Yaxşılıq ölməyib - Toliklə Zaur gənc qızın əzablı həyatını qurtardı
Müqəddəs dinimiz təkcə ayrı-ayrı fərdlərin deyil, ümumilikdə cəmiyyətin islah olunmasına, onun düz yolu seçib saflaşmasına xüsusi önəm verir. Cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan yetimlərə, kimsəsizlərə, kasıblara, ahıllara, əlillərə və digər sosial qruplara yardım etməyin vacibliyini vurğulayan dinimiz, bütün insanları bu xeyir əməldə həmrəyliyə səsləyir.
Cəmiyyətdəki fərdlərin maddi-mənəvi durumu eyni deyil. Bu müxtəlifliyin təbii nəticəsi olaraq, cəmiyyətdə hər zaman himayəyə, qayğıya, dəstəyə və xüsusi nəvazişə möhtac insanlar var. İmkansızlıqdan əziyyət çəkən, yoxsulluq üzündən xoşbəxtliyini və rahatlığını itirmiş, yaxud yaşlılıq və əlillik kimi səbəblərdən işləməyə gücü olmayan miskin insanlara cəmiyyətdə yardım edilməli, qayğı göstərilməlidir.
Hikmət sahibləri "Hər kəs əkdiyini biçər, əməllərinin qarşılığını görər” demişlər. Yaxşılıq edən yaxşılıq, pislik edən də pislik tapar. Ədalətin qanunu budur. Artıq yaxşılıq istəyən yaxşılıq etsin, pislik istəyən pislik.
Cənabi Haqq ədalətlidir, qullarına zülm etməz, kim bu dünyada yaxşılıq adında bir iş görsə, yaxşılığı itməz, günahlar da unudulmaz. Hakim olan Allah ölməz. O halda bildiyini et. Necə davransan, elə də rəftar görərsən”.
Ey müsəlmanlar, gəlin yardıma ehtiyacı olanlara əl tutaq. Atdığımız hər addımı əvvəl Allahımız və peyğəmbərimiz, dinimiz, axirətimiz, dünyamız, ailəmiz üçün, sonra da özümüz üçün ataq. Allahın verdiyi nemətləri Allah yolunda xərcləyək.
Yoxsula, kimsəsizə, əlillərə, nəvazişlə yaxınlaşaq. Yardıma möhtac insanlara yardım etmək hər birimizin borcudur, onlara daim əl uzadaq.
İnsan yaxşılığı edərkən ilk əvvəl buna həqiqətən ehtiyacı olana dəstək olmaq məqsədi daşımalı, sonra bununla öz könül dünyasına rahatlıq verməklə əlini vicdanına qoyarkən bundan zövq almağı bacarmalıdır. Yaxşılıq edərkən təmənna güdmək, bunu göstəriş xatirinə nümayiş etdirmək isə xoş hal deyil. Bir də tanımadığın insanlara yaxşılıq etmək hər insana xas xüsusiyyət deyil.
Bəzən tanınmışlar evləri, imkanları, bahalı, dəbdəbəli həyat tərzləri ilə özlərini göstərir. Yaxşılıq deyəndə, "birinə dəstək ol” deyə müraciət olunanda isə az qala dilənçi vəziyyətinə düşərək "ağlamaq”dan çəkinmir. Bunun isə bir çox əyani sübutlarının hər birimiz şahidi olmuşuq. Bir də tanınmışlar, sənət aləmində, ictimai həyatımızda nüfuzu olanlar arasında elələri də var ki, həqiqətən yardımsevərdilər. Onlar xeyriyyə işlərindən, imkansızlara, xəstələrə, ehtiyacı olanlara kömək göstərməkdən çəkinmirlər, bunu göstəriş xatirinə etmirlər.
Bu yaxınlarda tanınmış prodüser Tolikin bir gənc xanıma - Aysu Şirinovaya dəstəyi də kifayət qədər diqqət çəkdi. Öz şəxsi instaqram səhifəsində şəxsən tanımadığı bir gənc qızın görüntülərini paylaşaraq onun üçün kömək istədi. Müraciət təsirsiz də ötüşmədi. Tolikin gənc qızın taleyinə laqeyd qalmaması, ona yardım etmək istəyini dəstəkləyənlər qısa müddətdə onun əməliyyatına lazım olan yardımı göstərdilər. Əməliyyat üçün Aysuya 20 min manat vəsait lazım olub. Məhz Tolikin şəxsi səhifəsində müraciətinə ATV telekanalı, tanınmış aparıcı Zaur Baxşəliyev də laqeyd qalmadı. Zaur Baxşəliyev əməliyyata ehtiyacı olan Aysu qızımızla şəxsən görüşdü, efirdə onun əməliyyatına, müalicəsinə lazımi yardım göstərmək üçün şərait yaradıldı.
Bəzən boş sözlərlə, pafoslu yaxşılıq göstəriləri ilə özlərini xeyirxah göstərənlərdən fərqli olaraq isə prodüser Tolik də, bəzi pafoslu aparıcılardan fərqli olaraq efirdə şəxsiyyətinə dəyər verən və insaniyyətini qoruyan Zaur Baxşəliyev də bir gənc qızın həyatını qurtarmaqla bir daha "insanlıq ölməyib” fikrini təsdiqləməyə imkan yaratdı. Yaxşılıq təkcə maddi köməklə də ölçülmür. Bəzən bir yetimin başına tumar çəkmək, ehtiyacı olana bir sözlə təsəlli vermək belə xeyirxah əməl sayılır.
Yetər ki, qəlbində insanlıq olsun. Bəziləri boş danışaraq, reytinq xatirinə ehtiyacı olanları ağladarkən, adlarını çəkdiyimiz dostlarımız səs-küy yaratmadan xeyirxah əməlin vasitəçiliyini etmiş oldular. Günlərdi sosial şəbəkələrdə Tolik və Zaur Baxşəliyevin gənc qıza dəstəyi müzakirə olunur. Bu addımı dəstəkləyənlər, bu addımdan nəticə çıxaranlar fikirlərini paylaşırlar. Biz də bu xeyirxah əmələ laqeyd qalmaq istəmədik. Bizim cəmiyyətdə əgər belə xeyirxah insanlar, yardımsevər vətənpərvərlər varsa, niyə onlar barədə danışmayaq?
Bir pisliyi dərhal ictimailəşdirib o barədə müzakirələr ediriksə, bir xeyirxah əməli də işıqlandırmaq, onu təbliğ etmək vacibdi. Ən azı bundan nəticə çıxarmağı bacaranlara bir örnək olsun deyə bunları demək, bunlardan danışmaq onların əməlini dəyərləndirmək üçün sadəcə bir az paxıl olmamaq lazımdı. Ürəkli olub yardımsevərlərə, yaxşılıq etməkdən zövq alanlara, insanlığını itirməyənlərə, ehtiyacı olanlara kömək edənlərin yanında olaq ki, Allah da bizim yanımızda olsun.
Tahirə Məmmədqızı