“Şəhər təsərrüfatının idarə olunması bu işi bacaranlara həvalə edilməlidir”
Paytaxtımız yenə də yağışın "əsarəti altındadır”. Dövlət Yol Polisinin əlamətdar günlərdə tıxacları nəzərə alaraq sürücülərə "mümkün qədər ictimai nəqliyyatdan istifadə edin” xəbərdarlığı gərək əhaliyə məzmunu dəyişmiş formada, bu şəkildə tövsiyə edilsin: "Vacib deyilsə, evdən çölə çıxmayın”.
Onsuz da əhali yağış yağanda qara gününü bəri başdan qablaşdırır. Bilir ki, yolları su basacaq, tıxaclar yaranacaq. Palçığın, lıqqanın ucbatından düz yolda yerimək müşkülə çevriləcək. Hələ yanından bir avtomobil ötsə, əyin-başın da su içində olacaq. Biz hələ kəsilən elektrik enerjisindən, mənzillərdə öləziyən mavi yanacaqdan, tıxacda ilişib qalan avtobuslardan, maşınlardan danışmırıq. Adicə, sərbəst hərəkət etmək imkanlarının necə daraldığını deyirik. Qısası, yağışlı hava Bakı üçün deyil. Yağış gözəlim Bakını viran qoyur. Əlbəttə ki, vəzifəsinin öhdəsindən gəlməyən və ya gəlməkdə özünə əziyyəti rəva görməyən məmurların üzündən.
Küçələrdə selə dönən yağış sularını və bu suların "ağuşunda” sanki BTR-miş kimi özünə cığır açan avtomobilləri görəndə istər-istəməz sual yaranır ki, bəyəm bu suların axıb gedəcəyi bir "dəlmə-deşik” yoxdu? Bu sular niyə küçələrdə selə dönür, səkilərin kənarında göllənib qalır?
İllərdir bu mənzərə sabit bir şəkildədir. Nə qədər deyilir, problem kimi qabardılır, yenə də vəziyyət dəyişmir. Şəhərin yağış suları problemi heç cür həllini tapmır. Bakının abadlaşmasına bu qədər investisiya qoyulur, təmir işləri aparılır, yollar çəkilir, körpülər salınır, Hacıbala müəllim səkilərin kənarına mərmər döşətdirir, hətta işıq dirəklərinə də dibçəklər asdırır ki, baxanların könlü açılsın. Amma nə fayda?! Yağış yağan kimi Bakı "ağ bayraq” qaldırır. Şəhərimiz niyə bu günə düşür?
Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında belə bir biabırçı vəziyyətin yaranmasının səbəbini şəhər təsərrüfatına rəhbərlik edənlərin səriştəsizliyi ilə əlaqələndirdi:
- Şəhər təsərrüfatının idarə olunması bu işi bacaranlara həvalə edilməlidir. Şəhər təsərrüfatına rəhbərlik edənlərin səriştəsizliyinin nəticəsidir ki, hər dəfə yağış, qar yağanda paytaxt sakinlərinin "əzablı yolları” başlayır. Yol çəkilişi standartlara uyğun aparılmır, körpülərin, keçidlərin tikintisində tələb nəzərə alınmır, harda körpüyə ehtiyac var, orada körpü yoxdur, amma harada ki, körpüyə heç bir ehtiyac yoxdur, körpüsüz də çox gözəl keçinmək olar, orada körpü-keçid salınıb. Yolların salınmasında, körpü və keçidlərin tikintisində avtomobil sıxlığı, hansı yollardan avtomobillərin daha çox hərəkət etdiyi nəzərə alınmayıb. Şəhərdə iri tonnajlı maşınlar, daş, qum daşıyan maşınlar, beton qarışdıranlar günün günorta çağı hərəkətdədir və bu da tıxacların sayını artırır. Yol çəkilişi zamanı kanalizasiya xətləri düzgün çəkilmir, bəzən suyun axar yerləri heç qoyulmur. Əvvəlkilər də artıq köhnəlib, yağış sularını axıda bilmir. Bəzənsə suxarlar təmizlənmədiyindən tutulur. Kanalizasiyaların "gözü” də vaxtlı-vaxtında təmizlənməlidir ki, suyu axıda bilsin. Bunun özü məsuliyyət tələb edən bir işdir. Bilirsiz, şəhər böyüyürsə, burada hər şey inkişafa uyğun olmalıdır. Ola bilməz ki, siz 16 mərtəbəli bina tikəsiniz, amma onun nə səkisi, nə həyəti, nə də bağçası, nə də qarajı olsun. Su da ancaq 10 mərtəbəyə çatsın. İnkişaf, böyümə hərtərəfli aparılmalıdır. Bizdə isə əksinədir. Şəhər uzununa böyüyür, hündürmərtəbəli binalar tikilir, yollar salınır, amma bir kimsə düşünmür ki, bəs yağış yağanda bu su hara axacaq? Bakının kanalizasiya sistemi köhnədir. Ötən əsrdə Bakıda indiki qədər insan yaşamırdı, şəhər əhalisinin sayı artıb, mənzillərin sayı artıb, kanalizasiya sistemi isə sovet vaxtında olduğu kimi qalır. Əvvəl gərək kanalizasiya sistemi yenilənəydi, təkmilləşdiriləydi, sonra binaların tikintisinə başlayaydılar. Bundan əlavə şəhər təsərrüfatı ilə məşğul olan qurumlar bir-birilə əlaqəli şəkildə işləmir. Biri yol çəkir, asfalt salır, ertəsi gün başqa təşkilat gəlib asfaltı qazır, su borusu, qaz xətti çəkməyə və ya xətləri yeniləməyə başlayır. Yol kənarındakı su kollektorları, kanalizasiya xətləri mütəmadi təmizlənməlidir, "gözləri” açılmalıdır ki, suyu çəkib apara bilsin. Bəzən yol çəkirlər, su kollektoru qoymağı unudurlar. Ya da yəqin, buna lüzum görmürlər. Nəticədə belə biabırçı vəziyyət yaranır. Yağış yağanda Bakı bərbad günə düşür. Bunu siz də bilirsiz, hamı da bilir. Bu, bizim ümumi problemimizdi. Amma problemi həll edən yoxdur.
Məlahət Rzayeva