Yaponiyada taxta 59 yaşlı Naruhito çıxır

İmperator: “30 il ərzində xalqla birlikdə olduq”



Yaponiya imperatoru Akihito yaş və sağlamlıq vəziyyətinə görə vəzifəsinə davam edə bilməyəcəyini 3 il öncə bəyan etmişdi. Hazırda 85 yaşı olan imperator aprel ayında taxt-tacı 59 yaşlı böyük oğlu vəliəhd şahzadə Naruhitoya təslim edəcək.

Imperator Akihito 1989-cü ildə, atası Hirohito-nun ölümündən sonra taxta keçib. Bazar günü onun taxta çıxmasının 30 illiyi qeyd olunub. Baş nazir Şinzo Abenin də qatıldığı həmin tədbir hökumətin maddi dəstəyi ilə həyata keçirilib. Tədbir paytaxt Tokioda yerləşən Milli Teatrda baş tutub.

İmperatriça Miçikonun da qatıldığı tədbirdə çıxış edən imperator xalqa müraciətində deyib: "Yaponiya uzun əsrlər ərzində ada ölkəsi kimi yalnız özünə məxsus olan mədəniyyət yaradıb. Ancaq indi dünya son dərəcə qloballaşıb. Düşünürəm ki, zamanın tələbinə uyğun olaraq dünyaya daha çox açılmalıyıq, müdrik şəkildə öz mövqeyimizi müəyyənləşdirməliyik və digər ölkələrlə səmimi münasibət qurmalıyıq”.

İmperator onu da vurğulayıb ki, Yaponiya heç zaman imperator və imperatriçanın 30 il ərzində xalqla birgə olduğunu unutmayacaq. (musavat.com)