“Yataqxananın həyətindəki tələbələri görəndə utanırdıq”

“Yataqxananın həyətindəki tələbələri görəndə utanırdıq”




Ermənistanın təcavüzkar siyasəti nəticəsində 25 ilə yaxındır öz yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən işlər görülüb. Qaçqın və məcburi köçkünlər üçün respublikanın müxtəlif yerlərində yüzlərlə şəhərcik salınıb. Müasir standartlara cavab verən mənzillər məcburi köçkünlərin ixtiyarına verilib.

Bununla da çadırlarda, universitet yataqxanalarında, müxtəlif iaşə obyektlərində məskunlaşmış məcburi köçkünlərimiz, yeni rahat mənzillərinə qovuşublar. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Təbii ki, qaçqın və məcburi köçkünlər bu mənzillərdə müvəqqəti məskunlaşdırılıb, Qarabağ işğaldan azad olunanadək normal şəraitdə yaşamaları təmin edilib. Dövlətin bu istiqamətdə atdığı addımlar məcburi köçkünlər tərəfindən də, ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

Xatırladaq ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 1993-cü ildən indiyə qədər 81 fərman və sərəncam imzalanıb. Həmçinin Nazirlər Kabinetinin bununla əlaqədar 307 qərarı var. Milli Məclis tərəfindən 24 qanun qəbul edilib. Təkcə 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 fərman və sərəncam imzalanıb. Ötən dövrdə iki dövlət proqramı və onlara edilən əlavələr təsdiq edilib. Bu istiqamətdə, 2001-2012-ci illərdə qaçqın və məcburi köçkünlər üçün 77 qəsəbə salınıb.

Bütün bunlara 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənib. Bu vəsaitlə məcburi köçkünlərə şəhər kənarında qəsəbələr tikilib. Yataqxanalarda yaşayanların əksəriyyəti bu qəsəbələrə köçürülüb.

O gün gələcək...

Qaçqın həyatına məhkum olunmuş insanların mənzil-məişətinin yaxşılaşdırılması ilə bağlı fikirlərini bölüşən Xocalının deputatı Elman Məmmədov deyir ki, bu, ölkə rəhbərliyinin vətəndaşına qayğısının nəticəsidir. Onun sözlərinə görə, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlər 2015-ci ilə qədər davam edəcək və, bundan sonra sadəcə bir problem qalacaq: "Bu da Qarabağ problemidir . Öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər”.

Millət vəkili Prezident İlham Əliyevin məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış məhəllələrinin açılış mərasimindəki çıxışlarını da xatırladıb: "Torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.

"Məcburi köçkünlərin demək olar ki, mənzil problemi yoxdu”

"Yurd” Məcburi Köçkünlərə Qayğı İctimai Birliyinin sədri Kamran Nəsibov hesab edir ki, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də onların məşğulluq məsələsi həll olunmalıdır: "Bu, vacib məqamlardan biridir. Düşünürəm ki, məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə iş yerlərinin açılması onlar üçün ən böyük kömək ola bilər. Köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Prezident tərəfindən maliyyə vəsaitlərinin ayrılması, bu məbləğlərin bir neçə dəfə artırılması, əlbəttə ki, onun yurdlarından məhrum olmuş vətəndaşlarımıza göstərdiyi diqqətin, qayğının göstəricisidir və birmənalı təqdir edilməlidir.

Güman edirəm ki, ilk növbədə, hazırda köçkünlərin ən ağrılı yerlərindən biri olan mənzil şəraitinin yaxşılaşdırılması üçün addımlar da atılmalıdır. Bu gün respublikanın müxtəlif bölgələrində köçkünlər üçün qəsəbələr salınıb. Bunlar gözəldir, təqdir olunur. Artıq məcburi köçkünlərin demək olar ki, mənzil problemi yoxdu, yataqxanalarda, çadırlarda şəraitsizlikdə deyillər. Amma bununla yanaşı, qaçqın və məcburi köçkünlərin əsas problemlərindən biri də işsizlikdir. Bu baxımdan düşünürəm ki, həmin şəhərciklərdə istehsal müəssisəsi, sexlər tikilsə, yüzlərlə məcburi köçkün ailəsinin işlə təmin olunmasına imkan yaranar”.

