Ya NATO-dan çıxmalıdır, ya da...

Ankaranın savaşa girməkdən başqa yolu qalmayıb



Rəsmi Ankaranın dünyada gedən silahlı toqquşmalara qatılmaması onu çətin vəziyyətə salıb. Türkiyə İraq Şam İslam Dövlətinə qarşı yaradılan koalisiyadan yaxa çəkdiyinə görə, rəsmi Vaşinqtonun qəzəbinə tuş gəlib.

Bundan başqa, Ağ Evin basqısı ilə peşmərgə yaraqlılarına ərazilərindən keçib, İŞİD-ə hücum etməsinə şərait yaratdığına görə, həmin terror dəstəsinin də ciddi təhdidinə məruz qalıb. Bir sözlə, Türkiyə qanlı müharibələrə çəkilir. Qardaş ölkəni savaş poliqonuna çevirmək istəyirlər. Bunu anlayan rəsmi Ankara vəziyyətdən çıxış yolunu seyrçi mövqe tutmaqda görür. Bu da deməyə əsas verir ki, küncə sıxılmış Türkiyə meydanda təklənib. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da ötən günlərdə Fransa dövlət başçısı Fransua Ollandla görüşündə təkləndiklərini etiraf edib. "İŞİD terror təşkilatlarının atdıqları addımlara qarşı hər hansı ciddi tədbirlər görülmür. Amma təəssüf ki, biz tək qalmışıq. Əsəd rejimini qarşısına almayan, "Əsəd gedərsə, nə olacaq” deyə düşünən bir anlayışın adıçəkilən terror qruplaşması ilə mübarizəsi mümkün deyil”.

Ərdoğanın açıqlamasını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, bölgədə ekstremal vəziyyət yaranıb. Onun sözlərinə görə, Qərb dövlətləri olmasa, Türkiyə heç nə edə bilməz: "Amerika, Fransa və başqa güclü dövlətlər İŞİD-in məhv edilməsi istiqamətində aktiv iştirak edirlər. Ərdoğan isə qətiyyətli siyasət yürütmür. İçərisində PKK paralel dövlət strukturları yaradır. Onlara qarşı mübarizə aparmaq lazımdır. Rəsmi Ankara anlamalıdır ki, ölkəni başıörtülülərə bükməməli idi. O, bilməli idi ki, belə siyasət xaricdən müsbət dəstək almayacaq. İndi də məhz ona görə meydanda təklənib”.

Ekspertin qənaətincə, Ərdoğanın Kobani siyasəti təqdirəlayiq olsa da, türkmənlərlə bağlı addımı ürəkaçan deyil: "PKK və İŞİD türkmənləri türklərin gözü qabağında qırır. Buna reaksiya verilməlidir. Qərbə özünün istədiyi taktikanı təlqin etmək siyasəti uğursuzluqla nəticələnəcək. Ərdoğan bunu gec-tez başa düşməlidir”. Politoloq hesab edir ki, Türkiyə dilemma qarşısındadır: "Ya savaşa gedib NATO-da qalmalı, ya da savaşa qatılmayıb təşkilatdan çıxmalıdır. Hazırda məsələ belə qoyulub. Ona görə də rəsmi Ankaranın savaşa girməkdən başqa yolu qalmayıb”.

Q.Hüseynli onu da bəyan edib ki, qardaş ölkənin savaşa getməməsi Kürd dövlətinin yaranmasına gətirib çıxaracaq: "Öz regionunda yaşananlara müdaxilə etməlisən ki, danışıqlar masasında sənə də yer ayırsınlar. Sən də söz sahibi olasan. Türkiyə isə getdikcə söz sahibliyindən məhrum olur. Ankaranın passivlik nümayiş etdirdikcə, Ağ Ev Kürdüstanın yaradılmasını ertələmək istəyir. Türkiyə kimi nəhəng dövlət təşəbbüsü bir ovuc kürdün əlinə verməli deyil”.

Ayyət Əhməd