında sazişin razılaşdırılmasını başa çatdırıblar və imzalanmasını təklif ediblər. Bu sahədə Xəzəryanı ölkələrin əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi Xəzərdə daha səmərəli və
təhlükəsiz fəaliyyətə xidmət edəcək. Azərbaycan və Qazaxıstan, Azərbaycan və Rusiya, Qazaxıstan və Rusiya arasında ikitərəfli əlaqələrin, eləcə də Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasında üçtərəfli sazişi xüsusilə qeyd etmək istəyirəm”. Prezidentin sözlərinə görə, bu sazişlər Xəzərin hüquqi statusunun hərtərəfli nizamlanması üçün vacib rol oynayır: "Azərbaycan hesab edir ki, bu sazişlərdə yer almış prinsiplər bütün Xəzəryanı dövlətlər arasında dəniz dibinin bölünməsi üzrə razılaşmaların əldə olunması üçün yaxşı əsas ola bilər. Biz Xəzər dənizinə dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi baxırıq. Azərbaycan Xəzəryanı ölkələrlə qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq əlaqələri və çoxsahəli əməkdaşlıq regionumuzda sabitlik, əmin-amanlıq və təhlükəsizliyin rəhnidir”. Dövlət başçısı qeyd edib ki, enerji resurslarının mənimsənilməsi və beynəlxalq bazarlara nəqli üzrə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması prioritet istiqamətlərindən biridir: "Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir çox beynəlxalq və regional layihələrin birləşdirici halqasıdır. Azərbaycan neft-qaz sahəsində Xəzəryanı qonşuları ilə əməkdaşlığa böyük əhəmiyyət verir. İran və Rusiya şirkətləri Xəzərin Azərbaycan sektorunda neft-qaz resurslarının işlənməsində sərmayədarlar qismində uğurla iştirak edirlər. Azərbaycan, həmçinin Qazaxıstan və Türkmənistan şirkətləri üçün öz ərazisi vasitəsilə neft və neft məhsullarının tranzitini həyata keçirir. Bundan başqa, Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq çərçivəsində elektrik enerjisi və nəqliyyat sahəsində yaxşı perspektivlər mövcuddur. Həmkarlarıma məlumat vermək istəyirəm ki, ötən il Azərbaycanda yüksək dünya standartlarına cavab verən və bütün gəmi növlərini istehsal etmək qabiliyyətinə malik yeni gəmiqayırma zavodu istismara verildi. Bu zavod ölkələrimiz üçün nəqliyyat və kommunikasiyalar sahəsində layihələrin reallaşdırılması üzrə iqtisadi tapşırıqların həllində əlavə imkanlar yaradır. Tərəfimizdən yaradılan müasir logistik infrastruktur ümumi işimizə böyük töhfə verir və Xəzərdə əməkdaşlığı daha da dərinləşdirir”
Sammit haqqında "Şərq”ə açıqlama verən politoloq Elçin Mirzəbəyli əvvəlkilərdən fərqli olaraq dünənki sammitin daha pozitiv məqamlarla bitdiyini bildirib: "Tədbirdə imzalanan sənədlər və birgə bəyanatlar gələcəkdə Xəzərin statusu ilə bağlı mövcud problemlərin aradan qaldıracağına ümid yaradır. Hər halda bu sammit digərlərindən fərqli olaraq qismən pozitiv notlarla yadda qaldı. Görünür, Rusiya Qərblə olan problemlərini Xəzər bölgəsinə transfer etmək istəmir və ən azı Xəzəryanı dövlətlərlə normal münasibətlər qurmağa çalışır. Sammitdə xüsusilə Azərbaycan Prezidentinin çıxışını vurğulamaq lazımdır. Cənab Prezident qeyd etdi ki, Azərbaycan ilə Rusiya və Qazaxıstan arasındakı mövcud razılaşma Xəzərin hüquqi statusu ilə bağlı digər ölkələr üçün də hüquqi baza rolunu oynaya bilər. Hesab edirəm ki, digər ölkə rəhbərləri bu məqama diqqət yetirməlidir”.
İsmayıl