"Məcburi köçkünlərimiz çadırlarda, darısqal mənzillərdə deyil, rahat şəraitli mənzillərdə yaşayırlar”

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, iqtisadçı-ekspert Aydın Hüseynov vurğulayıb ki, Prezidentin qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi sərəncamlar ölkə rəhbərinin vətəndaşına qayğısının nəticəsidir: "Məcburi köçkün və qaçqınlar hər zaman ölkə prezidentinin diqqət mərkəzində olub və onların problemlərinin həlli mərhələ-mərhələ həyata keçirilib. Hələ 1998-ci ildə ölkə Prezidenti İlham Əliyev Qaradağ rayonundan millət vəkili olarkən məcburi köçkün və qaçqınlar üçün həmin ərazidə "Ümid” qəsəbəsinin salınması fikri ilə çıxış etdi. Onlar üçün ilk dəfə olaraq qəsəbə salındı. Bildiyiniz kimi, məcburi köçkünlər əsasən Bakı şəhərində məskunlaşıblar. Son dövrdə məcburi köçkünlərin həyat və mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Neft Fondundan xeyli vəsait ayrıldı və onların yaşaması üçün evlər tikilərək istifadəyə verildi. Bu da müsbət qarşılanan bir haldır. Artıq məcburi köçkünlərimiz çadırlarda, darısqal mənzillərdə deyil, rahat şəraitli mənzillərdə yaşayırlar. Bu, dövlət tərəfindən göstərilən qayğının, vətəndaşa verilən dəyərin göstəricisidir”.

Bir problem qalıb, o da torpaqların işğalıdır

Yeni qəsəbələrə köçürülən qaçqınlar da yaşayışlarından razıdırlar. Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən birinə, Müşfiqabaddakı şəhərciyə yollanıb, vətəndaşlarımızın özündən vəziyyətlərini soruşduq.

Əvvəlcə onu qeyd edək ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində ümumi sahəsi 22 hektar olan ərazidə 1410 məcburi köçkün ailəsi üçün hündür mərtəbəli yaşayış binalarından ibarət şəhərcik inşa olunub. Şəhərcik orta məktəb, uşaq bağçası, klub, kitabxana, təcili yardım stansiyası, poçt şöbəsi, idman meydançası, park və kommunal xətlərlə təchiz edilib. Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu şəhərcikdə 4000-dən çox məcburi köçkün məskunlaşdırılıb. Burada əsasən yataqxana və bağçalarda məskunlaşmış məcburi köçkünlər yerləşdirilib.

Erməni terrorçularının ərazilərimizi işğal etməsi nəticəsində qaçqınlıq həyatına məhkum olunmuş Xocalıdan olan məcburi köçkün Niyazi deyir ki, indiki şəraitləri normaldır: "Əvvəl Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşmışdıq. 20 il idi ki, orada yaşadıq. Təsəvvür edin ki, iki darısqal yataqxana otağında, 12 nəfərlik bir ailə yaşayırdı. Amma bu qəsəbədə bizə 3 otaqlı mənzil verildi. Həm də bu 12 nəfərlik ailəyə deyil, təkcə mənim üçün. Övladlarımla bu 3 otaqlı, geniş mənzildə məskunlaşdıq. Anam və qardaşımın ailəsi üçün isə, ayrıca mənzil verildi. Məcburi köçkün həyatı başlayanda gənc idim. Artıq yaşlanmışıq. Bu illər ərzində o qədər problemlərimiz, çətinliklərimiz oldu ki. Amma indi mənzil problemimiz qalmayıb. Buna görə ölkə rəhbərliyinə təşəkkür edirik. Bu şəhərcik salındı, biz də torpaqlarımız işğaldan azad olunanadək rahat mənzildə yaşayacağıq. Düzdü, bu qaçqın şəhərciyinin müəyyən problemləri var. Amma get-gedə yoluna qoyulur. Məsələn, marşrut problemidir ki, artıq görürük həllini tapır”. İşsizliyin problem olaraq qaldığını deyən məcburi köçkün deyib ki, taksi fəaliyyəti ilə məşğul olur: "Hansısa başqa bir iş yoxdur ki, orada işləyib dolanışığımızı düzəldək. Çox yaxşı olardı ki, şəhərciyə yaxın yerlərdə iş yerləri açılsın. Yəqin ki, hökumət bu haqda düşünür, yaxın zamanlarda işsizlik məsələsi də aradan qalxacaq”. Niyazi deyir ki, ən ağır problem onun üçün öz ata-baba torpaqlarına qayıda bilməməkdi: "Torpaqlarımızın erməni işğalçılarından azad olunmasını istəyirik. Əsas problem budur. İnanırıq ki, ölkə rəhbərimizin siyasəti nəticəsində torpaqlarımız qayıdacaq. Yəqin ki, Müşfiqdəki bu şəhərcikdən birbaşa Xocalıya qayıdacağıq. Buna inanıram”.

