Xocalının harayına bütün dünya səs verdi
Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi aşdıq
Azərbaycanda BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə yaradılan "Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası vaxtından əvvəl başa çatıb. Bu barədə kampaniyanın təşəbbüskarı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev məlumat yayıb. Sədr bu işdə əməyi olan hər bir kəsə, təşəkkür edib:
"İşçi Qrupunun sədri və üzvlərinə, QHT təmsilçilərinə, bu kampaniyanın aparılmasında əvəzsiz xidməti olmuş media mənsublarına, tələbələrə, ictimai aktiv şəxslərə, xaricdə yaşayan soydaşlarımıza, Yeni Azərbaycan Partiyasının çox minli üzvlərinə, rabitə və təhsil işçilərinə və səsimizə qoşulanların hamısına bu səslərin qısa müddətdə toplanmasında göstərdikləri fədakarlığa görə ayrıca minnətdarlığımı çatdırıram”. A.Quliyev onu da qeyd edib ki, kampaniyaya tək Azərbaycandan deyil, xarici ölkələrdən də reaksiya gəlib: "Prosesi hər gün yaxından izləyən əməkdaşların verdikləri məlumata görə, Avropanın əksər ölkələrindən, ABŞ-dan, hətta uzaq Avstraliyadan da səsimizə səs verən əcnəbilər tapıldı. Bu əcnəbilər arasında tanınmış şəxslər, siyasətçilər, jurnalistlər, ictimai-siyasi xadimlər, mədəniyyət işçiləri, hətta keçmiş səfirlər və diplomatlar da var idi. Təbii ki, burada diqqətimizi cəlb edən Sarkisyan rejimindən bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiya qoşulmaları oldu. Bu onu sübut edir ki, əli Xocalı sakinlərinin, xüsusilə körpə uşaqların, qadınların və ahıl insanların qanına batan Sarkisyanın ədalət məhkəməsi qarşısında dayanmasını tək biz deyil, hətta sıravi ermənilər də tələb edirlər. Əminəm ki, Azərbaycan xalqının başına gətirilmiş XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımında birbaşa, habelə dolayısı ilə iştirak etmiş hər bir cinayətkar gec-tez haqlı cəzasını alacaq və onlar ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar”.
Məlumat üçün bildirək ki, kampaniyanı təşkil etməkdə əsas məqsəd Azərbaycan xalqının vahid mövqedən çıxış etdiyini sübut etmək və Ermənistanın işğalçı ölkə olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.
Kampaniyanı müsbət dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq”ə söyləyib ki, proses davamlı şəkildə aparılmalıdır. Onun sözlərinə görə, müasir dünyanın tələblərinə müvafiq olan addımdır: "Yalnız QHT şurası deyil, bütün ictimai təşkilatlar, rəsmi və qeyri-rəsmi qurumlar imkanları daxilində bu cür layihələrlə çıxış etməlidirlər. Artıq mexanizmlər mövcuddur. Sosial şəbəkələr qarşımızda geniş imkanlar açır. Məlum kampaniyaya bütün dünya qoşuldu. Hər yerdən imzalar gəldi. Dünya Sarkisyanın həbi cinayətkar olması ilə bağlı məlumatlandırıldı. Ermənistanın destruktiv mövqeyi dünya ictimaiyyətinə çatdırıldı”.
Təşkilat sədrinin qənaətincə, petisiya haqq səsimizi növbəti dəfə beynəlxalq təşkilatların diqqətinə çatdırdı: "Bu, onlara təzyiq formasıdır. Ola bilər ki, birinci dəfədən alınmasın. BMT bunu tanımasın. Lakin kampaniyanı dayandırmalı deyilik. Belə proseslərlə bağlı beynəlxalq institutlara müraciətlərin sayı artırılmalıdır. Çünki kəmiyyət yüksəldikcə, keyfiyyət halına keçəcək və təşəbbüslər nəticə verəcək”.
Müsahibimiz onu da təklif edib ki, Sarkisyanla yanaşı, Koçaryan, Levon Ter-Petrosyan, Ohanyan və s. haqqında petisiya hazırlanmalıdır: "Hesab edirəm ki, Ermənistanın separatçı ölkə kimi tanınması barədə imzalar davamlı şəkildə toplanıb, göndərilməlidir”.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov da petisiyanın əhəmiyyətli olduğunu bildirib: "Dövlətimiz Ermənistanın təcavüzkar mövqeyinin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində uğurlu siyasət həyata keçirir. Təbii ki, müxtəlif ictimai və siyasi təşkilatlar da dövlətimizin bu siyasətinə dəstək verir. Bu baxımdan, Sarkisyanın beynəlxalq cinayətkar kimi tanınması istiqamətində başlanan kampaniya çox zəruridir. Nəzərə almaq lazımdır ki, Sarkisyan hələ prezident olmamışdan xeyli öncə hərbçi kimi Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak edib, günahsız insanları qətlə yetirib. Xüsusilə, o, Xocalı soyqırımını törədən, dinc insanları qətlə yetirən erməni hərbi qüvvələrinə rəhbərlik edən şəxslərdən biri olub. Sarkisyan bu qətliamda iştirakını açıq şəkildə etiraf edib. Ona görə də onun hərbi cinayətkar kimi beynəlxalq miqyasda tanınması tam doğrudur”.
Petisiyaya dəstəklərindən danışan S.Orucov vurğulayıb ki, YAP-ın gəncləri kampaniyada iştirak etməklə yanaşı, sosial şəbəkələrdə insanların imza verməsi üçün də aktiv təbliğat apardılar: "Bütün bunların nəticəsi olaraq fevralın 16-sı axşamadək 101 min imza toplandı. YAP-ın gəncləri ümummilli məsələlərdə bir mövqedən çıxış edirlər. Gənclərimiz ölkə Prezidentinin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Gənclər dövlət başçısının çağırışı ilə hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar. Ermənistan terror dövlətidir və onun başında duran Sarkisyan terrorçudur, hərbi cinayətkardır. Onun beynəlxalq səviyyədə cinayətkar kimi tanınması üçün bu petisiyada əlimizdən gələni etdik. Əgər gələcəkdə də belə kampaniyalar olarsa, yenə də fəal şəkildə iştirak etməyə hazırıq”.
Ayyət Əhməd