"Daha tələbələrdən utanmıram”

Xocalıdan olan məcburi köçkün Mətanət Əzimova da şəhərciyin sakinlərindəndir. Deyir ki, əvvəllər 5 nəfərlik ailə üzvü ilə birlikdə yataqxanada 1 otaqda qalıblar: "Bir otaq həm qonaq, həm yataq otağımız sayılırdı, həm də mətbəx, dəhliz kimi işlədirdik. Çox çətin idi. 21 il idi zülmlə yaşayırdıq. Amma indi şükürlər olsun ki, 3 otaqlı ev veriblər. Çox rahatdır. Şəhərdən kənarda olsa da, adam burada özünü insan kimi, ailə kimi hiss edə bilir. Adam 1 otaqda qonaq qəbul etməyə də xəcalət çəkirdi. Qonaq gələndə bilmirdik onu necə qarşılayaq, necə yola salaq”.

M.Əzimova isti-soyuq sularının, qızdırıcı sistemin, elektrik enerjisinin yaxşı işlədiyini dedi. O dedi ki, yeni mənzilə köçən vaxt bir az narahat olublar: "Su kranı işləmirdi, su damırdı. Üst qonşunun hamamında problem olduğuna görə bizə su keçirdi. Amma nə problemimiz oldusa, "JEK”ə müraciət etdik, gəlib həmin dəqiqə öz hesablarına həll etdilər. İndi də problem olan kimi zəng edirik, gəlirlər. Bizə bu cür şərait yaratdığına görə hökumətimizdən razıyıq”.

73 yaşlı İsrafil dayı da ən böyük çatışmazlığın doğulduğu torpaqda yaşaya bilməməsinin olduğunu dedi: "İllərlə yataqxanada, darısqal evdə yaşadıq. Mən o yataqxana həyətindəki tələbə uşaqları görəndə utanırdım. Ona görə ki, onların rahat yaşaya biləcəyi yerdə biz yaşayırdıq. Bu yeni qəsəbəyə köçürülməyimizlə ilk növbədə o utanmaqdan canım qurtardı. İndi gözəl şəraitli, işıqlı, tam təmirli mənzil verilib, yaşayırıq. Burada elə də problemlər yoxdur. Ən böyük problem, torpaqlarımızın işğalda olmasıdır. Artıq ömrümü başa vurmaq üzrəyəm. Mənim indi arzuladığım, öləndə ata-anamın, baba-nənəmin yanında dəfn olunmaqdır. Bu arzu ilə yaşayıram. İnanıram ki, gənc prezidentimizin fəaliyyəti nəticəsində Cəbrayıl işğaldan azad olunacaq, oraya qayıdacağıq. İndiki şəraitə görə ölkə rəhbərliyinə bir ağsaqqal kimi minnətdaram. Buradakı insanların hamısı düşünür ki, torpaqlarımız qayıdacaq, bu cür mənzillər, gözəl şərait orada da qurulacaq”. İsrafil kişinin həyat yoldaşı Səmiyyə Quliyeva isə deyib ki, mənzil baxımından problem yaşamasalar da, müəyyən çatışmazlıqlar mövcuddur. Əsas çətinlik marşrutla bağlıdır. Paytaxtın mərkəzinə getmək üçün saatlarla avtobus gözləməli oluruq. Uşaqlarımızın işi şəhərin mərkəzində olduğuna görə, hər gün gedib-gəlmələrində problem yaşanır. Burada məskunlaşan məcburi köçkünlər çoxdur. Aidiyyəti qurumlardan xahiş edirik ki, buraya gələn marşrutların sayını çoxaltsınlar. Bir də uşaqlarımızın işsizlik problemi var. Onun da həllini tapacağına inanırıq. Cənab prezidentimizin bizə qayğısından, diqqətindən razıyıq”.

Anar Bayramoğlu

Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirdiyi müsabiqəyə təqdim edilir